Tarix müəllimiydi, qanıyla tarix yazdı

 

Əslən İsmayıllı  rayonundan olan, tarix müəllimi, Qarabağ uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş, şəhadətə qovuşduqdan sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”  medallarına layiq görülmüş Famil Ağaəhməd oğlu Əhmədzadənin əziz xatirəsinə ithaf edirəm.     

 

Famil müəllim idi, tarixdən deyirdi dərs,

Öyrətməyə var idi, onda sonsuz bir həvəs.

 

Qəlbində doğma yurda, tükənməzdi məhəbbət,

Deyirdi, “Bu diyarda, yaşamaq bir səadət,

Bizimdir bu Vətənin, Quzeyi, həm Güneyi”,

Məktəbdə yaratmışdı, zəngin tarix muzeyi.

 

Söyləyirdi, uşaqlar, sevin  eli, torpağı,

İnanın, qaytaracaq, bu sevgi Qarabağı.

Müharibə başladı, haqq-ədalət savaşı,

Famil də dayanmadı, olsa da qırx beş yaşı

 

Orduya yazıldı o, könüllü, zabit kimi,

Hünərlə döyüşürdü, qorxmaz bir igid kimi.

Əsgərlər arasında vardı, xətir-hörməti,

Onlara güc verirdi müəllimin söhbəti.

 

Budur, hər gün, hər səhər hücumdadır ordumuz,

Addım-addım düşməndən azad olur yurdumuz.

Ordumuz düşmənləri məhv edir rəşadətlə,

Famil də göz qırpmadan döyüşür cəsarətlə.

 

Doymazdı danışmaqdan yurd dağından, daşından,

Arzusuydu, bir kitab yazsın haqq savaşından.

Döyüşdü pələng kimi, aslantək Suqovuşanda,

Bir fəxarət duyuruq, Famildən danışanda.

 

Tarix müəllimiydi, qanıyla tarix yazdı,

Şəhidlər olmasaydı, torpaq Vətən olmazdı.

Qanı yerdə qalmadı, Vüqar qisasın aldı,

İgid zabit qardaşı düşməni lərzə saldı.

 

Doğma eli-obası İsmayıllı olsa da,

Burda ayaq açsa da, burda yaşa dolsa da,

Anam Azərbaycanın hər  yerində tanınır,

Ürəklərdə yaşayır, məhəbbətlə anılır.

 

Yetirdiyi nə qədər, layiqli şagirdi var,

Adına layiq olan oğlu var – Fəridi var.

Famil müəllim kimi, oğullar ölə bilməz,

Haqq məğlub ola bilməz, haqqın qolu bükülməz!

Coşqun  XƏLİLOĞLU

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Şərh Yaz