Rəfiqə SADIQOVA

 

                       

TƏNHALIQ QORXUSU

İnsan övladının həmişə ünsiyyətə ehtiyacı var. Bölüşməsən, sevincin çoxalmaz, kədərin yarıya bölünməz. Hər kəsin bir can yoldaşına, dosta ehtiyacı olur. Həyat gözəldir, yaşam ruhun varlığının təminatıdır. Tənhalıq isə… tənhalıq insanın içində yaranır. Nə qədər ki, onu boğub saxlaya bilirsən, əsirindir. Elə ki, sərbəstlik verdin, məhkuma çevrilirsən. Tənhalıq elə bir hissdir ki, insanı sanki dibsiz bir quyuya yuvarlayır. Quyunun lap dibindən gözə güclə görünəcək işıq zərrəciklərinə həsrətlə baxırsan. Çünki o işıq zərrəcikləri kiçik olsalar da, tənha deyillər, kom halındadırlar. Əgər tənhalıq səni xırpalayıb yıxmayıbsa, varlığını talan etməyibsə, elə o quyunun dibində də özünə bir yol, çarə axtaracaqsan. Bu, tənhalıqdan qurtarmağın yoludur.

Tənhalıq insanı laqeydləşdirir, biganələşdirir, sevincinə qənim olur, kədəri kirayənişin saxlayır. Vay o gündən ki, kirayənişin sənin can evinə yiyələnmək həvəsinə düşə. Bax o zaman dünyanın sonu yaxınlaşır, demək.

Tənhalığın ən dəhşətlisi insanlar arasındakı tənhalıqdır. Bu zaman yaxınlar unudulur, doğmalardan necə uzaq düşdüyünü acı-acı hiss edirsən. Sənə elə gəlir ki, başa düşülmürsən, sevilmirsən. Amma içində dərin bir boşluq yaradan tənhalıq hissindən narazı qalmırsan. Sanki bir əzana çevrilən bu qorxunc hissə sığınmağı nicat sayırsan. Onun ağuşunu rahat bildiyin üçün qopa bilmirsən. Başqa bir həyatın, bir zamanlar yaşadığın, zövq aldığın nələrinsə olduğunu xatırlamaq zor olur. Hərdən düşünürsən ki, insanlar səni anlamır, başa düşmək istəmirlər. Ötənləri kədərlə xatırlayıb: “Allah, bir zamanlar nə xoşbəxt imişəm” – deyib xəyallara dalsan da, real həyata bağlı olan buxovlara – çarəsizliyə, ətalətə, içərindən gizlənib səni səndən alan vərdişlərdən ayrılmağın mümkünsüzlüyünə şübhə ilə yanaşırsan. Hərdən, görəsən, insanlar niyə və nəyə gülürlər? – deyib onlara qərib nəzərlərlə baxırsan. Bir zamanlar özünün də ürəkdən güldüyün anları xatırlamırsan belə. Ya da ki xatırlamaq istəmirsən.

Tənhalıq bir evin dörd divarı ilə məhdudlaşır. Lap elə dünyanın özünü dar görməkdir, tənhalıq. Özün üçün yaratdığın bu dar dünyanın başqaları üçün gen olması inandırıcı görünmədiyi kimi, həmin dar olanın sərhədlərini genişləndirmək ağlına belə gəlmir.

Tənhalıq tək insanlara, canlılara aid deyil. Yayın isti günlərində qollu-budaqlı ağacların ətəyi qələbəlik olur. İnsanların tövşüyünü alan, nəfəsini genidən, can rahatlığı vəd edən bu yaşıl kölgəli ağacların tənhalığı da, sən demə, yaman olurmuş. Bunu indiyə kimi müşahidə etməməyim özümə də qəribə gəldi.

