Unudulmaz illər

                  

İnsan yaşa dolduqca keçmiş illəri, günləri yada salır. Gördüyü yaxşı işləri, yaxşı günləri xatırlayanda duyğulanır, dodaqlarında təbəssüm yaranır, mənən rahatlaşır. Pis, xoşagəlməz hadisələri xatırlayanda isə qəmlənir, təəssüf hissi keçirir.

Bu yaşa yetincə çoxlu yaddaqalan illərim, günlərim olub. Tələbəlik illərim – Azərbaycan Pedoqoji İnstitutunda (İndiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) oxuduğum 1969-1973-cü illər belə illərdən olub.

Cənab Prezident İlham Əliyevin 17 aprel 2021-ci il tarixində “Azərbaycan Pedoqoji Universitetinin 100 illiyi haqqında” sərəncamından sonra tələbəlik illərim kino lenti kimi gözlərim önündə canlandı. Dəfələrlə yuxumda Azərbaycan Pedoqoji İnstitutunda (APİ-də) oxuduğumu, imtahan verdiyimi, tələbə yoldaşlarımla dərslərə hazılaşdığımı görmüşəm. Bu ona görədir ki, mən APİ-yə  qəbul olunmaq, bu ali məktəbdə oxumaq üçün illərlə çalışmışam. Elə bu səbəbdən də belə qərara gəldim ki, institutun 100 illiyi ərəfəsində tələbəlik illəri haqqında xatirələrimi qələmə alım.

1964-cü ildə Təzəkənd kənd 8 illik məktəbini bitirib, İsmayıllı qəsəbə orta məktəbinə (indiki şəhər 1 nömrəli orta məktəb) gəldim. Bu məktəbdə bizə böyük həyat təcrübəsi olan gözəl, savadlı müəllimlər dərs deyirdilər. Hacalı Ramazanov, Rəfi Əliyev, Solmaz Osmanova, Cavad Səfərov, Şahalı Əliyev və başqalarını hörmətlə xatırlayıram. Sinif rəhbərimiz Əbdülhəkim Rüstəmov idi. O, bizə həm ədəbiyyat fənnini tədris edir, həm də dərnək məşğələsi aparırdı. Onun rəhbərlik etdiyi dərnəkdə iştirak edəndən sonra belə qərara gəldim ki, ədəbiyyat müəllimi olacağam və APİ-də oxuyacağam.

1966-cı ildə onuncu sinfi bitirib attestat aldım. Xatırladım ki, həmin vaxta qədər orta məktəblər 11 illik idi. Həmin il 11 illik ləğv edildi və orta məktəblər 10 illik  tarixdən “4” qiymət aldım. Xarici dil keçmədiyim üçün institut özü xarici dildən “3” yazdı. Beləliklə, 16 bal topladım. Lakin müsabiqədən keçmədim.

Bir il Təzəkənd orta məktəbində laborant vəzifəsində işlədim. 1967-ci ildə Bakı şəhərinə gəlib, 42 nömrəli Tikinti İdarəsində işə girdim. Həmin il sənədələrimi əvvəlcə axşam şöbəsinə, sonra isə gündüz şöbəsinə verdim.  Hər iki imtahandan yenə 16 bal topladım və yenə müsabiqədən keçmədim.

O vaxt APİ-nin rektoru əslən rayonumuzun Diyallı kəndindən olan Şövqü Ağayev idi. Atam onun qəbuluna gedib mənim müsabiqədən keçməməyimlə bağlı narahatlığını bildirmişdi. 16 balın heç də az olmadığını xatırlatmışdı. Şövqü müəllim atama demişdi ki, oğluna de, qəbuluma gəlsin. Mən rektorun qəbuluna getdim və atamla olan söhbətini yada saldım. O, mənə iki sual verdi:

– Zərflə zərfliyin fərqi nədir?

Dedim:

– Zərf nitq hissəsi, zərflik isə cümlə üzvüdür.

– Onda elə bir cümlə de ki, mübtədası feil olsun.

Dedim:

– Oxumaq mənim üçün yazmaqdan asandır.

Şövqü müəllim mənə savadlı olmağımı söylədi. Müəllimlər sənə aşağı qiymət verməzlər. Sən bir qədər də çalış.

