Ulu öndərin ənənələri davam etdirilir

2 dekabr 2022-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin 1022 – məktəbəqədər təlim-tərbiyə qrupu ilə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi, kollecin müəllim və tələbələri, UADM-nin əməkdaşları, 2 saylı Körpələr Evinin balaca fidanları və müəllimləri, fiziki sağlamlıq məhdudiyyəti olan uşaqlar, onların valideynləri iştirak ediblər.

Tələbələr hazırladıqları konsert proqramı ilə çıxış ediblər. 2 saylı körpələr-evinin məsum fidanlarının rəqsləri isə xüsusi maraqla qarşılanıb.

Tədbirdə kollecin müəllimi Aynur Kazımova, UADM-nin direktoru Lətifə Əliyeva günün mahiyyətini açıqlayan fikirlərlə çıxış ediblər. Bildiriblər ki, 3 Dekabr – Beynəlxalq Əlillər Günü 1992-ci ildən qeyd olunmağa başlayıb. Bu işdə məqsəd cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan insanların hüquqlarını qorumaqdır. Respublikamızda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə yaxşılaşdırılır. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyası tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün hər bir Azərbaycan gənci Ulu öndərin bu ənənəsini davam etdirməli, əlidən gəldiyi qədər fiziki məhdudiyyətli insanların yanında olmalıdır.

Sonda xatirə şəkli çəkilib və fiziki sağlamlığı məhdud uşaqlar valideynləri ilə birgə çay süfrəsinə dəvət olunublar. Uşaqlara hədiyyələr təqdim olunub.

Səkinə Qubatova,

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin fransız dili müəllimi

Şərh Yaz