“Dağ çiçəkləri”

Niyə qarşılaşdıq biz onda axı,

Taleyin gecikmiş oyunları var.

Bir daha gördük ki, ömrün yaz çağı

Taleyin tufanı, düşən qarı var.

 

Kim bilir, bəlkə də bu saat, bu gün

Ömür başa çatır, ömür yarıdır.

Biz yaranmışıqsa bir-birimizçün,

Niyə yollarımız ayrı-ayrıdır?

 

Belə sədlər çəkib yolunda durum,

Sən ki, öz yolundan dönən deyilsən.

Bir vaxt tale səni elə susdurub,

İndi ha yalvarsam, dinən deyilsən.

 

Bəlkə də bir daha heç görüşmədik,

Yamanca araya düşdü ayrılıq.

Ayrılaq, təzədən görüşək – dedik,

Dünya uçardımı ayrılmasaydıq?

 

Bu da bir qismətmiş bizə tuş oldu…

Önümüz – uçurum, arxamız – qaya.

Sənli günlərimiz dönüb quş oldu –

Uçür yorulmadan, uçur arxaya…

Maarif Soltan

 

Bu yazı məndən

 

Şükür İlahinin verdiyi vara,

Kənar saxlamadı bu yazı məndən.

Güman varmı ömür vardıqca, vara? –

Torpağa qoymadım bu yazı mən dən.

 

Mini şahid dura, görən göz ümdə,

Hüsnünün vurğunu könlüm, gözüm də.

Xəta, şikəstlik var bəlkə gözümdə? –

Saçında görürəm bu yazı mən dən.

 

Yardı Dağlaroğlu, çiçəyim, gülüm,

Gülməsə, ha güldür, çətin mən gülüm.

Gücüm buna çatir, qəbul et, gülüm,

Sənə yaz ənamı bu yazı məndən.

Şahməmməd Dağlaroğlu

 

Biləsən

 

Mən heç dəyişmədim, mən heç dönmədim,

Varam olduğumtək, sənəm, biləsən.

Əvvəlki atəşlə döyünür qəlbim,

Od alır içimdən sinəm, biləsən.

 

Yazıram, gələndə ilhamım, nəşəm,

Sazdan, sözdən ayrı yox işim, peşəm.

Mən əbədi yanan odam, atəşəm,

Mümkün deyil yanıb-sönəm, biləsən.

 

Adi adam sayma sıradan məni,

Seç, ayır, bacarsan, aradan məni.

Dəyişməz yaradıb Yaradan məni.

Mən elə əvvəlki mənəm, biləsən.  

Nazir Ziya Talıstanlı      

 

Dedi səadətin vurğunuyam mən

 

Açdı üzümüzə bağlı yolları,

Biçdi bu yollardan qara kolları.

Kəsdi yurdumuzdan qeylü-qalları,

Dedi s\adətin vurğunuyam mən!

 

Başı buludlara dəyən dağlara,

Baxdıqca nur verdi gözəl çağlara.

Düşməsin xəzana, sazağa, qara,

Dedi təbiətin vurğunuyam mən!

 

Ağ günlər istədi ömrü qaraya,

Bütöv arzuladı eşqi paraya.

O, məlhəm elədi neçə yaraya,

Dedi təbabətin vurğunuyam mən!

 

Yaxşılıq bəxş etdi kürreyi-ərzə,

Yer verdi həyatda yaxşıya, düzə.

Daim yollar açdı nəğməyə, sözə,

Dedi şeriyyətin vurğunuyam mən!

Mövlud Teymur

 

Dönməyib qaranquşlar

 

Dönməyib qaranquşlar,

Görünmürlər, çox azdır.

Qayıtsalar bilərik,

Daha bahardır, yazdır.

Oxunmur nəğmələri,

Al günəşli səhərdə.

Duyulmur nəfəsləri,

Nə kənddə, nə şəhərdə.

Görəsən qaranquşlar,

Nədən küsüblər, nədən?

Qəribə bir duyğudur,

Ürəyimi titrədən.

Boş qalıb yuvaları,

Eyvandakı tavanda.

Tərsə işləyir deyən,

Bu fəsillər, zaman da.

Görünmür qaranquşlar,

Yol-izləri itibmi?

Yoxsa iqlim dəyişib,

Yaz onlarçün bitibmi?

Bəlkə qeylü-qaldadır?

Qarışıbdır başları.

Yoxsa yoldan çıxarıb,

Onları çöl quşları.

Sınıbmı qanadları?

Düşübmü ləkələri?

Yoxsa kəsib yolunu,

Tanrının mələkləri?!

Birdən dönməzlər geri,

Eh, qərib sevgim kimi!

Bəlkə yanıb-qovrulub,

Onlar da mənim kimi!

Kol dibindən boylanan,

Novruzgülü, bənövşə.

Tələsir həsrət ilə,

Qaranquşla görüşə.

Qoy dönsün qaranquşlar,

Qayıtsınlar bahara.

