HƏFTƏSO HARAYI

HƏFTƏSO HARAYIQASIM MƏMMƏDOV

HƏFTƏSO HARAYI

KƏNDİMİZİN KEГ‡MİŞİNDƏN

Əziz həftəsolular – həmvətənlərim, həmkəndlilərim, qohumlarım, uşaqlıq və gənclik dostlarım, dəyərli ağsaqqallarımız və ağbirçəklərimiz, nəhayət, gələcəyimiz olan uşaqlar, yeniyetmələr və gənclər, Sizə müraciət edirəm.
Yəqin bilirsiniz ki, Həftəso bu dağlar qoynunda Lahıc qəsəbəsindən sonra ən böyük yaşayış məntəqəsi olub. Kəndimizin tarixi ilə bağlı çox şeylər yaşlı nəslin yaddaşında qalıb. Lakin o yaşlı nəsil dediyimiz ağsaqqal və ağbirçəklər də tükəndikdən sonra, Həftəso haqqında bilgilər yaddaşlardan silinmək üzrədir. Harada yaşamağından və çalışmağından asılı olmayaraq hər bir insan öz kökünü xatırlayıb yadda saxlamalıdır. Keçmişini, kökünü, ata-babasının tarixini unudanların özləri də unudulmağa məhkumdur. Г‡ünki insan öz ulularına və ulularının yaddaşına söykənib irəli gedə bilər. Əks halda köksüz ağaclar kimi quruyub heç olar. Əsli-kökü və kimliyi unudulub gedər. Buna görə də kəndimizin tarixilə bağlı bəzi məqamları indiki nəslə – gənclərə və yeniyetmələrə çatdırmaq istəyirəm.
İndi söyləyəcəklərimi vaxtilə Siz yaşda olanda kəndimizin qocalarından eşitdiklərimdir. O deyilənləri mən və başqa yaşıdlarımız unutmadığımız kimi, Siz də yadda saxlamağa, özünüzdən sonrakı nəslə ötürməyə borclusunuz.
Hazırda gördüyünüz 5-10 evdən ibarət olan Həftəso əvvəllər necə olub? Bilmək istərsinizmi? Həftəsonun rayonumuzdakı bütün dağ kəndlərindən fərqli bir özəlliyi olub. Bu özəllik isə ondan ibarətdir ki, kəndimiz lap başlanğıcdan qayda-qanunla salınmış yaşayış məntəqəsi olub. Heç nəyi yaddan çıxarmayıblar. Evlər küçələr boyu tikilib.
Vaxtilə kəndimiz 4 hissədən ibarət olub. Birincisi Ağılgəh adlanıb ki, bu məhəllədə maldarlar, qoyunçular yaşayıb. İkinci hissə Gülkənə adlanıb ki, bura da əkinçilər, taxılçılar məhəlləsi olub. Kəndin ortasındakı baş küçə tacirlər və sənətkarlar məhəlləsi olub. Dördüncü hissə Canı Bulağı adlanır. Bu məhəllədə əsasən bağ-bostanla məşğul olanlar yaşayıb.
Tacirlər məhəlləsindəki baş küçənin bir hissəsi indi də durur –“ Həftəsoya bu gün də yolu düşənlər görüblər, şahiddirlər. Bu küçənin hər iki tərəfində iri lay qapıları olan dükanlar olub. İndi mismarla bərkidilmiş bu lay qapıların arxasında vaxtilə qızğın ticarət gedirdi. Ətraf kəndlərin hamısından buraya alverə gələrdilər. Kəndin miqyasını təsəvvür etmək üçün ən yaxşı göstəricini yadınıza salım – bir gündə Həftəsonun qəssab dükanlarında 10 qoyun, 4 baş qaramal kəsilib satılırmış. Bu da hələ hamıya çatmırmış.
20-ci ilə kimi 12 tacir dükanı olub bu məhəllədə. Hacı Səlimin, Məşəd Üsüfün, Kəblə Heydərin, Qurbanəlinin, Xanməmmədin, Molla Cahanbaxışın dükanları olan binalar indi də sağ-salamatdır, rəfləri də olduğu kimi durur. İri lay qapıları da əvvəlki kimi yerindədir. Bunlardan başqa, Yesağın, Məşəd Əlinin, Məşəd Şəkərin, Kəblə Eyvazın, Məşəd Şərifin dükanları da vardı ki, sonradan uçub dağıldı.
Burada palaz, şal-parça toxuyanlar, şərbaflar, dabbaqlar, dulusçular, çömçə-qaşıq qayıranlar, dəmirçilər vardı. Əvvəllər kəsilən mal-qaranın dərisini Lahıc dabbaqlarına göndərən həftəsolular, sonralar bu işlə də özləri məşğul olublar. Fətullahgilin babaları dabbaqlıqla məşğul olublar. Aşılanmış dəriləri Həftəsolu tacirlər birbaşa uzaq bazarlara çıxarıblar.
