Azərbaycan dinc gələcək əzmindədir

Məlumdur ki, Azərbaycan-Rusiya münasibətləri yetərincə yüksək səviyyəli münasibətlərdir.

Fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.

Bu gün beynəlxalq birliyin ən fəal üzvlərindən olan Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Dövlət başçımızın qeyd etdiyi kimi, “Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır”.

Erməni lobbisi hər gün, müntəzəm olaraq çalışır ki, Rusiya-Azərbaycan münasibətlərində bir çat yaransın. Onların gündəlik peşəsi Azərbaycanı ləkələmək, Rusiya mediasında Azərbaycan haqqında mənfi imic yaratmaq, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaqdır. Rusiya-Azərbaycan münasibətləri isə kifayət qədər yüksək səviyyəli münasibətlərdir. Bəllidir ki, Ermənistanın mənfur təbliğat cəhdləri onlara uğur gətirməyəcək.

Bu kontekstdən yanaşarkən o da qeyd edilməlidir ki, ölkələr arasında tarixi bağlılıq müstəqillik illərində sıx siyasi, iqtisadi, sosial, humanitar, mədəni əlaqələrin ardıcıl xarakteri və dərinləşməsi ilə müşayiət olunub. Bu gün də Azərbaycan öz ixrac potensialını realizə etmək üçün Rusiya kimi geniş bazara çıxış əldə edir,

Rusiya Azərbaycanda investisiya imkanlarından yararlanır və bu, həm də Azərbaycan üçün xarici investisiya kimi əhəmiyyətlidir. Qeyd edək ki, Azərbaycan- Rusiya əlaqələri siyasi dialoqa, etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətinə söykənir və bu, bütün digər əməkdaşlıq əlaqələri üçün möhkəm sütun rolunda çıxış edir.

Beləliklə, bu əlaqələr regionda sabitlik, təhlükəsizlik və davamlı inkişaf meyillərini və maraqlarını gücləndirir.

Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir. Azərbaycan-Rusiya münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən müddət ərzində iki ölkə arasında strateji tərəfdaşlığın mahiyyətini müəyyən edən sənədlər imzalanmış: “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” 3 iyul 1997-ci il tarixli Müqavilə, “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında” 3 iyul 2008-ci il tarixli Bəyannamə və “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında” 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanat. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi tamam olur. Hazırda ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb. Eyni zamanda, əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və 16 faiz artıb. Bu ildə də artım perspektivi var. Azərbaycan kənd-təsərrüfatı məhsullarının ixracı üçün Rusiya əsas bazarlardan biridir.

Rus dili münasibətlərimizin və gələcək əlaqələrimizin mühüm əsasıdır. Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox şagird təhsil alır. Azərbaycanda 15 mindən çox tələbə ali məktəblərdə rus dili bölmələrində oxuyur. Rus dili keçmiş Sovet İttifaqı ölkələrini həmişə birləşdirirdi və əlbəttə, rus dilini bilmədən gələcək nəsillərin əlaqələrini nizamlamaq çox çətin olar.

22-ci 22 fevral tarixli Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Bəyannamənin 43 bəndi var və qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edir. Bəyannamədə aşağıdakılar da qeyd olunub:

Hər iki ölkə öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.

Tərəflər öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər.

Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynayıb. Prezident İlham Əliyev 2021-ci il noyabrın 20-də xalqa müraciətində Ermənistanı nəzərdə tutaraq deyib: “Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər?”

Bu baxımdan bir daha əmin ola bilərik:

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması yollarının axtarışında Rusiya bizim əsas tərəfdaşımızdır. Bunun üçün imkanlar var. Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Bu müqavilə öz aralarında münasibətləri tənzimləmək istəyən hər hansı ölkələr üçün zəruri olan sərhədlərin dəqiqləşdirilməsi, delimitasiyası və digər məsələləri də əhatə edəcək.

Unutmayaq,

Azərbaycan dinc gələcək əzmindədir. Azərbaycana müharibə lazım deyil. Ərazi bütövlüyünün hərbi yolla bərpa olunması məcburi tədbir idi və müharibədən sonrakı mərhələdə bu məsələni siyasi metodlarla həll etməyə Azərbaycan hazırdır. Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işində böyük nailiyyətlər əldə olunacaqdır.

Ülviyyə Zeynalova,

İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

 

Şərh Yaz