1968-ci ildə yenidən sənədlərimi əvvəl qiyabi şöbəyə, sonra isə gündüz şöbəsinə verdim. Tərslikdən yenə hər ikisində 16 balı topladım. Yenə də müsabiqədən keçə bilmədim. Qəbul üçün ən azı 18 bal toplamaq lazım idi.

1969-cü ildə Azərbaycanın dövlətçiyilində yeni bir hadisə baş verdi. İyul ayının 14-də ümummilli lider Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Hər yerdə: plakatlarda, qəzetlərdə, jurnallarda “Qoy ədalət zəfər çalsın!” şüarı yazılırdı. İnsanlarda bir tərpəniş, ciddilik yaranmışdı. İdarə və təşkilatlar öz işlərini tələblərə uyğun qurmağa, ədaləti qorumağa istiqamətləndiridi.

Mənim isə əsgərlik vaxtım yaxınlaşırdı. Nərimanov Rayon Hərbi Komissarlığından mənə bildiriş gəldi. Hərbi Komissarlığa getdim. II hissənin rəisinin yanında oldum. Rəis Babayev soyadlı bir mayor idi. O, məndən haralı olduğumu, oxuyub-oxumadığımı soruşdu. Yenə instituta sənəd verəcəyimi dedim.

Rəis 1969-cu ilin sentyabr ayının 2-nə bir bildiriş yazıb mənə verdi. Dedi ki, instituta qəbul olsan, heç, qəbul olmasan, sentyabrın 2-si burada olursan. Ona təşəkkür etdim. Sonradan eşitdim ki, həmin mayor rayonumuzun Hacıhətəmli kəndindən olub.

1969-cü ildə sənədlərimi vermək üçün yenə APİ-yə getdim. APİ-nin hərbi stolunda oturan şəxs sənədlərimi qəbul etmədi. Dedi ki, sənin qeydiyyat vəsiqəndə möhlət götürməyin haqqında heç bir qeyd yoxdur. Nə səbəbə əsgər getməməyin bilinmir. Ona görə də sənin sənədlərini götürə bilmərik.

Atamla Respublika Hərbi Komissarlığına getdik. Orda da dedilər ki, bu məsələ ilə bağlı Nərimanov Rayon Hərbi Kommissarlığına müraciət edin.

İnstitut 26 Bakı Komissarı rayonuna aid idi.

Nərimanov rayon Hərbi Komissarlığına gəldik. Komissar Məhərrəmov soyadlı bir polkovnik idi. Dərdimizi ona dedik. O, dərhal telefonun dəstəyini götürüb 26 Bakı Komissarı rayonunun hərbi komissarına zəng etdi. Dedi ki, camaatı niyə incidirsiniz? Mənim planım dolub aparmamışam. Dəstəyi qoyub  dedi: Gedin, sənədləri götürəcəklər.

Səhər instituta getdik. Gördüm, mənim kimi incidilən onlarla şəxs var. Onlara dedim ki, işlər düzəlib. Sənədləri verdim. İmtahanlardan yenə də 16 bal topladım. Ədəbiyyatdan şifahi imtahan verəndə imtahan götürən müəllim dedi ki, “5” aldın, qəbul olunacaqsan. Mən ona çatdırdım ki, bu “5”i 6-cı dəfədir alıram. Yox, – dedi, bu il vəziyyət başqa cürdür. Sonra həmin müəllimin bizə Azərbaycan dilindən dərs deyən dos. Adilə Hacıyeva olduğunu bildim.

Altıncı dəfə imtahan verəndən sonra, nəhayət  instituta qəbul olundum. Birinci kursun tələbələri 9 qrupdan ibarət idi: 39-dan  47-dək.  Mən 40-cı qrupa düşmüşdüm. Qrupda 13 bal toplayan tələbələr var idi. Mənim və mənim kimi tələbə adını daşıyanların dayağı ulu öndərimiz Heydər Əliyev idi.

Dərs başlayan gün məni qrup nümayəndəsi seçdilər. İlk dərs “Dilçiliyə giriş” fənnindən idi. Müəllim Azər Hüseynov hamını təbrik etdi və bizə tövsiyəsi bu oldu ki, əsas danışmağı öyrənin. Səhv-düz olsa da, danışın. İlk imtahan da bu fəndən oldu və ilk “5”-i də bu fəndən aldım.