Xoş həyat bəxş etsinlər,

Boş qalmış yuvalara!

Murad Məhərrəm

***

Dinləyirəm gecənin ürək döyüntüsünü,

Yuxum ac pişik kimi gözümü cırmaqlayır.

Sinəm buz qaranlığı basır göyüntüsünə,

Üşüyən kürəyimi həsrətin qucaqlayır.

 

Zülmətə çapıq salır buludların davası,

Mürgüləyən Alabaş kölgəsinə havlayır.

Qovub qorxularını yetim sərçə balası

Qısılıb qaranlığa, gecəni sabahlayır.

 

Oxuyur bayan bayquş, külək tutur ritmini,

Könlümü almaq üçün rəqs edir yarasalar.

Mən səndə unuduldum mində birisi kimi,

Səni məndə taparlar harada arasalar.

 

Bu gecə sənsizliyin tablosunu yaradıb,

Tutunmaqcun sabaha necə səbəb gətirir.

Dodaqlarım vusalı dodaqlarında dadıb,

Uçub sənə gəlməyə ruhum qanad bitirir.

 

Sual düşsə, “darıxmaq necədir?” -imtahana.

Qurban dediyin eşqə qurban olandan soruş.

Gəl, bu sevgi uğrunda sən “şəhid” ol, mən “Ana”.

Kim diridir, kim ölü soruş, anandan soruş.

Turac Hilal

 

Qayıdıb gələcəkmi…

 

Dönüb baxa bilmirəm,

Bu durna qatarına,

Qayıdıb gələcəkmi,

Növbəti baharına?

 

Bilmirəm bu nə sirdi,

Ruhum məndə əsirdi,

Ömrüm Arazdı, Kürdü,

Düşmüşəm axarına.

 

Oxudum cilid-cilid,

Göyərmədi bir ümid,

Pas bağlamış bu kilid,

Düşmədi açarına.

 

Çatmaz mənə hər atlı,

Dərdim mənə qanaddı,

Taleyim bir zər atdı,

Uduzdum qumarına.

 

…Yeknəsəq bir mənzərə…

Hey uçurum, hey dərə,

Üz çevirdim Xəzərə,

Dirəndim hasarına.

 

Bu dünyada mən  – qərib,

Mələklərə tən qərib,

Məni Tanrı göndərib,

Döndərib yazarına!..

 

Dönüb baxa bilmirəm,

Bu durna qatarına,

Qayıdıb gələcəkmi,

Növbəti baharına?..

Cəbrayıl Hüseyn

 

Soyuq ürəkləri isindir, Allah

 

Yaradan özünsən, görən özünsən,

Soyuq ürəkləri isindir, Allah.

Soyuqluq görəndə qəlbim üşüyür,

Daxilən qəlbimdə mən çəkirəm ah.

 

Soyuqluq qəlbimə uzaqdır, yaddır,

Şamın da yanmasın istəyirəm mən.

Nə ola, İlahi, bütün cahanda,

İnsanlar hər zaman şən olsunlar, şən.

 

Düşməsin qapqara telə bəyaz dən,

Heç kəs üzülməsin qəmdən, fikirdən.

Hər insan həyatın qursun ürəkdən,

Yanağa düşməsin göz yaşı qəmdən.

 

İsinsin hər kəsin qəlbi bahar tək,

Məhəbbətlə gülsün vuran hər ürək,

Sevgi yollarına düzülsün çiçək,

Hər insan yaşasın ömrün sevərək.

Xuraman Baxış

 

Hələ ki…

 

Eşq adında mətahı var könlümün,

Bitir vədə, sönüb bitmir hələ ki.

Çox mərama nizam qoyur gələn gün,

Bu sevdanı heç tərgitmir hələ ki.

 

Surətimdən periksə də yaraşıq,

Çilçıraqdır içimdəcə bu işıq.

Sanki hələ həsrət çəkir bir aşiq,

Vüsalı var, kama yetmir hələ ki.

 

Yaranışdan o ki ümman olubdur.

Duyğuları təlatümə salıbdır.

Fırtınası ötənlərdə qalıbdır,

Sahiliylə yola getmir hələ ki.

 

Nə səngiyir, nə mehrini haqlayır,

Küsdürürsən, uşaq kimi ağlayır.

Heç bilmirəm nəyə ümid bağlayır,

Qürurunu təslim etmir hələ ki.

 

Onsuz cismim boş olardı – boş qəfəs,

Min dadmışam, bir də dadım bir nəfəs!

Əsir edib aparsa da bu həvəs,

Məni üzmür, çox incitmir hələ ki.

Şahlar Hacıyev

 

Məhəbbət

 

Nə böyük məhəbbət, nə ülvi istək,

İki sevənlərin verdiyi ürək,

Hər birinin vüsalını kaş görək.

Bülbül gülün, gül bülbülün gərəyi,

Heç sönməsin sevənlərin istəyi.

 

Əgər gözlərində günəş yanırsa,

Hər yerdə yar deyib, yarı anırsa,

Eşqin bucağını cənnət sanırsa,

Bülbül gülün, gül bülbülün gərəyi.

