“Dağ çiçəkləri”

İncidi

Özümə “Qoca“-dedim,

Küsdü, canım incidi.

Gördüm ləldi ürəyım,

Hələ canım incidi.

Ömrümü yaxa-yaxa,

Tək sözə verdim yaxa.

Əzəldən qəlbim yuxa,

Ruhum, canım incədi…

Şairə dərd nə haqdan?

Nə qismətdən, nə Haqdan ?

Heyif, məni nahaqdan

İndi canım incidir…

Nazir Ziya Talıstanlı

Ömrünə dağılmışam

Sevmirəm vidaları,

Ayrılıq mənlik deyil.

Ürəyim yanmış tala,

Yaşıl çəmənlik deyil.

Çilərinib üzümə qan,

Gözlərim yaşdan keçib.

Ürəyim dönüb daşa,

Qanım da daşdan keçib.

Bir də gördüm bahardır,

Gördüm yetişib payız.

Səmalar bulud-bulud,

Göylərimsə durnasız.

Gözlərim ovcumdadır,

Kirpiyim batıb qana.

Dözmüşəm ömrüm boyu,

Ağrılı bir hicrana.

Bu dəli sevdaların,

Sirrini zaman bilir.

Səni məndən eyləyən,

Baxıb kənardan gülür.

Susuz qönçələr kimi,

Yanmışam, yaxılmışam.

Mən özüm də bilmədən,

Ömrünə dağılmışam.

Murad Məhərrəmov

Bircə ölüm olmasın

Yurd sinəsi ovulmaz,

Yurda qənim olmasa.

Günlü günüm qaralmaz,

Duman, çənim olmasa.

Sevincim min-min olar,

Arzularım çin olar.

Ömrüm toy-düyün olar,

Şeytan-cinim olmasa.

Heyif, hamar olmur yol,

Sağda həmin neçə sol.

Qazancım təkcə “sağ ol”,

Bircə ölüm olmasa!

Mövlud Teymur

Kəndimiz

Kupücün arxası Yuxarı Cülyan,

Vəfalı qaladır dağlara həyan.

Hanı Daxar, Zanqi bu qanlı dövran,

Çox yurdu batırdı öz qarğışında”.

Musa Yaqub

Alovu səngiyib, ocağı sönüb,

Tüstüsü səmada buluda dönüb.

O haydan, haraydan, büsatdan enib,

Bir qərib sükuta sığdı kəndimiz.

Doğma addımlara yolu tamarzı,

Qayası tamarzı, kolu tamarzı.

Sıxıb qucağına hər gələn yazı,

Ümidin yollardan yığdı kəndimiz.

Barlı budaqları boynunu əyib,

Armudu yetişib, moruğu dəyib.

Bir çeşmə dililə min nəğmə deyib,

Bənövşə gözüylə baxdı kəndimiz.

Təmiz təravəti, havası canda,

Çırpınır ürəkdə, dolanır qanda.

Bəs niyə demirik dağlar dalında,

Qaradı kəndimiz, ağdı kəndimiz.

Biz ki, biz deyildik, bizi biz etdi,

Ocağı üfürüb, külü köz etdi..

De, hansı qayğını sonda söz etdi,

Bizim başımıza qaxdı kəndimiz?

Köçdü bu dünyadan nənələrimiz,

Dil açdı, yeridi körpələrimiz.

Bir gün bizdən sorsa nəvələrimiz,

Siz Allah, deməyək: “Yoxdu kəndimiz”.

Rütbə qazanmışıq, dövlət-varıyla,

Güney çiçəyilə, quzey qarıyla.

Nə yaxşı ən kövrək bulaqlarıyla,

Bir şair qəlbinə axdı kəndimiz,

Bir şair qəlbinə axdı kəndimiz…

Cəbrayıl Hüseyn

Mən olmayan yerdə

Məndən küsməyində bir səbəbmi var,

Səni unutdummu, üzmü çevirdim?

Eh! Allah xətrinə barışmaq olar,

Onunla bərabər səni sevirdim…

Adını çəkmirəm, inciyər o gül,

Gözümü yumummu, üz-üzə gəlsək?

Mənə nə qalacaq – bir lal, boş könül –

Dünya bizim olsa, ikiyə bölsək.

Necə gəzdirirsən o daş ürəyi?

Mən orda yoxamsa, dünyan cılız, dar.

Yox! Çətin olasan cənnət mələyi,

Cəhənnəmlik olur könül qıranlar.