Payız gələndə ağacların kölgəsi heç kəsi özünə cəlb etmir. Yaşıllığı talan olan, yarpaqları saralıb-solan ağaclar, bəlkə, qüssədən, böyük ehtimalla tənhalıqdan qorxduqları üçün yarpaqlarını isti havada kölgə saldığı yerə xalça kimi sərir və gözləyirlər. Gözünüzün qabağına gətirə bilirsinizmi bu mənzərəni? Süfrəsini açıb Allah qonağı gözləyən ağac son ümidini belə itirmir, itirmək istəmir. Bəs, görəsən, insanlar niyə özünə qapılır? Tənhalığa düçar olurlar? Həyatı sevmədikləri üçünmü, yoxsa ondan aldıqları zərbənin acısını unuda bilmədikləri üçünmü? Qəribə hikmətdir. Deyəsən, insanların hələ də öyrənməyə böyük ehtiyacları var. Hətta ağaclardan belə.

 

ƏHSƏN, “NO SMOKİNG”

 

Bu insanlara məəttəl qalmışam. Öz ana dilində olan gözəl-göyçək sözü qoyub əvəzində dilinə yovuşmayan, mənasını bilmədiyi sözləri az qala baş tacı edirlər. Bu nə işdir, bəlli deyil, çünki insan mürəkkəb məxluqdur və nəyə can atdığı hər zaman bilinmir.

Son zamanlar ingilis dilində olan kəlmələr gözəllik salonlarının, kafelərin, mağazaların, restoranların cəlbedici reklamına çevrilib. Sanki ana dilində yazılan kəlmələrdən utanırmışlar kimi, onu işlətməkdən çəkinirlər. Misal üçün, “ok”, “shopping” sözü elə bil ki, dədə-babalarımızın mirası kimi dilimizdən düşmür. Mənasını bilmədiyimiz, tələffüzündə çətinlik çəkdiyimiz bu sözləri söyləyərkən yanlışlığa yol verəndə lağa da qoyuluruq. Sanki dilimizi açandan elə bu sözləri öyrənmişik və həmin sözlərə xəyanət etmişik kimi görünməmək xatirinə özümüzü oda-közə vururuq. Bunu dəfələrlə söyləmişəm, dil bilmək insanın ən ali keyfiyyətidir. Neçə dil bilirsənsə, o qədər də qabiliyyətlisən. Lakin öz dilini bilməmək, onun incəliyinə varmamaq, ona sevə-sevə müraciət etməmək daha utancvericidir. Hələ iki dili qatıb-qarışdırıb, hər ikisini də kor qoymaqdan danışmıram. Əfsuslar olsun ki, bunu da mərifət sayanlar var.

“No smoking” sözü yazılmış lövhəyə çox yerdə rast gəlirik. Dünya kiçilir. Hər millətin nümayəndəsi istənilən vaxt ölkəmizə səyahət edə bilər. Odur ki, bu, turizm məkanlarında, böyük şəhər və qəsəbələrdə məqbuldur. Bir rayona yolum düşmüşdü. O qədər də gözəgəlimli olmayan kafedə ingilis dilində “no smoking” sözü yazılmış xeyli sayda bəzəkli lövhəcikləri görəndə təəccübləndim. Ürəyimdə düşündüm  ki, görəsən, ildə-ayda və ya nə vaxtsa buraya bir ingilis ayağı düşübmü ki, lövhəyə baxıb nəticə çıxarsın. Amma olan Əliyə, Vəliyə, Məmmədə… olub. Onlar bu məkanda siqaretin çəkilməməsinin qadağan olunduğunu oxuyub nəticə çıxarmalıdırlar. Bunun üçün isə mütləq ingilis dili kursuna yazılmaq lazım gəlir. Görəsən, buna pulları varmı? Axı kurslar pulludur!

 

İNTİZAR

 

İntizar çox üzücüdür. Elə var olandır ki, adamın özünün, sözünün, dözümünün istismarçısına çevrilir. Gözlədiyinin məsafəsi uzaq olanda günlərin tez ötməsinə tələsirsən. Elə ki, məqam yetişir və gözlədiyindən səs-soraq çıxmır dünənəcən sürətləndirmək istədiyin rəqəmləri, günləri durdurmağa can atırsan. Amma bunu nə dünən bacardın, nə də bu gün bacaracaqsan.

İntizar susuzluqdan yananın suyu görməsi, fəqət ona çata bilməməsi qədər çarəsizlikdir. Çünki bayaqdan yoxluğun dərdi vardısa, indi yanğıya, təşnəliyə bir həsrət də qarışır.

