Kiçik evdən yox, böyük eldən getmişdi

Hekayə kimi əhvalat

 

Axşamdan gözümə yuxu getmirdi. Teymurun dünyasını dəyişməsinin dördüncü ildönümü idi. Anım gününə gedəcəkdim. Dan yeri sökülməmiş yola düşdüm. Aypara şəkilli Ay da səmadan mənə yoldaşlıq edirdi. Sanki xeyir-duasını verirdi mənə.

Qaranlıq olsa da, “Lahıc”  avtobusu yola düşürdü. Çoxdan idi ki, avtobusa minmirdim. Xəyalım məni səksənbeşinci illərə apardı. Atamın məni Sumqayıta apardığı vaxtları xatırladım. Avtobusda az oturaq yer vardı. Oturanlar mürgüləyir, ayaq üstə duranlar ləngər verib biri-birinə dəyirdilər. Mən də birtəhər əlimə yer tapıb avtobusun döşəməsindən tavanına olan dəmir dirəkdən tutdum. Sözün düzü əlim başım üstündəki tutacağa çatmırdı…

Hey əlləşdim, cəhdim boşa çıxdı, əlim tutacağa çatmadı ki, çatmadı. Uzun adamlara həmişə niyə  qibtə etdiyimi indi tam anladım. Avtobus yola düşmüşdü. Yanvar ayı olmasına baxmayaraq, yerdən toz qopurdu. Lahıcın dolambac  yollarını, sanki indicə aşacaq kimi hiss olunan dağlarını gördükcə, içimdəki  qorxu güclənirdi. Nədir sirrin, a dağlar? Nədən belə sehirlisən, qıfıllanmısan sanki? – deyib dağlarla danışa-danışa Lahıca gedirdim… Həmişə olduğu kimi, ürəyimdə fikirləşib beynimdə yazırdım. Bir yandan da dörd il bundan öncə üçrəngli bayrağa bükülüb gələn rəhmətlik Teymuru düşünürdüm. Onun hərbi xitmətdən necə dönməsi, şəhid ayı kimi tanıdığımız yanvarda ölümünün bir alın yazısı olması, yazılarımda bir daha öz əksini tapırdı.

Avtobusda çoxunun yatdığından demək olar ki, sakitlik idi. Sükutu arabir yaşlı kişinin xroniki, davamlı öskürəyi pozurdu. Saat doqquza qalmış mənzil başına çatdım. Avtobusdan düşüb, Teymurun adın daşıyan küçəyə üz tutdum. Səhərin xoş havası, dağların əzəməti mənim üçün ilhama çevrilirdi sanki. İrəli addımladıqca Lahıcın daş döşəməli, dar küçələri könlümü oxşayırdı. Xəyalən o qərara gəldim ki, buranın insanlarının savadlı, gözəl olmasınının sirri elə səhərin bu xoş havasındanmış.

Lahıcla Ərəgit birləşdirən dar  küçə  məni bu kimi xəyallarla Teymurun böyüyüb boya-başa çatdığı  evə aparırdı. Qapıda Dilarə xanım –  nakam əsgərin anası və atası məni gözləyirdilər. Qapı önündə  Teymurun yenicə təzələnmiş şəklini görüb çox sevindim. İçəri keçdik. Bu balaca evdə böyük bir vətənpərvərlik gördüm. Ana kiçik, sadə bir otağın divarlarını balası üçün böyük ürəklə bəzəmişdi. Divarlardan şəkilləri asıb bir guşə düzəldmişdi…

Əvvəllər, “Mən sizdən doymadım” yazını yazarkən bu ailəni tanımırdım. Üç şəkillə ərsəyə gətirmişdim, “İsmayıllı xəbərləri” qəzetində çap olunan  həmin məqaləni nə yaxşı ki, yazdığımı, nə yaxşı ki, bu gün bu insanları tanıdığımı düşündüm; Məqaləm çıxan qezet səhifəsini də böyütdürüb  divardan asmışdı ana. Onları təkrar oxuduqca:  Bunları mən yazmışammı? –  deyə düşünürdüm. Sanki orada olub, oraları görmüşdüm. Xəyalən yazılan bu yazı necə də gerçək idi. Ya Rəbb!

Həmin məkanın şairə qızı Gülxar Cəbiqızı, yaxınlar və qonşularla birgə Teymurun məzarını ziyarət etdik. Sağ olsun Lahıcın mədəniyyət işçiləri, dəstək olduqları üçün. Mənim ilk diqqətimi çəkən yanaşı olan məzar daşlarına  yazılan müqəddəs şəhid sözü oldu. And olsun onların hər birinin Azərbaycanın suverenliyi uğrunda illərdi qurban gedən o müqəddəs ruhlarına ki, hər biri vətən sevgisinin qurbanı olub. Teymur da 1992-1994-cü illərin şəhidləri sıralarında dəfn olunub. Teymur həmin şəhidlərin  adına olan siniflərdə dərs almışdı. Onların adına hazırlanmış guşələrdən ruhlanan bir şagird olmaqla yanaşı, bu gün o məzarlıqda onlarla yanaşı uyuyur. O, kiçik bir evdən yox, bu böyük eldən getmişdi. Nədənsə… Qisməti bu imiş…
Elə bu düşüncələrlə qəbiristanlıqdan aralandım. Mənim üçün hər zaman müqəddəs olan şəhidlərə görə göz yaşlarımı saxlaya bilmədim. Baxmayaraq ki, onlar otuz bir il bundan öncə şəhid olmuşlardır…

Haqqında düşünməsəm belə, birdən gözümün önünə otuz bir il əvvəl Qarabağ döyüşlərində ağır yaralanan qazi ömür-gün yoldaşım gəldi. Allahın izniylə hər kəs göstərdiyi xidmətə, sevgiyə görə haqq-ədalətin gücü, Allahın köməkliyi ilə öz mükafatını alacağına inanıram.
Zərifə Səmədova

 

Şərh Yaz