Oxuyaq, oxumağı sevdirək

20 sentyabr 2022-ci il tarixində İsmayıllı rayon MKS-nin təşkilatçılığı ilə “Oxuyaq, oxumağı sevdirək” layihəsinin növbəti ünvanı təhsil ilinin başlanması ilə əlaqədar İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci oldu.

İlk olaraq Vətən torpaqlarının bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Ardınca kollecin müəllimi Elmir Ağayev təhsil ocağının fəaliyyəti haqqında qısa məlumat verdi, əldə olunan uğurlardan, tələbələrin təhsil həyatındakı nailiyyətlərindən danışdı.

Kitabxananın direktoru Orxan Ağayev yeni dərs ili münasibəti ilə tələbələri təbrik edərək, dərslərində uğurlar arzuladı. Son dövrlərdə kitabxanaların oxucuların tələbatına uyğun ədəbiyyatla təmin olunmasından, Mərkəzi kitabxananın fəaliyyəti haqqında tələbələri məlumatlandırdı.

Kitabxananın əməkdaşları – Leyla Şirinova və Nailə Həmzəyeva tələbələrə elektron kitabxana, “Mütaliəçilər” kitab klubu haqqında geniş məlumat verdi. Dərslərlə yanaşı, dünya görüşünün formalaşmasında kitabxananın, kitabın əvəzsiz rolundan danışıldı. Kitabxana fondunda Azərbaycan, həm də xaricidilli ədəbiyyatın, kollec tələbələrinin ixtisaslarına uyğun kitabların olması haqqında məlumat verildi.

Görüşdə gənclərin mütaliəyə maraq göstərmələri, öz fikirlərini düzgün ifadə etmək üçün kitabların inkaredilməz təsirindən danışılıdı. Tələbələrlə qarşılıqlı dialoqlar, maraqlı söhbətlər oldu. “Mütaliəçilər” klubuna yeni üzvlər qoşuldu. Yeni kitablara geniş maraq olduğu aşkarlandı. Sonda kitabxana əməkdaşları mütaliə ilə bağlı yaradılan şəraitə görə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin rəhbərliyinə və müəllim kollektivinə təşəkkürlərini bildirdilər.

 E.Mikayılova

Şərh Yaz