Yağışdan sonra
Asta, narın-narın yağan yağış birdən-birə gücləndi. Elə gücləndi ki, yeriməyə aman varməyən leysana döndü. Bircə anda süzülən yağış asfalt yolda sel kimi axırdı. Yolda yağışa düşənlər özünə artıq sığınacaq tapıb sığınmışdılar. Yaşlı bir kişi yaşıl bir darvazanın yağış tutmayan yerinə, özündən başqa bir kimsəni düşünməyən, əlindəki araq butulkasını qoltuğuna möhkəm sıxan kişi, mağazaların birinin tinində dayanaraq gözləyirdi.
Yağış ara vermədən daha da güclənirdi. Şütüyən maşınların içərisinə boylanaraq, tanış maşın, taksi arayanlar da yağış tutmayan yerdən boylanırdılar. Uzaqdan dayanmadan, sürətlə yeriyən qadın heç nəyə əhəmiyyət vermədən, addımlarını bir az da yeyinlədərək mənzilə çatmağa çalışırdı. Çiyninə atdığı şal, ayağındakı nimdaş ayaqqabılar, əynindəki geyim çoxdan islanmışdı. Deyəsən, bu onun heç vecinə də deyildi. Hər iki əlində möhkəm tutduğu torbalardan etdiyi bazarlıq islanmasa da aşkar nəzərə çarpırdı. Çörək, meyvə, tərəvəz və s.
Yanından sürətlə keçən maşın yolun selləmə suyunu necə çilədisə, qadın bir anlıq ayaq saxladı. Bulaşmış üst-başını təmizləyərək ağlına heç nə gəlmədən yenə addımlarını yeyinlətdi. Kim bilir, çatacağı mənzilə azmı, çoxmu qalmışdı? Bilinən, görünən təkcə bu idi – İslanmış qadın, tələsən ana. Laqeydliklə yanından ötən maşın sahibinin diqqətsizliyini, insanların özlərini yağışdan qorumaq üçün sığınacaq tapıb gözləməsi, özünün bu vəziyyətdə xəstələnə biləcəyini düşünəcək halda deyildi. Ananın hərəkəti yağış altından giley-güzarsız, dünyanı heyrətə gətirə biləcək qədər qüvvətli görünürdü. O, ana idi – Ana. Tufanlar, fırtınalar övlad rahatlığı üçün canından keçməyə hazır olan ananı yolundan saxlaya bilməzmiş.
Yağış sürətini azaldıb, birdən də kəsdi. Yaz günəşi heç nə olmayıbmış kimi, yeri isitməyə başladı. Bu mənzərənin fonunda sadə, səliqəli, zövqlə bəzədilmiş balaca bir evdə, süfrə arxasında dünyanın əzablarından xəbərsiz uşaqların qayğısız üzləri, ananın fərəhdən şölə saçan gözləri görünür.
Həyat, sən müqəddəs analarla necə də gözəlsən?!
Mehriban İbrahimova