Pedoqoji elmlər doktoru, ədəbiyyat müəllimlərinin yol göstərəni, “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalının redaktoru Əziz Əfəndizadə I kursda bizə dildən təcrübi məşğələlər keçirdi. O, bizə “Mən nə üçün filoloq olmaq istəyirəm?” mövzusunda inşa yazmağı tapşırdı. Mənim yazımı oxudu və dedi: – Səndə nə böyük iradə varmış?!

Birinci smestr imtahanların hamısında “5” aldım. Dekanımız professor Afat Qurbanov atama təşəkkür məktubu göndərdi. Dörd ildə valideyinlərim Afat müəllimdən 8 belə məktub aldı. Afat müəllim gözəl insan idi. Həmişə tələbələrin qayığısına qalırdı..

İkinci kursa başlayanda artıq rektor Ş.Ağayevi çıxarmışdılar və yerinə Haşım Ağayev təyin olunmuşdu. Biz birinci  kursda oxuyanda fakültə komsomol komitəsinin katibi IV kursda oxuyan Nizami təqaüdçüsü Nizami Xudayev idi. İkinci kursa başlayanda Nizami Xudayev institutu bitirmişdi və onu institutda müəllim saxlamışdılar.

Bir gün Afat müəllimlə Nizami Xudayev bizim qrupa gəldilər və məni dekanlığa apardılar. Orada III kursda oxuyan gürcüstanlı bir tələbə və mənim həmyerlim Valeh Salehov da var idi. Gürcüstanlı tələbənin qiymətləri arasında “3” olduğu üçün ona: Get, – dedilər. Valeh həm kommunist partiyasının üzvü idi, həm də əsgərlikdən gəlmişdi. Afat müəllim dedi ki, Valeh komsomol komitəsinin katibi, sən isə onun müavini olacaqsan. Bizi institut komsomol komitəsi katibinin yanına göndərdi. Komsomol komitəsinin katibi rayonumuzun Diyallı kəndindən olan Zabit Məmmədov idi. Zabit müəllim bizi görən kimi həyəcanlandı. İşdən xəbərdar idi. Dedi ki, Şövqi müəllimi çıxarıblar, məni də bu yaxınlarda çıxaracaqlar. Necə olub ki, sizi – iki İsmayıllı yetirməsini komsomol komitəsinə katib seçiblər. Bəli, beləcə 9 komitə üzvü ilə birlikdə işləməyə başladıq.

Səhərisi gün Afat müəllim qrupumuza gəldi və dedi ki, Səlahəddinin yerinə qrup nümayəndəsi seçməliyik. Qrupun tələbələri hamısı ayağa qalxıb dedilər ki, biz ona kömək edəcəyik, qoy o qalsın. Afat müəllim razılaşdı və 4 il qrup nümayəndəsi oldum.

Bir müddət sonra Afat müəllim məni dekanlığa çağırdı. Dedi ki, bizdə M.F.Axundov təqaüdünü dekan müavininin bacısı oğlu alırdı. O, aşağı qiymət aldığı üçün bu təqaüddən məhrum oldu. Fakültə elmi şurasında müəllimlər bu təqaüdün sənə verilməsini məsləhət bildilər. Bir anda sən institut elmi şurasına gedəcəksən, ona görə M.F.Axundovun bütün əsələrini oxu. Səndən əvvəlki tələbəyə suallar verdilər, bilməyib. Mənə görə onu təsdiq etmişdilər.

Bir müddətdən sonra institut elmi şurası, ardınca Ali və Orta İxtisas Nazirliyi də təqaüdü təsdiq etdilər.

1971-ci il gəlmişdi. APİ-nin 50 illiyinə institutda böyük hazırlıq gedirdi. Yubileylə əlaqədar institutda elmi konfrans keçiriləcəkdi. Dos. Qəzənfər Kazımov (indi prosessordur) mənə rus dilçisi N.Qolorunin “Yazık   i statistika” kitabını verdi. Bu kitabda düsturlar var idi. Həmin düsturlar vasitəsi ilə yazıçının üsulunu öyrənmək olurdu.

