Hər bir vətəndaşın hüquqi və mənəvi borcu var    

 İyunun 8-də İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH), İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “İnsanların inanc azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə İsmayıllı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, İsmayıllı UADM-nın direktoru Lətifə Əliyeva, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, İsmayıllı Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Xuraman Qurbanova, Mədəniyyət Nazirliyi  yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin əməkdaşı Samir Zülfiyev, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov, DQİDK-nin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı şəhər “Məhəmmədiyyə” məscidinin imamı Röya Balayev, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı müxtəlif mədəniyyətlərə və dinlərə mənsub millətlərin nümayəndələrinin tarix boyu Azərbaycanda əmin-amanlıq şəraitində yaşadıqları vurğulanaraq bildirilib ki, Azərbaycanda fikir, söz və vicdan azadlığına geniş təminat verilib. Müstəqillikdən sonra ölkədə dini məsələlərlə bağlı mühüm və ciddi addımlar atılıb. Ölkəmizdə etiqad, inanc azadlığı bərqərar olunub, vətəndaşların vicdan azadlığı Konstitusiyamızın 48-ci maddəsində öz əksini tapıb, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda geniş şəkildə təsbit olunub. Daha sonra dövlətimiz tərəfindən insan hüquqlarının qorunması, hüquq və azadlıqlarının təmin olunması sahəsində atılan mühüm addımlardan danışılıb, insanların inanc azadlıqlarına hörmət etməyin hər bir vətəndaşın hüquqi və mənəvi borcu olduğu qeyd edilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Aydın Səmədov

 

 

 

Şərh Yaz