Ömürdən keçən üç il    

Keçib gedən ömürdümü, zamandımı bilmirəm. Bildiyim odur ki, sizdən sonra ömürdən üç il keçir.
Neçə belə üç illər keçsə də, sizin yaranız sağalmaz, dərdiniz unudulmaz. Ömrümüzdə ağır qan yaddaşı buraxmaqdadı bu illər. Hələ də səsi qulaqlarımda əks-səda verən – Səməd, gəl, ölürəm! – deyən Səidəmin səsi, can evimdən gedən Əşrəfimin gedişi, eldən gedən neçə-neçə igidimizin – cavan, nakam balaların qanı unudularmı?
Qrrurumuza çevrilən 44 günlük müharibə qəhrəmanları haqqında hər kəs öz duyğularını, öz hislərini, qəlbindən keçənləri yazır. Onların dünyaya gəlişindən, ölümsüzlüyə qovuşduğu ana qədər.
Hər biri xalq tərfindən tanındı və anıldı. 1990-cı ilin 20 Yanvarına, Birinci Qarabağ müharibəsi şəhidlərinə, Aprel döyüşləri igidlərinə, Vətən müharibəsi qəhrəmanlarına həsr etdiyim bir neçə məqalənin müəllifi olsam da, yenə nəsə yazmaq, o ölməzləri vəsf etmək, onlarla qürur duymağa can atıram.
Ramil haqqında yazmağı xeyli vaxtdır düşünsəm də, nədənsə bu qərara indi gəldim. Nəsibə anaya da söz verib, bacardığımdan bir yazı yazacağımı bildirmişdim. O da: Yaz, qızım, – deyib xeyir-duasın da vermişdi.
Həyatın çətin, ağır yükü gözlənilmədən düşdü Nəsibə ananın zərif çiyinlərinə. Oğul şəhidliyi azmış kimi, ömür-gün yoldaşının itkisini də yaşadı bu xanım bir il ərzində…