Mən “İsmayıl Şıxlının əsərlərinin bəzi sintaktik xüsusiyyətləri” mövzusunda elmi iş yazdım. Bu işimə görə institutun rektoru tərəfindən Fəxri fərmanla təltif edildim.

1976-cı ildə məni APİ-yə “1970-1975-ci illərdə institutu Fərqlənmə diplomu ilə bitirənlərin elmi konfransına dəvət etdilər. Bu dəfə “Süleyman Rəhimovun əsərlərinin bəzi sintaktik xüsusiyyətləri” mövzusunda elmi iş yazdım. Yenə də Fəxri fərmanla təltif olundum. Həmin konfransda rayonumuzdan Əzizə Vahabova da iştirak edirdi.

İnstitutda bizə xarici dil kimi fars dili tədris olunurdu. APİ-nin 50 illiyi ilə əlaqədar kino-jurnal çəkirdilər. Məni dekanlığa çağırdılar və fars dilində Bakı haqqında danışdım. Məni kino-jurnala çəkdilər.

Fars əlifbası ilə gözəl yazırdım. Bir gün xarici dillər kafedrasının müdiri Əsəd Yaqubi bizim qrupa gəldi və mənim yazılarımı bəyəndi. Dəftərimi götürüb xarici dillər kafedrasında guşəyə qoydu.

Yanvar ayı idi. İmtahanlar başlamışdı. Bir də gördük ki, koridorda səs-küy var. Afat müəllimlə fəlsəfə müəllimi Həmid Əfəndiyev mübahisə edirdilər. Sonradan məlum oldu ki, Həmid müəllim IV kurs tələbələrindən elmi kommunizm fənnindən imtahan götürərkən 3 tələbəyə qiymət yazıb, qalanlarını imtahandan kəsib. Afat müəllim də alıb protokolu cırıb. Həmid müəllim deyirmiş ki, ikinci kursda tələbələrə tarixi materialları yaxşı tədris etmirlər. Ona görə də tələbələr elmi kommunizm fənnini yaxşı öyrənə bilmirlər.

Həmid müəllim bəstəboy, ağsaqqal bir insan idi. Yeriyəndə bir ayağını çəkirdi. Deyirlər ki, onun ayağını maşın əzib. Oğlu gəlib sürücünü cəzalandırmaq istəyəndə Həmid müəllim qoymayıb. Fəlsəfənin katiqoriyaları ilə hadisəyə münasibət bildirib. Deyib ki, bu sürücü bu gün kimi isə vurmalı imiş, bu zərurətdir. Məni vurub bu da təsadüfdür.

Yanvar tətilindən qayıdanda gördük ki, cədvəl asılıb. Tarixi materializmdən dərsi bizə Həmid müəllim deyəcək.

İlin sonu gəldi. İmtahanlar başladı. Bizdən qabaq 39-cu qrupun tələbələri imtahan verəcəkdilər. Biz də maraq üçün instituta getdik. 39-cu qrupdan 3-4 nəfər qiymət aldı, qalanları imtahandan kəsildi.

Səhərsi bizim qrup imtahan verəcəkdi. Mən “4” almağımdan qoxurdum. Belə olarsa, mən adlı təqaüddən məhrum olardım.

Səhər imtahana gəldik. Həmid müəllim dedi ki, dünənkilər bilməyib kəsiliblər, siz bilənsiz, qiymət alacaqsınız.

İmtahan başladı. Qrupda olan 5 nəfər əlaçımızın 5-də “əla” qiymət aldı. 28 tələbədən yalnız 3-ü kəsildi. İnstituta yayıldı ki, 40-cı qrupun tələbələri Həmid müəllimdən yaxşı qiymət aldılar.

 

Qarabağla tanışlıq

 

İkinci kursun imtahanlarını başa çatdırdıq. Tələbələrimizdən (II kurs) 50 nəfər ayırdılar. Tələbə inşaat dəstəsi yaratdılar. Dəstəyə ümumi texniki fənlər kafedrasından Cabbar müəllimi komandir təyin etdilər. Mən isə dəstənin komissarı təyin olundum. İki avtobusla bizi Ağdam şəhərinə gətirdilər. Burada işləyəcəkdik. Qarabağla tanışlığımız başladı. İki gün Ətyeməzli kəndindəki texniki peşə məktəbinin yataqxanasında qaldıq. Sonra şəhərin mərkəzindəki Mexanizasiya Texnikumunun yataqxanasına köçdük.