Duyuram, əzabın dünyaya sığmır,

Daha ah-ofun da yoxdur faydası

Gəl!” – deyən barmağın nömrəmi yığmır,

Dəyişib hər şeyin üzü, qaydası.

Sevinci yel olar məndən küsənin,

Kəsər qarşısını uca daş divar.

Dünən dünyan idim, indi bəs sənin,

Mən olmayan yerdə, kimin, nəyin var?

Şahməmməd Dağlaroğlu

Elə bil

İlahi, ruhlara bir fərəh gətir,

Dünyanın sevinci bəs harda itib?

Elə bil kabusun əlləri gəzir,

Ömrün mənası da sonuna çatıb.

Bir ağ gün gətirsin bahar gəlişi,

Mənasız olmasın keçən ömür, gün.

Donmasın üzlərdə təbəssüm, gülüş,

Olmasın insanlar dərdlərdən üzgün.

İnsanlıq yoluna çal-çağır gətir,

Xeyir əməllərdən sıra düzülsün.

Şərin əllərindən nəyi var götür,

Novrağı biryolluq haqqdan pozulsun.

Günəşın nuruna boyansın aləm,

Dünyamız cənnətin bağına dönsün.

Getsin ürəklərdən bu qəm, bu ələm,

Mələklər uçuşub, yerlərə qonsun.

İlahi, ruhlara bir fərəh gətir,

Dünyanın sevinci bəs harda itib?

Elə bil kabusun əlləri gəzir,

Ömrün mənası da sonuna çatıb.

Mehriban İbrahimova

Gedim

80 yaşlı Əvəz Küskünün dilindən

Sənə qurban olum, Qələm,

Mənim dərdimi yaz, gedim.

Onu xanəndə eyləsin

“Segah” üstə avaz, gedim.

Rəhm elə bu sirr-adama,

Bu nurani, pir adama.

Qovuşdur məni sevdama,

Axım Kürə-Araz gedim.

Dərd çiynindən basdı ömrün,

Göz yaşından asdı ömrü.

Qəm-kədəri bəsdi ömrün,

Sevinci ver, taraz gedim.

Qarabağ yırtdı kəfənin,

Azad gördüm can Vətəni.

İnnən belə güldür məni,

Qıyma küskün Əvəz gedim.

Tərlan Saleh

Evlər körpəsiz olmasın

Tanrının payıdır oğul da, qız da,

Kimi qışda alar, kimi payızda.

Evlər var, duada illər uzunu,

Haqqın dərgahına tutub üzünü.

Üç il, b il keçir, on, on beş olur,

Körpəsiz bir qadın əzabkeş olur.

Bir də görürsən ki, bəxt gülür üzə,

Ömrün geləri dönür gündüzə.

Ümidi sönmüşün yanır çırağı,

Döyülür qapısı, gəlir qonağı.

Gəlin ana olur, küskün ər ata,

Yenicə gəlirlər sanki həyata.

Divarlar canlanır körpə səsindən,

Ay doğur ananın zümzüməsindən.

Açılır qəlblərdə yeni bir sabah,

Evləri körpəsiz qoyma, ay Allah!

Şərqiyyə Balacanlı

Sevirəm səni

Mənasız görünər bu dünya mənə,

Bircə gün gözümə görünməsən sən,

Qol qanad açıram səni görəndə,

Dünya gözlərimə çox görünür şən.

Dünya neməti tək şirinsən mənə,

Bəlkə bundan artıq sevirəm səni,

Xəyalın hər zaman gözlərimdədir,

Bağlamısan qəlbən özünə məni.

Sanki göydən yerə enmiş pərisən,

Gözəllər içində gözəlsən, gözəl,

Vəfalı dostumsan, qəlb sirdaşımsan,

Qəlbimdə hər şeydən əzəlsən, əzəl.

Mən səni sanıram sanki bir mələk,

Gözümdə, könlümdə yoxdur səni tək,

Canım tək sevirəm səni dünyada,

Bağlanıb qəlbimdə sənə saf istək.

Səninlə hər günüm mənim şad olar,

Alaram elə bil xoş, təmiz nəfəs,

Bilirsən nə qədər sevirəm səni,

Səninlə yaranır qəlbimdə həvəs.

Xuraman Baxış

Ağla məni

Bəxti qara geymiş, biçarə yarım,

Utanma, yaxına gəl, ağla məni.

Dilim tutmayır ki, dərdimi deyim,

Əlimi əlinə al, ağla məni.