İntizar səbri imtahana çəkə bilən ən qəddar müəllimdir. Cavab düz olsa da, onun ürəyində tutduğu sözü söyləməsən qiymət ala bilməzsən. İntizar duyğuların, arzuların dar köynəyə salınmasıdır. Çünki nə onu daşıya, nə də içindən çıxa bilirsən. İntizar həyat həqiqətinin ilğıma dönmək üzrə olan bir məsafəsidir.  Bəlkə, başqa zaman olsa, o məsafəni lap gözüyumulu keçərsən. Lakin araya intizar girəndə həmin məsafə bir yarğana çevrilir və böyük bir sual işarəsi yaranır. Görəsən,.. Bu görəsənin içində arzuya yetişmək də var, onu birdəfəlik itirmək də. Bax bu, məsələnin ən çətinidir və sən yol ayrıcında qalırsan. Hansını seçməli?! Deyirəm, ən yaxşısı zaman adlı əlahəzrətin öhdəsinə buraxmaqdır. Çünki onun hökmü daha qüdrətlidir.

 

DÜNYA DƏYİŞİB, YOXSA DƏYİŞDİRİLİB?!

 

Bu sözü tez-tez eşidirik (bəzən isə bu fikri zəmanə dəyişib kimi də vurğulayırlar). Axı dünyanın nəyi dəyişib? Yenə də həftəsi 7 gün, ayı 30-31, ili 365, sutkası 24 saatdır. Hər şey yerindədir. Təkcə dünyanın humanistliyi başına bəla olub. Məsələn, insanlar yarımçılpaq gəzirdilər, geyindirdi. Əti çiy-çiy yeyirdilər, od tapmalarına yardımçı oldu. Döyüşə gedənlər əllərinə ox, yay götürürdülər, sonra səbirləri çatmayıb qılınca keçdilər, dinmədi. Dayandoldurum tüfənglər köməklərinə gəldi, susdu dünya. Sonra insanlar ən öldürücü silahlar istehsal etməyə başladılar. Dünya bu silah ehtirasını görüb susdu, çünki insanların əli artıq yetərincə qana bulaşmış, vəhşicəsinə öldürülənlərin üzərindən sərvət qazanmağa başlamışdılar.

Yaxşılığa yamanlıq deyib atalar. Müasir zavod və nəhəng sənaye müəssisələri ilə tərtəmiz havanı korladılar, dünyamız dözdü. Mənfəət üçün havanın, mühitin başına min oyun açdılar, dözdü. İndi isə dünyanın ərköyün balaları onu məhvərindən çıxarmaq üçün atom, ballistik raketlərlə oynamağa başlayıblar. Amma fikirləşmirlər ki, olan elə onların özünə olacaq. Yanıb kül olan, məhvərindən çıxan dünya kimə və nəyə gərəkdir?

Dünya güzəştə getdikcə insanların iştahası da artdı. Kim necə bacarırsa, ona ziyan vurmağa çalışdı. Dünya olanda nə olar ki, bəzən onun da səbri daşdı. Ahı vulkana dönüb püskürdü. Axan lava kilometrlərlə məsafəni yandırıb-yaxdı, külü göyə sovruldu. Ona qarşı ədalətsizliyi görüb bağrına basdığı aysberqlərə etinasızlıq göstərdi dünya. Onlar da yerindən tərpənib dünyaya meydan oxudu. Gəlirik ha, hər yeri suya qərq edəcəyik – deyib acıq verdilər. Bu xəbərdarlıq susuz qalan səhraları, Afrika ölkələrini sevindirsə də, sunamidən əziyyət çəkən Okeaniya ölkələrin canına vəlvələ saldı. Hələ deyirlər ki, fəsillər də dəyişəcək. Yəni onların arasındakı o sədd yıxılacaq. Hansı nə vaxt istəsə, köçünü irəli sürəcək. Hələ internetin gətirdiyi fəsadları demirəm.

