1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bayramınız mübarək, əziz balalar!   Alabaş və tülkü                                                

 

(Uşaqlara bayram hədiyyəsi)

 

Hava isti idi. Çoban qoyunları otlağa ötürüb, ağacın kölgəsində dincəlirdi. Alabaş qoyunların yanında gəzişir, onlara göz-qulaq olurdu. O ağıllı və vəfalı bir it olduğundan sahibi onu çox istəyirdi.

Qoyunlar sakit otlayır, Alabaş isə bir kənarda uzanmışdı. Birdən it gördü ki, bir quzu otlaya-otlaya meşənin içinə doğru gedir. Quzu geri dönmədiyindən it birazdan quzunun ardınca meşəyə girdi. Meşə o qədər sıx idi ki, Alabaş quzunun hahsı tərəfə getdiyini görə bilmədi. İt meşədə irəlilədikcə sağ-soluna baxır, arada isə hürürdü.

Çoban birdən gözün açdı, gördü ki, Alabaş yoxdur. Qoyunlar da ətrafa səpələnib mələşirlər. O tez yerindən qalxdı və çomağını əlinə alıb qoyunları bir yerə yığıb, saydı, baxdı ki, quzunun biri yoxdu. Elə bildi sürüyə canavar hücum edib. Amma sonra ətrafına göz gəzdirdi və gördü ki, bura qurd gəlməyib və Alabaş da yoxdur. Ətrafı təlaşla gəzərək Alabaşı səslədi. Meşənin içində Alabaşı nə qədər səsləsə də ondan cavab gəlmədi. Artıq qaranlıq düşməyə başlamışdı. Çoban çarəsiz qoyunları toplayıb evə döndü. Bir az daha sonraya qalsa, sürüyə vəhşi heyvanlar hücum edə bilərdi.

Alabaş meşənin ta dərinliyinə kimi getmişdi. Orda dəstədən ayrılan quzunu axtarırdı. Birdən ağacların ardından hənirti səs gəldi. Alabaş öncə düşündü ki, səsi gələn quzudur. Tez ağacın arxasındakı kolun üstünə tullandı, amma gözləmədiyi halda kolun arxasından bir tülkü qaçıb daşın üstünə çıxdı. Alabaş bir anlıq dayanıb ətrafa boylandı və təəccüblə tülküyə baxdı. Tülkü də Alabaşa baxıb dedi:

– Sən kimsən? Məni yaman qorxutdun. Burda nə işin var?

– Bağışla, istəmədən oldu. Mənim adım Alabaşdır. Sahibimin sürüsündən ayrılan quzunu axtarıram. Dəqiq bilirəm ki, o meşəyə girdi.

– Artıq qaranlıq düşüb, sən quzunu tapa bilməyəcəksən. Yaxşısı budur qayıt evinə. Bura sənə görə çox təhlükəlidir.

– Olmaz, quzu bu gecə burda qalsa, qurdlar onu yeyəcək. Onu tapıb sürüyə qaytarmalıyam.

– Onda özün bil.

Tülkü daşın üstündən düşüb yavaş-yavaş Alabaşdan uzaqlaşırdı ki, Alabaş onu səsələdi:

– Dayan, mənə sənin köməyin lazımdır.

– Mən sənə necə kömək edə bilərəm axı?

-Sən buraları yaxşı tanıyırsan, hər yerə bələdsən. Mənə quzunu tapmaqda kömək et, mən də əvəzində istədiyini edərəm.

Tülkü ani olaraq fikrə getdi və Alabaşa dedi:

–  Sənə kömək edərəm, amma bir şərtim var.

– Nə istəsən edərəm.

Tülkü Alabaşın yanına gəlib:

– Mənim neçə il bundan qabaq gözəl bir yuvam var idi. Günlərin birində yuvamdan çıxıb, yem danınca getdim, qayıdanda dəhşətli bir səhnə gördüm. Yuvamda tanımadığm üç tülkü var idi. Onlara nə qədər bura mənim yuvamdır desəm də eşitmədilər. Qolumdan tutub çölə atdılar və üstəlik hədələdilər ki, bir də buralarda görünməyim. Çarəsiz yuvamı tərk etməli oldum. O gündən bu kolların arxasında birtəhər, qorxa-qorxa yaşayıram. İndi mənə söz ver ki, o tülkülərin dərsini verib, yuvamdan qovacaqsan. Məndə sənin quzunu tapmaqda sənə kömək edim.