Məşəd Əşrəfgil nəsilliklə dulusçu olublar. Axır vaxtlarda Lahıcda və başqa kəndlərdə dulusçuluqla məşğul olanlar olmadığından, onun hazırladığı nehrə və küplərin hamısı elə bu kəndlərdə satışa gedirdi. Məşəd Əşrəf 1954-cü ilədək yaşayıb, ancaq ölənəcən kolxoza girməyib. O vaxtı adamlar kolxoza girəndə gərək atdan, öküzdən bir heyvan verəydilər. Məşəd Əşrəf deyib ki, mənim kolxoza veriləsi bir şeyim yoxdu, palçıq qabıyla dəzgahdan başqa, onlar da ki, özümə lazımdı. Sonra onu kolxoza girməyə heç məcbur da eləməyiblər.
İndiki uşaqların bəziləri bəlkə də heç bilmirlər ki, vaxtilə Həftəsoda 4 kanalizasiya-kürəbənd xətti olub –“ hər məhəllədə biri. Məhəllələrdəki evlərin hamısı bu kanalizasiya xətlərinə birləşdirilib. Kəndin yuxarı hissəsindən tutmuş, ətəyinəcən bütün evlərin su yolları qoşulub ora. Evləri tikəndə bunu nəzərə alıblar. Kənddəki evlər elədir ki, neçə otaq varsa, hər otağın özündə çimmək üçün balaca hamam kimi yer var. Bu balaca hamam küncdə – barının içində elə yerləşdirilirdi ki, otağın sahəsini daraltmırdı. Qabağından xalçanı asanda heç bilməzdin ki, burada nə var. Hər bir otaqda olan bu hamamların adına “övərah” (su yolu) deyirlər. İndi də kənddəki bütün evlərin hər bir otağında “övərah” var. 30-cu illərdən sonra kənddə tək bircə ev (Nəcəf əminin evi) tikilib ki, ona su yolu qoyulmayıb.
Kürəbəndi açıb yoxlamaq üçün ayrıca yerlər var. Əvvəllər hər xəttə bir nəfər nəzarət edirdi. Ona görə də kanalizasiya heç vaxt tutulmayıb. Kəndin yaşayış olan hissəsində indi də o xətt işləyir. Kürəbəndin nə genişlikdə olduğunu təsəvvür etmək üçün bir əhvalatı xatırlayaq. Söyləyirlər ki, bir vaxt şuluq uşaqlar kəndin ortasında Əlirza babanın Basar adlı itini qovub salırlar ora. Düz hamamın yanından gedib çıxıbmış. Bu məsafə 300 metrdən çox olar. Elə bundan aydın olur ki, kürəbəndin eni, hündürlüyü nə qədər olub.
Vaxtilə təkcə kəndin Ağılgəh adlanan hissəsində 60 ev olub. Onlardan indi üçü qalıb. Seyfulla kişinin 40 otaqlı evi olub orada. İndi xarabalıqları qalır. “Г‡ilçiraq” deyiblər adına. Köhnə kişilər Molla İbrahimin dilindən söyləyirdilər ki, orada 40 otağın hərəsində bir çıraq yanırmış, “Г‡ilçiraq”, yəni “Qırxçıraq” adı ordan qalıb. Başqa kəndlərin heç birində təsadüf edilməyən üçmərtəbəli evlər olub bu kənddə. Məşəd Üsüfün üçmərtəbəli evi son vaxtlara kimi dururdu.
Həftəso hamamının tayı-bərabəri olmayıb heç bir kənddə. Hamam yerin altında tikilib ki, istiliyi yaxşı saxlasın. Üstündə ağac işlənməyib, eyni ölçülü xırda doğrama daşlarla tikilib –“ tağ şəklində. Hamamın tavanını tağ şəklində tikiblər ki, çimənlərin üstünə soyuq tər damcıları düşməsin. Hamamın içində duşxanalar da olub. Hovuzdan isti və soyuq suyun gəlməsi üçün paslanmayan metaldan boruları vardı. Г‡oxdan dünyasını dəyişmiş ağsaqqallarımız bu hamamda çimdiklərini xatırladıqlarını söyləyirdilər. Hamamın sonuncu sahibi rəhmətlik Yesaq olub.
