Bu yol bizim dağlara gedir…  

Həmyerlimiz şair Maarif Soltanın redaktorluğu ilə digər bir həmyerlimizin, haqq dünyasına qovuşmuş filoloq-müəllim, şair-yazıçı, etnoqraf Məmməd Mirzənin (Rzayev Məmmədmirzə Şahsuvar oğlu) Yol gedər sizə, dağlar” adlı kitabı işıq üzü görüb.  Yeni nəşr haqqında redaktorun fikirləri olduqca tam və dəyərlidir:

“Bu kitab, təqribən, düz bir il əvvəl işıq üzü görməliydi…

Məmmədmirzə müəllim ötən il yanvarın ortalarında əlyazmanı mənə verib xahiş etdi ki, oxuyub çapa hazırlayım. Xəstəhal olmağıma baxmayaraq, həvəslə işə başladım. Vaxt itirməmək üçün dərhal dizaynerə verdim və paralel olaraq oxuyub xırda düzəlişlər etməyə başladım. Demək olar ki, hər gün əlaqə saxlayırdıq.

Sən saydığını say…

Mirzə müəllimin qəfil ölüm xəbəri məni necə sarsıtdısa, uzun müddət kitaba yaxın düşə bilmədim…

… Budur, “Yol gedər sizə, dağlar”, nəhayət, sizin ixtiyarınızdadır.

Bu yol bizə gedir… Bu yol, əsasən, bizim dağlara gedir… Qaranohurdan keçib üzü dağlara sarı – bir vaxtlar özünə sığmayan, indisə boşalıb viran qalmış el-obamıza gedir.

Bu kitab tariximiz, adamlarımız, keçmişimiz, adət-ənənələrimiz, folklorumuz haqqında bir salnamədir. Bildiklərimizdən daha çox unutduqlarımız, bilmədiklərimiz cəmlənib bu salnamədə.

Yazılan qalır… Bu salnaməni də yalnız Məmmədmirzə müəllim yaza bilərdi. Yazdı və getdi…

Sabah Mirzə müəllimin ildönümüdür.

Yerin behişt olsun, ötkəm kişi, kövrək kişi… Ruhun şad olsun”.

İsmayıllı xəbərləri”

Şərh Yaz