– Yaxşı, bəs mən onları necə qovacam?

– Mən sənə deyəcəm. Bir planım var.

Alabaş çarəsiz şəkildə başını yelləyib dedi:

– Razıyam. Sənə kömək etməyə söz veririəm. Amma vaxt itirmədən mənə kömək elə, quzunu tapım.

– Oldu,  Alabaş, mən hazır.

Tülkü Alabaşla quzunu axtarmağa başladı. Meşənin hər tərəfinə baxdılar. Quzudan əsər-əlamət yox idi. Birdən tülkü nəm torpağın üstündə quzunun ayaq izlərini gördü. Astadan Alabaşı səsləyib dedi:

– Bu izlərə bax, yəqin sənin axtardığın quzunun ayaq izləridir.

Alabaş diqqətlə baxdı, həqiqətən də ayaq izləri quzunun idi.  Quzu özü də hardasa buralarda olmalı idi. Alabaş tülküyə dedi:

– Afərin sənə, düz tapmısan, hə bu izlər quzunundur. Ətrafa diqqətlə baxmaq lazımdır.

– Burdan gedək.

Tülkü və Alabaş ətrafa nəzər yetirdilər, quzunun izlərini izləyə-izləyə gəlib bir açıqlığa çatdılar. Alabaş diqqətlə baxanda gördü ki, bir quzu kolun dibinə qısılıb. Qorxusundan tir-tir əsir. Alabaş quzunun yanına gedib onu kolun dibindən çıxartdı və ardınca gəlməsini tapşırdı.  Tülkü də onlarnan bərabər gəlir, yolda birdən Alabaşa kömək lazım ola biləcəyini düşünürdü. Meşədən çıxana yaxın Alabaş dayandı və arxaya baxıb tülküyə dedi:

– Çox sağ ol, tülkü lələ.  Sənin köməyin olmasaydı mən bu işi bacarmayacaqdım.

– Sən də sağ ol, amma unutma ki, söz vermisən, sən də mənə kömək edəcəksən.

– Narahat olma, quzunu sürüyə qatıb, qayıdıb sənə mütləq kömək edəcəyəm.

Gecədən xeyli keçmişdi. Çoban tez-tez çıxıb çölə baxırdı.  Alabaş üçün narahat idi. Son dəfə çoban təzəcə komasına girmişdi ki, çöldən it səsi gəldi. Gələn səs Alabaşın idi. Yanında da quzunu gətirmişdi. Çoban sevincindən iti qucaqladı, başını sığallayıb üzündən öpdü. Quzunu anasının yanına salıb, itə yem və su verib yuvasına saldı.

Səhər tezdən çoban sürüsünü götürüb yola çıxdı. Bu dəfə çoban daha diqqətli idi və tez-tez itinə baxırdı ki, birdən yenə nəsə olar. Sürü meşənin yanındakı otlaq sahəsində idi. Qoyun-quzu otlamaq üçün ətrafa səpələnmişdi. Çoban heyvanları gözdən qoymurdu.

Alabaş fürsət axtarırdı ki, tülküyə verdiyi sözü yerinə yetirmək üçün meşəyə girsin. Amma çoban iti bir dəqiqə belə gözdən qoymurdu. Alabaş isə bu nəzarətdən yayına bilmirdi. Bu hal bir-iki saat belə davam etdi.  Günortaya yaxın yorğun çoban iri bir ağacın kölgəsində oturub su içmək istədi. Bu zaman Alabaş bunu fürsət bilib meşəyə girdi və dünən tülkü ilə rastlaşdığı səmtə getdi. Xeyli gedəndən sonra gəlib tülkünü tapdı. Tülkü Alabaşı görüb sevinə-sevinə dedi:

– Nə yaxşı gəldin, elə bildim gəlməyəcəksən.

– Heç elə şey olar? Mən sənə söz vermişdim axı. Hə, vaxtım azdı. İndi de görüm, nə etməliyəm?