Həyatın əvvəlki illərini də çətinliklə, kasıbçılıqla, ağır zəhmətlə keçirən Nəsibə ana Ramilinin evin kiçiyi olmasına baxmayaraq, əli qazanca çatan günündən ailəyə, atasına dəstək olduğundan danışır. Mərd övladlar hər zaman belədirlər. Şəhidlərimizin çoxu məhz bu cür övladlar olublar – kasıb, mərd, dəyanətli, ləyaqətli, vətənpərvər. Onların o uca məqama yetişməkləri də bəlkə böyük ürək sahibi olmaqları səbəbindəndir.  Şəhidlik zirvəsinə ucalmaq sevərək sevilənlərə xas imiş.
Ata sarsılmaz qaladır. Nə qədər sərt, möhkəm görünsə də uçub dağıla bilər, dərd güc gələndə. Dözməz həyatın sərt fırtınalarına.
Bir çınqıl qədər kiçilə bilər bəzən. Bəlli etməsə də, dərdə dözməz atalar. Bir vulkana dönər ata qəlbi.
Vətən müharibəsi qəhrəmanı Ramil şəhidlik zirvəsinə ucalmazdan öncə, sentyabr ayının iyirmi dördündə sosial şəbəkədə paylaşımlarını gördüm. Bir müddət keçəndən sonra isə onun şəhidlik xəbərini aldım.
Az vaxt keçdi. Atası Aydın kişi balasının bu ağır dərdinə dözə bilmədi. Oğluna məzar qonşusu oldu. Onu o dünyada belə tək qoymağa razı olmadı ata ürəyi.
Eh, atalar, atalar!..
Yaralar zaman-zaman təkrarlanır. 1992-ci ildə itkin düşən Fəxrəddinin atası Sədrəddin kişi kimi.
O da oğul itkisinə dözməyərək, balasının bəy köynəyinə sığınaraq köçdü o dünyaya. İllərlə itkin yolu gözlədi. Atasız böyüyən Röyalın qırıq könlündə bir ata dərdi böyüdü.
Yenicə tikilmiş evin soyuq divarlarını nəfəsilə isidən, həyata tutunan mərd, kişi qeyrətli anası oldu Röyalın…
Ramilin də oğlu böyüyəcək, atasının kim olduğun anlayacaq. Eynən Röyal kimi. Dünənin Röyalı bu günün Ramili. Ramil üzünü görmədiyi balasını xanımı Aydana əmanət etdi.
Fəxrəddin kimi… O da görə bilmədi körpəsini. Görün talelərdə nə qədər oxşarı var?! Görün nə qədər atasını itirən körpəsi, anasız böyüyən balaları, oğul dərdindən dünyadan köçən ataları var bu Vətənin?!  Ramil Aprel döyüşlərində də şərəflə  döyüşmüşdü. Düşmənin hər bir təxribatının qarşısının alınmasında  qəhrəmancasına vuruşmuşdu…
Qartal qonduğu zirvənin uçmasından qorxmaz. Çünki qanadlarınına güvənər…
Ramil də qartaltək özünə – mərdliyinə, qeyrətinə güvənib silaha sarıldı bu vətən üçün. Vətən müharibəsinin qəhrəman igidi oldu.
Qumral gözlü şəhidimin bəzən uşaqlığı gəlir gözüm önünə. Sakit, tərbiyəli… Hər dəfə məzarı üstünə gedəndə danışmağa can atan baxışlarında qoyub getdiyi, çata bilmədiyi arzularını görməmək, anlamamaq mümkün deyil…
Ramil ilk dəfə ata olacağını eşidəndə çox sevinib deyirlər. Körpəyə hansı adı verəcəyini düşünüb görəsən? Öz adını körpəsinin daşıyacağını bilərdimi?
O gözlərdə: – Mən səni görə bilmədim, körpə balam! – deyən bir həsrət, bir niskil var.
İllər, qərinələr ötsə də dağlar qartalı Ramilin qəhrəmanlıq nümunəsi heç zaman unudulmayacaq..
Və bir körpə qartal balası böyüdükcə atası ilə qürur duyacaq…
Famil müəllimlə bağlı fikirlərimə elm, təhsillə əlaqəli bir deyimlə başlamaq istərdim.
Kim mənə bir hərf öyrətsə, mən ona ömür boyu qul olaram. Alim öldü, aləm öldü. – deyib sevimli peyğəmbərimiz hədislərində. Müəllim peşəsinin nə qədər dəyərli olduğunu bilirəm. Atam müəllim olub özüm də bu peşənin sahibiyəm.
Tarixə qanı ilə tarix yazan tarix müəllimi kimi şərəfli bir ad verildi şəhidliyindən sonra Famil müəllimə. Onu hər zaman belə xatırlayacağıq. O, gözəl, sevimli bir insan olaraq qaldı yaddaşlarda. O, təkcə bir hərfi öyrətməklə kifayətlənmədi. Qələmini silahla əvəz edib Vətənin bütövlüyü, toraqlarımızın qorunması naminə, sinəsini sipər etdi Vətənə atılan güllələrə. Qorxmadan, çəkinmədən atıldı bu savaşa. Dərs dediyi balaların gələcək körpələri rahat, təhlükəsiz yaşasın deyə.
Alimin ölümü ilə aləmə zülmət çökmədi. Çünki ondan nur almış övladlar var bu Vətəndə. Biz bir öləndə min dirilən millətik. Minlərlə könüldə yeri, nuru var Famil müəllimin.
Bilsəydi, qızıl hərflərlə yazardı 44 rəqəmin jurnallara, gündəliyinə.
Onun ömür gündəliyinə yazılan son tarix isə 14 oktyabr oldu. Ömrünün son günündə ölümsüzlüyünə qovuşacağın bilsəydi. Oktyabr ayı önun üçün sevinc, fərəh ayı idi. Bu ayda müəllim gününün aparıcısı olar,  təsvirə sığmaz dərəcədə fərəhli görünər, müəllim olması ilə fəxr edərdi. Elə çox sevdiyi bu ay – oktyabr ayı onu ən ali yüksəkliyə,  şəhidlik zirvəsinə qaldırdı.
O, İsmayıllı şəhər 3 nömrəli orta məktəbi əla qiymətlərlə bitirən, seçilən, sevilən şagirdi, sonradan isə həmin məktəbin layiqli müəllimi, Azərbaycan xalqının unudulmaz şəhidi oldu…
Müəllim yoldaşları, böyük bir kollektiv onu hər an hörmətlə anır, haqqında qürurla bərabər, həm də yoxluğuna təəssüflənərək danışırlar. Məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov keçirilən hər bir tədbiri onun əziz xatirəsinin anılması ilə başlayır. Məktəbdə hamı Famil müəllimlə fəxr duyduğundan söz açır, əbədiyaşarlıq qazanmış bir müəllimlə  eyni kollektivdə işləməyin necə qürurverici olmasından  fəxarət hissi duyur.
Məktəbin və rayonun kütləvi tədbirlərində iştirak və aparıcılıq edən Famil müəllim məktəb  tədbirlərindən birində, çıxışını: Görüşərik, bənövşə! – deyə bitirmişdi.  Söz vermişdi! Amma…  Həmin anda zalım fələyin nələr edəcəyindən xəbərsiz idi. Musa Yaqubun “Bənövşə” şeirindəki o tale, o niskil sanki Famil müəllim üçün yazılmışdı…
Bənövşəylə görüşə bilmədi. Çəkə bilmədi bənövşənin ətrini ruhuna. Ölümdən danışdı kövrək çiçəklə. Bir payız günündə onun həyatında qəfildən son bahar yeli əsdi.
Son baharda doğulmuşdu. Anası Sənubər xanım onu son baharda gətirmişdi dünyaya. İlk övlad qoxusunu çəkmişdi nəfəsinə. Heç bir çiçəyin verə bilməyəcəyi bir qoxu.  Körpə ətri. Son baharda doğulub, son baharda, ömrün bahar çağında həyatdan köçən bir oğul, bir qardaş, bir övlad, bir həyat yoldaşı… Bu, çox ağır itki oldu Familin yaxınlarına, əzizlərinə. Son bahar çiçəklərinə qoşuldu, onların ömrütək çox qısa oldu onun müəllim ömrü. Həyat yoldaşı Vüsalə xanıma əmanət etdi bircə övladı  Fəridi.
Bir müəllim ömrü beləcə yarımçıq qaldı. Ruhu Tanrı məqamında, cismi yer altında əbədilik qazanan qiymətli oğullardan oldu Famil müəllim!

Eh! Mənim nəyimə gərək idi açan o ilk bahar, o son bahar çiçəkləri ki,  körpələr əllərində atalarının məzarı üstə səpəcək?! O çiçəklər anaların, bacıların, ömür-gün həmdəmlərinin göz yaşıyla sulanır axı…
O körpələr böyüyüb bir gün atasının kimliyini soruşanda, anaları onlara dili ilə deyil, göz yaşları ilə cavab verəcəklər.
Zaman keçəcək, şəhidlərin gənc sevgililəri qocalacaq, körpələr böyüyəcək, arzularının həyata keçməməsi ilə barışmalı olacaqlar. Bir daha uca Rəbbimiz valideynlərə övlad dağı, körpələrə ata həsrəti, sevgililərə ayrılıq acısı yaşatmasın!
Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə, yaxınlarına səbir versin.

Zərifə Səmədova,

İsmayıllı Yazarlarıədəbi-ictimai birliyinin üzvü

Şərh Yaz