Tələbələr iki yerdə işləməli oldular. Bir dəstə tələbə bazar tikintisində, digər dəstə isə Süleyman Sani Axundovun heykəlinin şəqq tərəfindəki zavodun tikintisində işləyirdi.

Tələbələri işə aparıb-gətirmək üçün bizə iki ədəd QAZ-51 markalı maşın vermişdilər. Hər səhər şəhərin mərkəzində olan dolanbac pilləkənləri olan məhşur çayxanada çörək yeyib işə gedirdik..

İlk bazar günü hamımız Şuşa şəhərinə getdik. Şuşanın mərkəzində bir bulaq var idi. “Şuşa suyu” yazılan bulağın yanında bakallar qoyulmuşdu. Divardakı lövhədə suyun tərkibindəki kimyəvi elementlərin adları yazılmışdı. Biz əvvəlcə qalanın həyətini gəzdik. Sonra Molla Pənah Vaqifin qəsirüstü büstünü ziyarət etdik. Şuşadakı muzeylə tanış olduq. Yolumuzu Cıdır düzünə saldıq. Qayanın kənarında şəkillər çəkdirdik. Bir qoca kişi bizə yaxınlaşıb dedi ki, balalrım, Xuraman özünü bax, bu qayadan atmışdır. (O, Səməd Vurğunun “Vaqif” pyesindəki Xuramanı nəzərdə tuturdu).

Qalanın ərazisindən xeyli kəklikotu yığdıq.

Xatırladım ki, 1987-ci ildə məktəb direktoru işləyərkən şagirdləri İsa bulağına, sonra isə Şuşa şəhərinə aparmışdım. Artıq o zaman M.P.Vaqifin qəbri üzərində əzəmətli bir abidə ucaldılmışdı.

Bizə xidmət edən maşınların sürücüləri çox mehriban adamlar idi. Onlar bizə dedilər ki, növbəti bazar günü sizi Kəlbəcərə – İstisuya aparmaq istəyirik… Bizə pul lazım deyil, sizi havayı aparacağıq.

Şənbə günü maşınlar qaldığımız yerə gəldi. Yorğan-döşəklərimizi maşınlara yığdıq. Axşamüstü yola düşdük Cəbrayıldan olan Yaqub adlı yoldaşımız qarmonunu götürmüşdü. Gözəl səsi olan yoldaşlarımız da var idi. Musiqi sədaları altında, deyə-gülə, oxuya-oxuya yola düzəldik. Sürücülər tez-tez maşını saxlayıb bizi yerə düşürdürdülər. Gəlin turş su için və ya isti su için deyirdilər. Gecə Tərtər çayının kənarında maşınları saxladılar və biz yorğana bürünüb maşının kuzasında yatdıq. Səhər açılanda olduğumuz yerin yaxınlığında bir yeməkxana gördük. Quzu soyurdular. Yeməkxanaya gedib hərəyə bir şiş kabab yeyib yola düzəldik. Kəlbəcərə yaxınlaşanda hava soyuyurdu. Hamıızın əyinində o vaxtlar dəbdə olan neylon köynk var idi. Kəlbəcərə çatdıq. Ətraf tamamilə duman içində idi. İnsanların çoxunun əyinində palto, kürk vardı. Qarşı tərəfdə olan Dəlidağı bizə göstərdilər. Ora da duman içində idi. Yadımıza dahi şair S.Vurğunla Aşıq Şəmşirin dəyişməsi düşdü “Aşıq Şəmşir, Dəlidağdan keçəndə”…

Biz hara getsək, oranın kitab mağazalarına baş çəkərdik. Kəlbəcərdə mərkəzi küçənin sonundakı kitab mağazasına daxil olduq. Çoxlu kitab aldıq. Bir xeyli gəzdik. Sürücülər dedilər ki, İstisu buradan daha çox soyuqdur. Belə geyimlə orada dayanmaq olmaz. Odur ki, geri qayıtmalı olduq. Tərtər çayının kənarında bir yeməkxana var idi. Bura İsmayıllının “Qaranohur” ərazisində olan yeməkxanaya bənzəyirdi. Döşəkləri maşınlardan düşürdük. Soyunub çayda çimdik. Buradakı yeməkxanada da adama bir şiş kabab yeyib dola düzəldik. Mardakertdən (indiki Ağdərə) keçəndə kabində oturmuş komandir Cabbar müəllimin təsbehi əlindən – maşından yerə düşdü. Cabbar müəllim maşını saxlatdı, yerə düşdü. Orada olan yaramaz erməni uşaqları təsbehi vermədilər. Müəllim nə qədər çalışsa da, təsbehi ala bilmədi.