Heç sönməsin sevənlərin istəyi…

 

Gözəl bilir kol dibini, qürbəti,

Xəzinədir, yar qucağı, sərvəti.

Yaxın qoymaz, iztirabı, həsrəti,

Bülbül gülün, gül bülbülün gərəyi.

Heç sönməsin sevənlərin istəyi…

 

Şirin olar gözdən gözə axmağı,

Qəhqəhəsi şimşək kimi çaxmağı.

Heç istəməz, eşq gölündən, çıxmağı,

Bülbül gülün, gül bülbülün gərəyi..

Heç sönməsin sevənlərin istəyi…

 

Xəzər, kol dibində dər bənövşəni,

Gəl, cənnətə döndər sən bu gülşəni.

Bu gözəl dünyada, sevmək, peşəni,

Bülbül gülün, gül bülbülün gərəyi.

Heç sönməsin sevənlərin istəyi…

Xəzər Miraj Məsimov

 

Çalış, mənalı yaşa

 

Deyirlər kəpənək bir gün yaşayır,

Bu necə yaşamaq, bu necə ölüm?

Ata-anasın da heç tanımayır,

Bu qısa ömürdə yetişmək zülüm.

 

Mənimsə yetmişi ötübdür yaşım,

Xoş günüm az oldu, əzabımsa bol.

Fələk özü bilmir nə çəkib başım,

Ömür uzandıqca qısalmaqda yol.

 

Kəpənək ömrünə bənzədi ömrüm,

Qayğılı günlərim yox oldu, getdi.

Gəl, sayma günləri, ay canım-gözüm,

Maraqlan, kim kimi bəxtəvər etdi.

 

Kəpənək ömrünü vuranda başa,

Tökürmü onunçün güllər göz yaşı?

Yaşa, insan oğlu, mənalı yaşa,

Unut, kənara at kimi, savaşı.

Şərqiyyə Balacanlı

 

A dünya

 

Barəndə yaxşı nəsə düşünmək düşmür yada,

Tanyandan, biləndən sən dünyanı, a dünya.

Zülümlə yaşayana zülmü verib qədərsiz,

Qoymusan nəva üstə çox nəvanı, a dünya.

 

Qənimi çoxdur soyuq kül altda közərənin,

Yolu hesab olunmur yolu yol gözləyəni.

Bilmirsən, görməyirsən hardadırsa gözlərin,

Xaraba adı alıb xanimanın, a dünya.

 

Suyun soyuyanından qaçır od da, ocaq da,

Körpə yorğanın altda,  donur hətta qucaqda.

Görmək olur dam altda, qan gölünü otaqda,

Güdür övlad tərəfdən qətl ananı, a dünya.

 

Nə çarası olursa gələn əlac, çara da,

Sinədə oyuq açır, edir könlü para da.

Qaçmağın həvəsində olduğum sən dünyada,

Haqsız olanın  haqqa var üsyanı, a dünya.

 

Düzün yeri səhv düşüb, hardadırsa haqlılar,

Gizlətməyir özünü qəlbi, könlü dağlılar.

Görmək istəyir səni üzü ağdan-ağlılar,

De, rahat, dinc yerini, ünvanını, a dünya.

                               19 mart 2024-cü il

Tamam Nur Tağlabiyanlı

 

Yorulan deyiləm, yorulmaram mən

 

Nizamlar yaransa, orda məsudam,

Şimşəklər çaxarsa, göydə buludam.

Gördüyün zirvədə qartək mövcudam,

Yorulan deyiləm, yorulmaram mən.

 

Yazdığım şeirlər qəlbləri oxşar,

Yüz sevən ürəkdə səslənib qalar.

Vətən torpağından qüvvətin alar,

Pozulan deyiləm, pozulmaram mən.

 

Dünənə həsrətim nədən yaranar?

Bugünə qüdrətim könlümü  açar.

Düşmənə nifrətim ürəkdə yanar,

Coşub daşacağam, durulmaram mən.

 

Tam Vətən həsrəti qəlbi yandırar,

Yazdığım hər sətir Vətən çağırar.

Oğullar adların qanla yazdırar,

Hər kəsin borcudur, unutmaram mən.

Hafiz Əlimərdanlı

 

İstəyim

Sığındığım tək Allahdır,
Bəndəsindən yox istəyim.
Haqqı haqdan istəyənəm,
Gözlərimdə tox istəyim.

 

Yanmışam qəm ocağında,
Otağın künc, bucağında.
İsti ana qucağında,
Yatmaq olub çox istəyim.

 

Şikayətim yox kimsədən,
Dünya mənə dardı nədən?
İstəyini atıb gedən,
İstəklərdən yox stəyim.

 

Dar qəfəsə sığmaz ürək,
Tanrı duya məni gərək.
Halal nemət, halal çörək,
Versin, budur bax istəyim.
Mehriban İbrahimova

 

 

Şərh Yaz