Ah, nə deyim zalım fələk deyənə,

Vaxtsız əcəl səni çox gördü mənə.

Qəribsən, cavansan qıymıram sənə,

Ölüncə namuslu ol, ağla məni.

Sənlə yaşadığım o üç ilimi,

Süfrəyə uzanmış qalan əlimi,

Qanlı paltarımı, qara şalımı,

Arabir yadına sal, ağla məni.

Ana olub, önündə şən durmadım,

Qonaqlıq vermədim, məclis qurmadım.

Ömrümü səninlə başa vurmadım,

Vəfasız dünyaya gül, ağla məni.

Şirinbəyim bacım, Feruz qardaşım,

Sevimli tay-tuşum, həkim yoldaşım,

Qurbanı olduğum torpağım, daşım,

Gedirəm, salamat qal, ağla məni

Sayad İbrahim

Bura

Yolla, orda qalan kürkümü göndər,

Yaşanır burda qar, qış düşüb bura.

Sağalda bilirsən, gəl, sağalt indi,

Qanadı qırılmış quş düşüb bura.

Yıxılır bu üstə, dəyir o biri,

Deyə bilmirəm ki, ağlama, kiri.

Düşməyə tapmayıb hardasa yeri,

Götür-qoydan ötrü daş düşüb bura.

Qazan var qaynamır, soyuyubdu sac,

Kimsəyə pul, kimə dərd-qəmdi qazanc.

Ola-ola dolulara ehtiyac,

Dolu düşməyibdi, boş düşüb bura.

Korlaması var kitabı, dəftəri,

Bilirsiniz nə boydadı zərəri.

Məsləhətdən, məşvərətdən ötəri,

Adil yer yapmayıb, çaş düşüb bura.

Görməyim ananı deyəndə ağı,

Tərk etsin sinəni yarası, dağı.

Deyim ki buranın xoşdur növrağı,

Deməyim nisgil var, yaş düşüb bur.

15 avqust 2022-ci il

Tamam Nur Tağlabiyanlı

Zaman məni ayaqladı

Rüstəm Məbudoğlunun “Zaman gəldi, ayaqladışeirinə

Dünyaya gələr-gəlməz xəstəliyə tutuldum,

Sığalını duyanda ataya həsrət oldum.

Qardaşımın, bacımın vaxtsız yarasın aldım,

Zaman məni ayaqladı

Yersiz ayaq açanda, yerlilər qaçar oldu,

Xoş gün arzulayanlar dərdlərə düçar oldu.

Mənim acı taleyim zillətə açar oldu,

Zaman məni ayaqladı

Təzəcə o dilbərə, yarıma yetəndə mən,

Rast gəldim pis baxışa, yollarımı tutdu çən.

Sevinc, şadlıq dadmamış saçlarıma düşdü dən,

Zaman məni ayaqladı

Qəm-kədərdə ötən günüm gəlməz saya,

Nə ad verim, taleyimə, puç sevdaya.

Arzuladım, qışdan keçim, çatım yaya,

Zaman məni ayaqladı

Vaxt olmadı, tutum nəbzin ömrün, anın,

Sanki qəmi mənə qalmış bu dünyanın.

İstəyirdim əlin tutum mən zamanın,

Zaman məni ayaqladı

Dilsiz oldum, qəribliyə düşən gündən,

İncidən yox, küsdüm amma öz-özümdən.

Son arzumdu – Səni bir də görəm, Vətən,

Zaman məni ayaqladı

Nizami Nadirov – Göyçəli

Qəmə

Ürəyimdə yuva qurdum,
M
ənə məndən baxan qəmə.
Yanaqlar
ım oldu həmdəm,
G
özlərimdən axan qəmə.

Bu yollarda qaldı ömrüm,
G
ündü, aydı, ildi ömrüm.
Q
əlyanaltı oldu ömrüm,
U
ğuruma çıxan, qəmə.

Ömrü  boyu dedik yalan,
A
ğrı oldu bizə qalan.
Özümüzük həyan olan,
Özümüzü yıxan qəmə.

Daşdan-daşa dəydi başım,
Əydi belim, əydi başım.
Əl çəkən deyil, qardaşım –
Öyrəndisə yaxan, qəmə.

Vüqar: Ürək dedi, yazdım,
Dedin verm
əz xeyir, yazdım.
Yaltaqlan
ıb şeir yazdım –
Ürəyimi sıxan qəmə.

Vüqar Vaqifoğlu

Şərh Yaz