20-ci illərdə dəyirmanları da, hamamı da, dükanları da sahiblərindən aldılar, qaldı sahibsiz, ona görə də hamısı uçub dağıldı. Ən babat qalanı elə hamamdı. Təkcə paltarsoyunan yer uçub. Suyu da Cəfər bulağından ginglə (saxsı borularla) gəlirdi. Həftəso hamamından söhbət düşəndə ağsaqqallar belə bir qəribə əhvalatı xatırlayıb söyləyirdilər. Rəhmətlik Məmmədtağı kişi gedir hamama. Görür ki, krantdan su gəlmir. Gülxanda (hovuzda) su az olub deyəsən. İstəyib ki, əyilib isti su götürsün, qabla birlikdə yıxılıb isti su hovuzuna. Yazıq kişi qaynar suda yanır.
Həftəso camaatının əsas məşğuliyyəti heyvandarlıq və taxılçılıq olub. Vaxtilə bu kəndin əkin sahələrində 1600-1800 ton taxıl yetişdirilib. Dəmyə taxıl əkinlərinin hektarından 8-10 sentner məhsul götürülərdi. Elə bununla hesablamaq olur ki, kəndin əkin sahələri 1600 hektardan çox olub. Bu məlumtları mən vaxtilə rəhmətlik Lətif kişidən götürmüşdüm. O, 30-cu illərdə kənd sovetinin katibi işlədiyindən bütün rəqəmləri sənədlərə əsasən söyləyirdi. Sovet dövründə də Həftəsonun əkin sahələrində bol məhsul yetişdirilib. Söyləyirlər ki, 1951-ci ildə kolxozda 1250 ton kartof yığılıb, hələ bir neçə hektar da qarın altında qalıb, çatdıra bilməyiblər.
Keçmişdə hər kəndin bu qədər geniş sahələri yox idi. Əslində, Həftəso Lahıc və başqa kəndlər üçün də taxıl anbarı sayılırdı. Bu tərəfdə Dəvədərəsinə, o tərəfdə Girdimançaya qədər Həftəsonun torpaqları olub. Г‡aydan o tayda da torpaqlarımız olub. Qaban Dağı ilə Qoydan arasında həftəsoluların at yaylağı olub. Həftəsolular öz torpaqlarının sərhədlərini yadda saxlamaq üçün şeir də qoşublar:
Axar-baxar,
Quzğuntəpə,
Lığ-lığ Nohur,
Ağ Qaya,
Meşəbaşı,
dön çaya.
Həftəso taxılının əsas alıcısı Lahıc olub. Əvvəlki ağsaqqalların söylədiklərinə görə, vaxtilə Lahıc varlıları Həftəsonun əkinçilərindən vergi alırmış. Sahələrin bir hissəsini özləri üçün əkdirirlərmiş. Ancaq Cəbrayılbəy çar ordusunun zabiti kimi 25 illik qulluğunu başa vurub qayıdanda bu işdə qayda yaradır. Tanınmış adam olub Cəbrayılbəy. Savadlı adam olub, çox şeydən baş çıxarırmış. Ondan sonra həftəsolular öz torpaqlarını minnətsiz əkib-becərirlərmiş.
Həftəsoluların özlərinə də çoxlu taxıl lazım olurdu. Vaxt olub ki, çox şeyin qiyməti burda buğda ilə ölçülüb. Bir yük yemiş gətirib, 4 yük buğda aparırlarmış. Həftəsonun özündə də əhali gur olub. 20-ci ilə kimi 380 ailə yaşayıb kənddə. Bu, 2000-dən çox adam edir. Brovdal da Həftəsodan köçüb, Varna da. 60 ev elə Ağbulağa köçüb gedib birdəfəyə. Bakıda, başqa şəhərlərdə də Həftəsodan getmiş yüzlərlə ailə yaşayır. Hələ bir dəfə 18-ci ildə Bakıdan çıxarıblar həftəsoluları – Mərdanın qoçu dəstəsinə görə. Həmin ildə qoçuların əl-ayağını yığışdırıblarmış Bakıdan. 24 saata çıxarıblar günahı olanı da olmayanı da. Təkcə Cənnət Kişiyə toxunmayıblar. Г‡ünki, o, böyük xozeyin olub. Malı-mülkü çox olub. Onun çoxotaqlı mülkü indi də Qaraşəhərdə durur. Sonradan hökumət alıb o evləri. Amma indi də həmin evdə həftəsolu ailələri yaşayır.
Hacı Səlim də böyük xozeyin olub. Həftəsodan Bakıya kim təzə gəlirmişsə, Hacı Səlim 100 manat borc verirmiş ona. Bir aya qədər həmin pulu qazana bildisə, qalıb işləyirdi. Yox, əgər fərasəti çatmırdısa qazanmağa, “bura sənin yerin deyil” deyib qaytarırdı geriyə.

