Xalqımız indi iftixar və zəfər tarixini yaşayır

 

18 yanvar 2024-cü il tarixində İsmayıllıdakı Heydər Əliyev Mərkəzində (HƏM) İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH), Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı Təhsil Sektoru (DŞRTİ), Dağlıq Şirvan Regional Gənclər İdarəsinin (DŞRGİ)  İsmayıllı Gənclər və İdman Sektoru tərəfindən 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi şəhidlərin dili ilə” adlı tədbir keçirilib.

Öncə Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müsabiqənin şərtləri şagirdlərin nəzərinə çatdırılıb. Tədbirdəki çıxışlarında – İsmayıllı RİH-nin rəsmisi Bəhruz Xələfov, DŞRTİ İsmayıllı rayon sektorunun əməkdaşı Ülviyyə Zeynalova, HƏM-nin direktoru Mayıl Fərəcov, (DŞRGİ)  İsmayıllı Gənclər və İdman Sektorunun nümayəndəsi Fərhad Qurbanov, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov 1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixinin həm faciəvi, həm də qəhrəmanlıq səhifəsi olduğunu bildiriblər. Qeyd olunub ki, həmin gün ən müasir silahlarla silahlanmış sovet ordusu Bakı şəhərinə daxil olaraq xalqın azadlıq mübarizəsinin qarşısını almaq üçün qanlı cinayət hadisəsi törədib. Lakin xalq öz azadlıq mübarizəsindən geri dönməyib.

Bu dövrdə hamının susduğu halda, faciəyə ilk münasibəti xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bildirib, faciə təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib, bu təcavüzün Azərbaycan xalqına qarşı ən böyük cinayət olduğunu vurğulayıb.

34 il əvvəl olunan amansızlıqlara baxmayaraq, hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında xalqımız öz iftixar, zəfər tarixini yaşayır.

Çıxışlardan sonra rayonun ümumtəhsil məktəblərinin qiraətçi şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Münsiflər heyəti müsabiqə iştirakçılarının çıxışlarını qiymətləndirib.

Tədbirdə həmçinin məktəblilərin çəkdikləri, 20 Yanvar faciəsini özündə əks etdirən rəsmlər nümayiş olunub.

A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin bir qrup aşağı sinif şagirdinin tədbirə qatılması, vətənpərvərlik ruhlu şeirlər söyləməsi də yaddaqalan olub.

Müsabiqənin qalibləri Diplom və Fəxri fərmanlarla təltif ediliblər.

Tədbir xatirə şəkillərinin çəkilişi ilə yekunlaşıb.

Ülviyyə Zeynalova

 

Şərh Yaz