İlk vaxtlar internet bizim ən yaxın yoldaşımız oldu. Uzaq məsafəni qısaltdı. Evimizin içində oturub dünyanın o başındakı əzizimizlə görüntülü danışmağa başladıq. Amma buna da bir əmma tapıldı. Əvvəl yutub, sonra tik-tok platformaları meydana gəldi. Onlara qarşı maraq artdı. Çox çəkmədi ki, yutub söyüş, böhtan, qərəz platformasına, tik-tok isə hərcayilərin yığıncağına çevrildi. Ədəb, qayda-qanun, dəyərlərimiz, bir sözlə, gözəl, özəl bildiyimiz nə varsa, bu platformaların  hücumuna məruz qaldı. Artıq abırlı bir mühitdə mən tik-toka baxıram deməyə çəkinirsən. Ağzının danışığını bilməyən, namusdan-qeyrətdən bixəbər olanlar bu platformaya bir gün ağladı ki, bismillah demədən səhifəni çevirmək olmur. Çünki səni hansı tərbiyə sahibinin sürprizinin gözlədiyini bilmirsən. Allah eləməmiş, hələ yanında adam varsa əgər. Demək onlara qazandıqları pul, sənə isə səhifə çevirməklə xəcalət çəkmək düşür. Yutub söyüş “qəhrəmanları” isə… Onlara deyil, komentlərdə tərif yağdıranlara məəttəl qalmışam. O sözləri necə dinləyirlər və sonra da həmin ədəbin sahibinə təriflər yağdırırlar. Əsl müəmmadır.

Bir sözlə, kim necə bacarır dünyamıza ziyan vurmağa çalışdı. Sonra isə yoruldular. İndi başqa məşğuliyyət axtarmağa başladılar. Özlərinə əl qatdılar. Burnum yekədir deyib kəsdirdilər. Dərinin altına yad cisimləri doldurdular, olmadı, keçdilər plastik əməliyyatlara. İndi təbii üz, sifət görmək mümkünsüzdür. Sanki hamıya eyni maska satıblar və hər kəs də onu daşımaq məcburiyyətindədir. İşin ən naqis tərəfi bu ənənəyə kişilərin də qoşulmasıdır. Heyrət! Botokslu kişi. Bundan əcaib söz eşitmisinizmi? Hələ geyimləri demirəm. Dünyanın irəlidə gedən moda yönəlticilərinin böyük əksəriyyəti orta cinsə aiddir. Buna onlarca misal çəkmək olar. Təbii ki, bu da nəticəsiz qala bilməzdi. Kişilər kimano geyinir, şortiki az qala rəsmiləşdirmək fikrinə düşüblər. Hələ allı-güllü koftaları demirəm. Onu belə bərbad günə qoyan insanlar, danlanan, yamanlanan isə dünyadır.

Dünya necə fırlanırdısa, eləcə də davam edir. Deyirlər, yüz acını bir şirinin xatirinə yeyərlər. Dünya da bir ovuc toxum üçün torpağa yüz dəfə əyilən, az qala təri ilə əkdiyini suvaran, belini dikəldəndə ağrıdan əziyyət çəkən, fəqət xeyirxah işini davam etdirib insanları məhsullarla təmin etmək üçün hər cür əziyyətə dözənlərin xatirinə fırlanır. Fırlanır ki, insan oğlu yazda əksin, yayda becərsin, payızda yığdığı məhsulları qışda nuşcanlıqla yesin.

Dünya dəyişməyib, onu dəyişməyə cəhd edən insanlardır. Aza qane olmayan, çıxdığı pillələri ardınca qıran, acgöz, sərvət düşkünü, sabahını düşünməyən insanlar. Yoxsa dünya yazıq neyləyir ki, necə fırlanırdısa, eləcə də davam edir. Dünyanı üzü danlaqlı edən onu “fırlayan” insanlardır. Təəssüf ki, belələrindən yaxa qurtarmağa nə dünyanı sevən insanların, nə də dünyanın özünün gücü çatır. Odur ki, dünya dəyişməyib, insanlar onu dəyişməyə cəhd edirlər. Gücləri çatacaqmı, yoxsa yox, bunu zaman göstərər. Bax yenə də zamanın boynuna yıxdıq.