Qırx gün Ağdamda işlədik. Həmin müddətdə Ağdam məscidinə getdik. Bizə çay verdilər. Biz də nəzirimizi qutuya atdıq.

Seyidli və Kəngərli kəndlərindəki tələbə yoldaşlarımızın evlərində qonaq olduq. İnşaat vaxtımız başa çatdı və biz də gözəl diyardan ayrıldıq.

Üçüncü kursa başladıq. Məni fakültə həmkarlar təşkilatının sədri (tələbələr üzrə)  seçdilər. Eyni zamanda, İnstitut Həmkarlar Komitəsi Rəyasət Heyətinin üzvü seçildim. Rəyasət heyətinə fizika fakultəsinin tələbəsi Aida Bənənyarlı da üzv seçilmişdi.

Mən komitənin mənzil-məişət komissiyasının tərkibində fəaliyyət göstərirdim. Komissiyanın sədri coğrafiya fakültəsinin müəllimi Əsəd Əsədov idi. (Ona Yetim Əsəd deyirdilər). Əsəd müəllimlə tələbə yataqxanalardakı şəraiti yoxlayırdıq.

Ən yadda qalan tədbirlərdən biri də tələbələrin bir qismini Qobustan qayalarına ekskursiyaya aparmağım oldu. Tələbələr qayaüstü şəkillərlə və oradakı kiçik muzeydəki ekspnatlarla tanış oldular.

Mən eyni zamanda filologiya elmlər namizədi Cəfər Cəfərovun rəhbərlik etdiyi “Dilçilik” dərnəyinin sədri, “Filoloq” divar qəzetinin rəssamı kimi ictimai işlərdə çalışmışam.

Dördüncü kursda oxuyanda tələbə yoldaşım İsmayıllıda çıxan “Zəhmətkeş” qəzetində haqqımda “Axundov təqaüdçüsü” adlı məqalə çap etdirmişdi.

1973-cü ildə APİ-nin filologiya fakültəsini Fərqlənmə diplomu ilə bitirdim. Mən APİ-ni sevdim, APİ-də məni qiymətləndirdi. Bizim qrup ilk birləşmədə olduğu üçün bizə institutun ən görkəmli müəllimləri dərs demişdi. Akademiklər F.Qazımzadə, Ə.Dəmirçizadə, professorlar A.Qurbanov, F.Fərhadov, M.H.Təhmasib, M.Məmmədov yazıçı S.Şıxlı, böyük Sabirin oğlu M.Tahirli kimi şəxslər dərs demişdi. Bu şəxsləri həmişə hörmətlə yad edirəm.

Bizim kursda İsmayıllıdan 9 nəfər tələbə institutu bitirdi. İsmayıllı rayonuna 8 nəfər təyinat var idi. Bir qız Göyçaya təyinat aldı. O, həmin rayondan olan oğlanla nişanlı idi.

Mənim arzum öz doğma kəndim Yeniyolda dərs demək idi. Artıq kəndimizdə 8 illik məktəb fəaliyyət göstərirdi. Məktəbdə Azərbaycan dili və ədəbiyyatı dərslərini rus dili müəllimi (orta təhsilli) və ibtidai sinif müəllimi tədris edirdi.

Rayon Maarif Şöbəsinin müdirinə müraciət etdik. O, məni Ağbulaq kənd 8 ilik məktəbinə göndərdi. Atam rayonun o zaman rəhbəri R.Qardaşova müraciət etdi. O, atama deyib ki, müdir düz edib, istəmirsiniz göndərərik Brovdala. Atam da “Brovdal da sovet torpağıdır” – deyib qapını çırpıb çölə çıxıb.

