Qələbələrin davamlı olsun, Ayxan

 

28 avqust 2023-cü il tarixdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə cüdo idman növü üzrə II MDB oyunlarının qızıl mükafatçısı Ayxan Mirzəzadə ilə görüş keçirilib.

Tədbiri açıq elan edən Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov idmançımızı təbrik edərək qeyd edib ki, ölkəmiz sadəcə beynəlxalq idman yarışlarında uğurlu iştirakla deyil, həm də kütləvi turnirlərin keçirilməsi sahəsində əldə etdiyi təcrübə və yüksək təşkilatçılıq örnəyi ilə dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilib. Təsadüfi deyil ki, ölkəmizdə hər il nüfuzlu beynəlxalq idman yarışları keçirilir. Azərbaycan müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarına ev sahibliyi edir.

Əməkdar məşqçi Əkbər Şəfaqətov tələbəsinin yüksək nailiyyəti haqqında məlumat verərək bildirib ki, Ayxan cari il ərzində U-18 yeniyetmələrin şəxsi və qarışıq komandalar arasında Azərbaycan birinciliyində 3-cü yeri, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında Avropa Kuboku turnirində 3-cü yeri, Çexiyanın Teplis şəhərində keçirilən Cüdo üzrə Avropa Kubokunda 2-ci yeri, Sloveniyanın Maribor şəhərində Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən yarışlarda 3-cü yeri və nahəyət II MDB oyunlarında 1-ci yeri qazanmışdır.

Tədbirdə həmçinin Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Mayıl Fərəcov çıxış edərək idmançımızı təbrik edib. Onu Fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırıb.

Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.

Aytac Əliyeva

Şərh Yaz