– Bir az nəfəsini al.  İndi sənə hər şeyi başa salacam. Birlikdə yuvamın yanına gedəcəyik, yuvanın kənarında dayanıb izləyəcəyik. Tülkülərdən hər hansı biri çölə çıxan kimi əl-qolunu bağlayıb, başına da torba keçirəcəyik. Amma elə etməliyik ki, onlar bizi görməsin. Hər üçünü bu hala saldıqdan sonra, aparıb hərəsini ayrı-ayrı yerlərdə gizlədəcəyik.

-Yaxşı, bəs sonra?

– Sonra sən onları yaxşıca qorxudarsan. Gözləri və əlləri bağlı olduqlarından onlar səni görə bilməyəcəklər. Elə biləcəklər ki, sən onları öldürmək istəyirsən.

– Yaxşı, dedidiklərini edəcəyəm.

– Onda vaxt itirmədən gedək yuvamın yanına.

Alabaş və tülkü sakitcə, gizlənə-gizlənə gəlib tülkülər olan yuvanın lap yaxınlığında gizlənib gözlədilər. Xeyli gözlədikdən sonra yuvadan çıxıb harasa getmək istəyən tülkünü torbaya salıb gizlətdilər. Tülkü nə qədər çırpınıb qışqırdısa da dostları onun səsini eşitmədilər. Alabaş dostunun köməyi ilə birinci tülkünü bir az aralıda gizlədə bildi. Sonra o biri iki tülkünü də qaçırdıb gizlətdilər. Tülkülər möhkəm qorxmuşdurlar, bilmirdilər ki, canlarını necə qurtaracaqlar?

Tülkü Alabaşa dedi:

– Çox sağ ol, dostum biz nəhayət ki, bu işi bacardıq. İndi isə sən onların hər birinin yanına get və onları qorxut. De ki, onları yeyəcəksən.  Elə et ki, onlar sənin canavar olduğunu bilsinlər. Sonra çəkilib bir kənarda gizlən. Mən az sonra onların yanına gedib onları bir-bir xilas edəcəyəm.

– Sən də sağ ol. Amma onlar  yenidən sənin evinə qayıdacaqlar axı.

– Narahat olma. Onları bir şərtlə xilas edəcəyəm ki, bir də buralarda görünməyəcəklər.

– Yaxşı, sən deyən olsun.

Alabaş deyildiyi kimi tülkülərin yanına gedib onları bərk qorxutdu. Hər birinə acıyan kimi gəlib onu yeyəcəyini dedi. Tülkülər yəqin etdilər ki, onları canavar tutub və istədiyi vaxtda parçalaya bilər. Möhkəm hədə-qorxudan sonra Alabaş kolların arxasında gizləndi. Tülkü onun evini ələ keçirən tülkülərdən birinin yanına gəldi.

– Qardaşım, səni kim bu hala salıb? Burda nə işin var axı?

Tülkü tanış səs eşidən kimi yalvarmağa başladı:

– Xahiş edirəm, mənə kömək elə.

– Mən sənə kömək edə bilmərəm. Sən və dostların mənim evimi əlimdən almışdınız.

– Yalvarıram. Məni azadlığa burax, bir daha burlara gəlmərəm. Evinə də girmərəm. Təki canavardan canım qurtarsın, yoxsa o məni yeyəcək.

– Yaxşı, bir şərtlə sənə kömək edərəm. Söz ver ki, bir daha bura gəlib məni narahat etməyəcəksən.

– Söz verirəm.

Tülkü evinə basqın edənlərə həmin şərtlə növbə ilə yaxınlaşdı və hər üçünü xilas etdi. Tülkülər qaçıb gözdən itdilər. Bir daha geri dönməyəcəkləri bəlli oldu. Bunu görən Alabaş kolların arxasından çıxıb dostunun yanına gəldi. Dostlar əllərin bir-birinə vuraraq xeyli güldülər.

Tülkü çox sevindi. Dostu Alabaşa təşəkkür edib yuvasına getdi. Alabaş da çobanın yanına qayıdıb sürüyə nəzarət etdi.

Günay Qəniyeva

Şərh Yaz