Roman müzakirəsi

Bu gün İsmayıllı rayon Mərkəzi kitabxanasında “Mütaliəçilər” kitab klubunun üzvlərinin iştirakı ilə görkəmli İrland yazıçısı Oskar Uayldın “Dorian Qreyin portreti” romanının müzakirəsi keçirilib.

Müzakirə zamanı iştirakçılar romanın qəhrəmanlarını təhlil etdilər, hərə öz fikrini bildirdi və romandan sitatlar oxudular.

Görkəmli İngilis yazıçısı Oskar Vayld 1854-cü ildə anadan olmuşdur. Yaradıcılığa tələbəlik illərindən başlamışdır. O, bir çox nağılların müəllifidir və nağıllarında zəmanə insanlarının meşşan həyat tərzini, daş-qaşa, şan-şöhrətə aludə olduğunu göstərməyə çalışmışdır.

Oskar Uayldın ən uğurlu əsəri “Dorian Qreyin portreti”di…. Onun öz dili ilə desək, “Bir ruhun hekayəsi”!

Əsərin əsas qəhramanı Dorian Qrey – məsum, saf bir gəncdir. Günlərin bir günü rəssam Bazil Holvard gənc və gözəl Dorianın portretini çəkir. Gənc öz portretinə aşiq olur və düşünür ki, qocalıb öz gözəlliyini itirsə də, portret hər zaman eyni yaşda və gözəl qalacaq. “Əksinə olsaydı, portret dəyişsəydi, mənsə hər zaman indiki kimi qala bilsəydim, bunun naminə ruhumu İblisə də satardım”-deyir. Və onun arzusu eşidilir.

İblis lord Henrinin simasında təcəlla edir və bir vaxtlar rəssamın çəkdiyi saf, məsum Dorian öz istəklərinə çatmaq uğrunda hər bir cinayətə əl atır. Mərhəmət-zülm, yaxşı-pis anlayışlarını itirir, bəşəri dəyərlərdən tamam uzaqlaşır. Dorian həyatını kefə, əyyaşlığa xərcləyir. Özünü kefə qapdıran gənc bataqlıqdan çıxa bilmir. İllər keçir, amma o, gəncliyini, gözəlliyini itirmir. Əksinə, üzündə şeytani cazibə yaranır. Ancaq portret dəyişir, eybəcərləşir, qocalır. Portret onun vicdanıdır. Və Dorian portreti hər kəsdən gizlətməyə məcbur olur. Portreti görən adamları öldürür, hətta müəllifi olan rəssam Bazil Holvardı da. Vicdanıyla üz-üzə gəlmək onun üçün əzablıdı. Və bir gün dözə bilmir. Vaxtilə Bazili öldürdüyü bıçağı portretə sancır. Dəhşətli çığırtıya gələnlər otaqda gənc oğlanın gözəl portretini və yerdə iyrənc, murdar qoca meyidini görürlər. Qocanın barmağındakı üzüklərdən onun Dorian olduğu anlaşılır.

Esmira Mikayılova

Şərh Yaz