 

OXUYUR VƏTƏN”

 

İnanmıram elə bir azərbaycanlı tapıla ki, AzTV-nin “Oxuyur Vətən” layihəsinə biganə qala bilsin. Yerlə-yeksan edilmiş, xarabalıqlara çevrilmiş Vətən torpağında, Qarabağda şaqraq mahnılar, zərb muğamları, klassik musiqi elə gözəl səslənir ki, özünü möcüzələr aləmində hiss edirsən. Daha möcüzənin qaşı-gözü olmur ki, 44 günə və daha sonra 23 saata 30 illik ədalətsizliyə son qoyuldu. “Doya bilmirəm” mahnısının üzərində xüsusi olaraq dayanmaq istəyirəm. Müğənni oxuyur, arxada isə dibi qıjıltı ilə axan çay, zirvəsi isə göz qaraldan qayalar görünür. Bu qayalar o qədər sərtdir ki, dağlara dırmaşan mahir idmançıların, alpinistlərin belə gözünü qorxuda bilər. Lakin torpaq, Şuşa adlı Azərbaycanın mədəniyyət incisinin gözü yolda idi. Nigaran, pərişan, üzgün bir vəziyyətdə Vətən övladlarını gözləyirdi: Müdriklər heç vaxt yanılmazlar. Azərbaycan tarixində silinməz izləri olan, adı tariximizə şərəflə yazılan insanlar, dahilər yetirmiş Şuşanı intizarda qoymaq olmazdı. Yüngül silahlarla o yalçın qayalara dırmanan oğullar yorulmadılar. Yuxarı dırmanandan sonra Cıdır düzünün havası onlara elə bir güc, qüvvət verdi ki, düşmənlə əlbəyaxa döyüşə atıldılar və qalib gəldilər. Elə bu döyüş və qələbə də müharibənin taleyində önəmli rol oynadı. Bu döyüş, bu qələbə hazırda dünyanın bir çox hərb məktəblərində öyrənilir. Qoy öyrənsinlər, onsuz da örnək olacaq çox şeylərimiz var.

Dağıdılmış, daş yığınına çevrilmiş xarabalığın üzərindən ucalan “Heyratı” nisgil deyil, iftixar saçır. Bu səsə, avaza həsrət qalan çölümüz, düzümüz, cır nar kolları, kol-kos da sevinir. Axı xislətində yağılıq, tamahkarlıq, qəddarlıq olan düşmən bir dənə də olsa uca ağac qoymayıb qalsın. Pula gedən nə varsa, daşıyıb aparıblar. Tamah güc gəlib qəbirləri eşələyiblər. Goreşənlər ölülərin də qənimi olublar. Mərmər daşları anladıq, o sümüklərdən nə istəyiblər görəsən? Qızıl dişmi?! Axı hər ölünün dişləri qızıl olmur. Amma tamah güc gələndə hər şey olurmuş.

Milli geyimlərdə oxunan mahnıların bir özgə büsatı var. Bu mahnılar həm də o yerlər üçün oxunan mahnılardır. İşğal altında qalan torpağın, dağın, qayanın, çölün-çəmənin könlünü almaq üçün oxunur bu gözəl nəğmələr. Bu musiqi həm də xoş, zərif, duyğulu bir dillə Vətənə verilən bir sədaqət andıdır. Şəhidlərimiz üçün həzin layladır. Onları unutmayacağımıza içdiyimiz and, verdiyimiz vəddir.

“Oxuyur Vətən”. Bu Vətənə, Azərbaycana qələbə, qüdrət, şöhrət yaraşır. Oxu, Vətən. Səsin insanlara, daşa, torpağa məlhəmdir.

 

BU NÖMRƏYƏ ZƏNG ÇATMIR

 

Əlində telefonu olan hər kəs bu sözləri dəfələrlə eşidib. Əvvəl telefonun açıq olmamasına əsəbləşmişik. Təkrarlananda nigaran qalmışıq, daha sonra həyəcan və təşviş başlayır.

Məişətimizə daxil olan texnologiya hər nə qədər işimizi yüngülləşdirsə də, yenə vaxt qıtlığından şikayətçiyik. Görəsən, göyərçinlərin, at arabalarının, maşınların məktub daşıdığı o illərdə insanlar niyə vaxtdan şikayət etmədən daha ünsiyyətcil olmağa can atırdılar. Çünki biri-birlərinə ən xoş arzularını, səmimi hisslərini ötürmək üçün əllərinə qələm alıb məktub yazanda doğmalarının sevinəcəyinə əmin idilər. Lap bu məktub həftələrdən, günlərdən sonra ünvanına yetişsə belə.