SİZİ DEYİB GƏLMİŞƏM

Əlbəttə, mənim məqsədim heç də Həftəsonun tarixini yazmaq deyil. Buna güclü qələm lazımdır. Bəzi şeyləri yada salmaqda məqsədim odur ki, kəndinizi tanıyasınız. Onu unutmayasınız və unudulmağa da qoymayasınız. Öz kəndinizə qayıtsanız, heç də peşman olmazsınız. Kənd təsərrüfatı ilə məşğul olanlara indi hökumət də köməklik göstərir. Kənddə qalıb çalışanlardan biri (adını çəkmirəm) özünə geniş təsərrüfat qura bilib. Onun minik heyvanı, 10 baş qaramalı, 200 başa qədər qoyunu, 30 yeşikdən çox arı ailəsi var. Gəlsəniz icra hakimiyyətinin köməyi ilə hər biriniz buna nail ola bilərsiniz.
Bilirsiniz ki, hazırda Prezidentimizin köməyi və icra hakimiyyətinin başçısı olan həmyerlimiz Mirdaməd müəllimin səyi nəticəsində rayonun bütün yaşayış məntəqələrində böyük quruculuq və abadlıq işləri aparılır. Rayonun siması bir neçə il ərzində başdan-başa dəyişilmişdir. Respublika Prezidentinin göstərişi və köməyi ilə hazırda Şamaxıdan Lahıca yol çəkilişi sürətlə davam edir. Yaxın vaxtlarda Lahıca qaz da çəkiləcək. Ondan sonra növbə kəndlərə, o cümlədən, Həftəsoya da çatacaqdır. Girdimanın üstündən Həftəso tərəfə körpü tikilməsi də nəzərdə tutulur.
İndi müxtəlif şəhərlərdə yaşayan hər birinizin əlində işi, yanında ailəsi, evi-eşiyi var. Allah var eləsin. Demirəm ki, hamınız köçün gəlin kəndə. Amma kəndinizi unutmayın. Dünyanın o başından gəlib buralarda torpaq alıb, özlərinə “daça” –“ istirahət mülkü yaradırlar. Elə kəndimizdən də imkanı olanların dəniz qırağında, başqa yerlərdə istirahət evləri var. Sözüm odur, imkanlarınızdan istifadə edib, babalarınızın kənddəki evlərini təmir edib qaydaya salasınız. İldə bircə həftə gəlib burada yaşasanız, uşaqlarınız da həftəsolu olduqlarını bilərlər, həftəsolu kimi böyüyərlər. Hazırda kəndimizin məscidi də təmir olunub, ətrafı hasarlanıb. Tək-tək gəlib ata yurdunu abadlaşdıranlar var. Allah işlərini avand eləsin. Hamınız gəlin, evlərinizi abadlaşdırın, ay imkanlılar, kəndimizi yoxa çıxmağa qoymayın. 50 nəfərdən çox həftəsolu tanıyıram ki, kənddəki evlərini bərpa edib qaydaya salmağı gücləri çatar. Şəkillərini gördüyünüz dağılmış evlər haray çəkir. Sizi arzulayır, Sizi gözləyir. Bənövşələr, şümşad gülləri, kəkotu, sərin bulaqlarımız, allı-güllü yaylaqlarımız kimsəsizlikdən haray çəkir –“ bu, Həftəso harayıdır! Yurdun gözünü yolda qoymayın!..
Yolunuzu gözləyirik!..

Redaksiyadan: Yazını oxuyub şəkillərə baxdıqca, “Həvtəso harayı”nın rayonumuzdakı neçə-neçə kəndi bürüdüyünü düşünüb köks ötürməli olursan. Bir də düşünürsən ki, hər səhər yuxudan durub kəndin yazılı kitabını vərəq-vərəq qoparıb aparan, yerində xarabalıqlar saxlayan tarix, ulularımızın, ata-babalarımızın ruhları bu laqeydliyi, bu biganəliyi bizə bağışlayacaqmı?!
HƏFTƏSO HARAYI
HƏFTƏSO HARAYI
HƏFTƏSO HARAYI
HƏFTƏSO HARAYI
HƏFTƏSO HARAYI
HƏFTƏSO HARAYI
HƏFTƏSO HARAYI
HƏFTƏSO HARAYI
HƏFTƏSO HARAYI
HƏFTƏSO HARAYI
HƏFTƏSO HARAYI
HƏFTƏSO HARAYI
HƏFTƏSO HARAYI

1 thought on “HƏFTƏSO HARAYI

  1. Sagol BABA bu yazı üçün Çox yaşa sənin vəzifən bu məlumatları gənc nəsilə catdırmaqdı ki bunu layiqincə etdin bizimdə vəzifəmiz öz doğma kəndimizin tarixini öyrənib öz balalarımıza ötürəkdir ki bizlərdə bunuda layiqincə yerinə yetirəcəyik. Mən düşünürəmki əziz babam sən öz mənəvi və vəzifə borcunu layiqincə yerinə yetirdin bu məqalə ilə və onu dedinki gəldiyimiz torpaqların tarixini,keçmişini unudmayaq

Şərh Yaz