Ömür yolu nümunə məktəbi oldu  

 

Mürsəliyev Sübhi Balamirzə oğlu 1979-cu ilin dekabr ayının 28-də İsmayıllı rayonunun Qurbanəfəndi kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. 1986-cı ildə doğma kəndin orta məktəbinə 1-ci sinfinə  getmiş, oxuduğu illərdə dərs əlaçılığı ilə yanaşı, nizam-intizam qaydalarına riayət etməkdə də məktəbin nümunəvi şagirdlərindən olmuşdur.

Məktəb illərində müxtəlif fənn olimpiyadalarında uğurla iştirak edərək, rayon üzrə təşkil olunmuş “Şahin” hərbi yarışlarında dəfələrlə Fəxri fərman və diplomlara layiq görülmüşdür.

Atası Balamirzə Mürsəliyev məktəbin hərbi fənn müəllimi olduğu üçün balaca Sübhinin də hərbə marağı həmişə yüksək olmuşdur. Onun yeganə arzusu hərbiçi olmaq olub. 1997-ci ildə kənddəki orta məktəbi fərqlənmə ilə bitirərək, Bakı Dövlət Universitetinin iqtisadi nəzəriyyə fakültəsinə qəbul olunmuşdur. O, tələbəlik illərində təhsil aldığı universitetdə də fərqlənirdi. Mütəmadi olaraq idmanla məşğul olur, içindəki hərbiçi olmaq həvəsini sönməyə qoymur. Ali təhsil aldığı illərdə belə daim hərbi sənətə maraq göstərərək, hərbi dərslərdə iştiraka üstünlük verirdi. Ürəyi Vətən eşqi ilə döyünən bir gənc kimi hər zaman torpaqlarımızın  işğaldan azad edilməsi  haqqında düşünür, bu istiqamətdə vətən üçün töhvə ola biləcək bir iş görmək istəyirdi.

2001-ci ildə universiteti  bitirir. Ona leytenant rütbəsi verilir və elə həmin ilin sentyabr ayında “N” saylı hərbi hissədə xidmətə başlayır.

Nümunəvi hərbi xidmətə görə 2003-cü ildə növbədənkənar baş leytenant hərbi rütbəsi alır və bölmə komandiri vəzifəsinə təyin edilir.

Xidmət etdiyi 19 ili düşmənlə təmas xəttində keçirir. Qisas hissi, torpaqların işğaldan azad olunma arzusu ilə alovlanan cəsur komandir hər zaman əsgərləri ilə birlikdə döyüşə atılma anını gözləyir. Xidmət dövründə həmişə nizam-intizamın yüksək olmasına səy göstərir, tələbkar olduğu qədər də qayğıkeş zabit olur.

Rəhbərlik etdiyi bölmə zaman-zaman xidmət etdiyi hərbi birləşmədə qarşıya qoyulan vəzifələrin icrasında, keçirilən çoxsaylı tədbirlərdə birincilik qazanır. Bu çalışmaları  müxtəlif medal, Fəxri fərman və təşəkkürlərə layiq görülür.

Cəsur və tələbkar komandir ailəsində də uşaqlarını hərbiçi tələbkarlığı ilə böyütmüşdür. Onları Vətən sevgisi ilə silahlandırmışdır. Bunun nəticəsidir ki, böyük oğlu da hərbiçi olmaq arzusundadır.

Yüksək hərbi peşəkarlığı nəzərə alınan Sübhi Mürsəliyev Vətən müharibəsi başlanmazdan bir qədər əvvəl ordu birləşməsinin rəisi vəzifəsinə təyin edilmişdi. Bu etimadı o, Aprel döyüşləri zamanı xüsusi xidməti, döyüşlərdəki hünər və cəsarəti ilə qazana bilmişdi.

Vətən müharibəsi başladıqda yüksək əhvali-ruhiyyə ilə tabeliyində olanlarla bərabər ön cəbhəyə yollanır, döyüşlərə atılır. Talış və Suqovuşan kəndləri istiqamətlərində uğurlu döyüş əməliyyatları keçirir. Qazanılan uğurlar yalnız irəli getməyin çağırışına çevrilir. Döyüşçülərimizdə olan qisas, intiqam hissi, torpaqlarımızın azad edilməsi arzusu onları uzun illərin təcrübəli hərbiçisinə çevirir.

Bəli, Sübhi təcrübəli hərbiçi idi. Amma müharibənin də öz amansızlıqları var. Atılan güllələr təcrübə, rütbə tanımır. Əksinə, düşmənin hədəfində ilk olanlar belələri olur…

S.Mürsəliyev 30 sentyabr 2020-ci ildə gedən qızğın döyüşlərdə həmişə arzuladığı torpaqlarda tabeliyində olan bir batereya və tağımın təhlükədə olduğunu görür, öz əsgərlərini xilas edir. Amma onların xilasını düşünərkən özü qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalır.

S.Mürsəliyev 44 günlük Vətən müharibəsinə qədərki hərbi xidməti dövründə “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallara, “Vətənə xidmətə görə” 2-ci, 3-cü dərəcəli ordenlərə, Şanlı ordumuzun 90, 95 və 100 illiyi medallarına, eləcə də bir sıra Diplom və Fəxri fərmanlara layiq görülüb. Canını Vətən torpaqlarının bütövlüyü və azadlığı uğrunda fəda edən qəhrəmanımız ölümündən sonra Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətənə xidmətə görə” ordeninə, “Suqovuşanın azad edilməsinə görə” və “Vətən uğrunda” medalına layiq görülüb. Şəhadətə qovuşmaqla Sübhi Mürsəliyev 3 övladını bizə, Azərbaycan xalqına əmanət edib.

İsmayıllı rayonunun Qurbanəfəndi kəndində dünyasını dəyişən sakinlərin uyuduğu qəbiristanlıqda ziyarət yerinə çevrilmiş bir məzar var. Ziyarətə gələnlər bu məzarın qarşısında hüznlə durmağa, bu məzarda uyumaqla yanaşı əbədi bir ölməzlik qazanmış mayor – Mürsəliyev Sübhi Balamirzə oğlunun qarşısında baş əyməyi özlərinə borc bilirlər. Ruhun şad, məkanın cənnət olsun. Keçdiyin ömür yolu nümunə məktəbidir. O məktəb ki, övladlarına orada fərqlənmələrini vəsiyyət etmisən…

Şəhadətə qovuşmağının 3-cü ilində məzarını ziyarət etdik, unudulmaz eloğlum.  Ruhun şad olsun.

M.Qarayeva

Şərh Yaz