Peşə təhsili məzunların gələcək karyera yollarına işıq salır  

   

Kütləvi informasiya vasitələrində “Müasir Azərbaycan peşəkarı” rubrikasın altında İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu məzunlarından biri – Röya Ağamalızadənin həyat hekayəsi təqdim edilib.

Buyurun, bu maraqlı məlumatlarla siz də tanış olun:

“Röya Ağamalızadə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu məzunlarındandır. O, orta təhsilini 2021-ci ildə bitirib. Valideynlərinin də bildirdiyinə görə uşaqlıq dövrlərindən turizmə, dərketməyə, təqdimat etməyə olan marağı onun yolunun peşə təhsilindən keçməsinə səbəb olub. Həmin ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında uğursuzluqla qarşılaşan Röya bir il sonra İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasına qəbul olub.

Mərkəzin regiondakı turizm müəssisələrinə daimi təşkil etdiyi təlim-təcrübə səfərlərində iştirak edən Röya Ağamalızadə istehsalat təcrübəsi dövründə “İsmayıllı Resort&Spa” hotelinə işə qəbul üçün dəvət alır. Təcrübə dövründə uşaqlıq arzusunun ali təhsil almadan da reallaşacağına şahid olur. Məzun olmadan öncə müəssisədə “Reception”da işə qəbul üçün müəssisə rəhbəri tərəfindən dəvət alır.

“Düşünürdüm ki, mənimlə orta məktəbdə eyni sinfi bitirən şagird yoldaşlarım tezliklə universiteti bitirib məzun olacaqlar. Lakin universitetlərə qəbul imtahanı dövründən 2 il keçməsinə baxmayaraq, yaşıdlarımdan fərqli olaraq artıq həm məzun olmuşam, həm də çalışıram. Mərkəzdə ingilis dili bacarıqlarımın da inkişafı üçün xüsusi yanaşan müəllimlərimə və istehsalat təlimi ustalarıma minnətdaram”, – deyə Röya Ağamalızadə qeyd edib”.

İsmayıllı xəbərləri”

 

 

    

Şərh Yaz