İndi çatdırılma, ismarıc göndərmək üçün bəlkə də saniyələr, dəqiqələr gərəkdir. Əvəzində isə insanların özlərinin arasında yaranan məsafə, sevgi məsafəsi çoxalıb. Hamı vaxtdan şikayət edir. Ünsiyyət üçün lazım olanı ertələyir. Əvəzində isə… o qədər gərəksiz işlər, bəhanələr var ki…

Ömür əbədi deyil. Düşünmürük ki, zəng etmək istədiyimiz adamın telefonuna bir gün zəng çatmaya bilər. İnadla həmin nömrəyə zəng çalsaq belə eyni ifadəni eşidəcəyik. Bax o zaman ürəyimizdəki peşmanlıq hissini kiritmək üçün heç bir bəhanəyə gərək qalmayacaq. Çünki çox gecikmiş olacağıq. Vaxtında bircə kəlmə xoş söz söyləməyə vaxt, imkan tapmadığımız insanı sonradan nə qədər ansaq da faydası olmayacaq. Gecikmək «bu nömrəyə zəng çatmır…» sözləri ilə ünvanlananda daşınması zor olan nisgilə çevrilir.

 

SEVİM, SEVMƏYİM

 

Ta qədimdən nar Şərqdə “meyvələrin şahı” sayılıb. Yaşadığı məkandan asılı olmayaraq nar ağacı «həyat ağacı» adlandırılıb. Bax elə bu yerdə fikrim tamamilə qarmaqarışıq olur…

İşğaldan sonrakı 30 ildə cənnət yurd yerlərimiz talan edilib dağıdıldı. Gözəl binalar, evlər, sosial və mədəniyyət obyektləri, bir sözlə, nə varsa hər şey daş yığınına çevrildi. Zəfərlə başa çatan 44 günlük müharibədən sonra həmin yerlərə ayaq basanlar öz evlərini tanımaq üçün bir nişanə belə tapa bilmədilər. Axı o yurd yerləri nəinki talan edilmiş, hətta daşı-torpağı belə yandırılmışdı. İnsanlıqdan kənar olanlar hər daşdan, ağacdan, ətrafda nə varsa hər şeydən qisas almışdı.

Müşahidələrim mənə bir şeyi yəqinləşdirdi. Cənnət Qarabağın bağ-bağatından, başı göylərə dəyən qoz, palıd ağaclarından, meyvə bağlarından əsər-əlamət qalmasa da, ətraf nar kolları ilə dolu idi. Bildiyimə görə həmin ərazilərdə bu qədər nar ağacı olmayıb. Doğrudur, hər həyətdə nar ağacı əkilib becərilib, amma bu qədər, kütləvi şəkildə olmayıb axı.

Yəqin siz də müşahidə etmisiniz. Gözəllikdən məhrum olan bu cır nar ağaclarının xarabalıqlarda göyərməsi, özündə güc tapıb boy atması hansı hikmətə bağlıdır görəsən? Sədaqətəmi, müqəddəs sözünə vəfasınamı, yoxsa Allah eləməmiş kimi xarabalığı sevməsinə görəmi?

Amma ürəyim deyir ki, nar ağacı düşmənə göz dağı kimi həmin xarabalıqlarda varlığını təsdiq etməyə çalışıb. Susuzluqdan zillət çəksə də, insan qulluğuna həsrət qalsa da torpağın həqiqi sahibləri gələnədək dözüb, qarsalanan torpağa həmdəm, həmdərd olub. Əlbəttə, özü bacardığı, duruş gətirdiyi qədər. Yuxarıdakı, sərlövhədə dediyim sözə qayıdıram. Sevməyim sözünün üstündən xətt çəkib deyirəm ki, dözümünə, sədaqətinə, bir zamanlar buranın yenidən cənnət məkan olacağına inandığın üçün minnətdaram sənə “cənnət ağacı”.

 

 

 

 

 

Şərh Yaz