1973-cü ilin sentyabr ayının 1-də Ağbulaq kəninə gəldim. Bu məktəbdə bir ədəbiyyat müəllimi var idi. Direktor 29 saat Azərbaycan dili və ədəbiyyat dərslərinin 15 saatını mənə, 14 saatını digər müəllimə verdi.

Ağbulaqda dərs dediyim VIII sinif şagirdi Azərbaycan haqqında keçirilə inşa müsabiqəsində birinci yeri tutdu və adım rayon qəzetində də qeyd olundu.

Bir ili gözəl insanları olan Ağbulaq kəndində başa vurdum. Rayona yeni rəhbər təyin olundu – Tamara Hümbətova.

1974-cü ilin avqust tarixində T.Hümbətovanın qəbuluna getdim. Vəziyyəti ona danışdım. O, dərhal telefonu əlinə alıb maarif müdirinə dedi ki, bir nəfər Fərqlənmə diplomu ilə institutu bitirmiş müəllimi yanınıza göndərirəm. Onu öz kəndlərinə göndərin.

1974-cü ilin sentyabrında Yeniyol məktəbinə gəldim. Mənim ardımca ikinci bir ədəbiyyat müəllimi göndərildi. Mən öz kəndimizdə həvəslə işlədim. Camaat məni sevdi, qiymətləndirdi. Bu sevgi və hörmət bu gün də var.

Məktəbimizə 1994-cü ildə direktor təyin olundum. 10 il direktor işlədim. Direktor işləməyim dərs deməyimə mane olurdu. 1991-ci ildə müstəqillik əldə etdik. Bir müddət çətinliklər oldu. Bir həftədə 2-3 dəfə rayona getməli olurdum. Dərslərim boş qalırdı. Odur ki, 1994-cü ildə ərizə yazıb direktorluqdan çıxdım.

1994-cü ildə məktəbimizə orta məktəb statusu verildi. Məzunlarımız heç bir müəllim yanına getmədən yüksək nəticə əldə edirdilər.Məktəbimizin göstəriciləri çox vaxt rayon səviyyəsindəkindən yüksək olurdu.

2004-cü ildə məktəbimizin yanında 4 otaqlı yardımçı bina tikdilər. Binanın açılıışında RİH-nin başçısı Ə.Tağıyev də gəlmişdi. Orada Rayon Təhsil Şöbəsinin müdiri R.Orucov dedi ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 8 illik qəbulun nəticələrini açıqlayıb. İsmayıllı rayonunda ədəbiyyat fənni üzrə ən yüksək göstərici Yeniyol məktəbindədir. Həmin il təhsil şöbəsinin müdiri məni Fəxri fərmanla təltif etdi.

Şəkilimi İsmayıllı Rayon Təhsil Şöbəsindəki “Şərəf lövhəsi”ndən asdılar. Müəllim günündə hədiyyə verdilər. 60 yaşım tamam olanda yenə RTŞ-dən Fəxri fərmanla təltif olundum .

Beləliklə, 44 il müəllim işlədim. Kənd məktəbinin məzunlarından 4 nəfəri ədəbiyyat müəllimi oldu.

Müəllim peşəsini çox sevdim. Ailəmiz müəllimlər ailəsidir. Hər iki oğlum, hər iki gəlinim müəllimdirlər. Özü də yaxşı müəllimdirlər.

Əziz oxucu, bunları özümü tərifləmək üçün yazmadım. Onsuz da həm institut, həm də RTŞ-i zəhmətimi layiqincə qiymətləndirib. Çoxları da mənim necə müəllim olduğumu bilir. Bunları ona görə yazdım ki,  ilk növbədə ümumilli liderimiz Heydər Əliyev 1969-cü ldə hakimiyyətə gəlməklə Azərbaycanda ədaləti bərpa etdiyini biləsiniz. (Ulu öndərin Azərbaycan xalqı üçün etdikləri haqqında vaxtaşırı şagirdlərimə məlumat vermişəm). İkincisi, hər kəs peşəsini sevib, seçməlidir. Məqsədə çatmaq üçün mübarizə aparılmalıdır. Və sonda, hamı bilsin ki, həyatda yaxşı adamların sayı olduqca çoxdur.

Səlahəddin Mirzəyev

Şərh Yaz