Xocalı qurbanlarını unutmadıq və unutmayacağıq

Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 30 ili tamam olur.

Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyan keçirilən tədbirlər bir daha sübut edir ki, xalqımız tarixinə qanla yazılmış bu faciəni heç vaxt unutmayacaqdır.

“Xocalı soyqırımından 30 il ötsə də, onun ağrı-acıları qəlbimizdə yaşayır. Xocalı soyqırımının anım günlərində insanların kədərli çöhrələrinə baxanda bir daha yəqin edirsən ki, ermənilərin Xocalının dinc sakinlərinə qanlı divan tutmalarının dəhşətləri yaddaşlardan silinməyib və heç zaman silinməyəcək.

Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədiblər.

Ermənilər Xocalıya gecə hücum ediblər. Əhali evlərini tərk edərək Ağdama doğru üz tutub. Erməni faşistlər hər tərəfi oda qaladığından gizlənmək mümkünsüz olub. Qaranlıq müdhiş gecədə çöllərə, meşələrə üz tutan Xocalı sakinləri müsibətlərlə qarşılaşıblar. Azğınlaşmış erməni cinayətkarları azərbaycanlıları xüsusi amansızlıqla, işgəncə verərək öldürüblər. Ermənilər mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş xocalılıları yollarda, keçidlərdə, meşələrdə görünməmiş vəhşiliklə qətlə yetirib, girov götürüblər.

Xocalı soyqırımı erməni silahlı birləşmələrinin Azərbaycana hərbi təcavüzünün ən qanlı səhifəsidir. Aylarla mühasirədə saxlanılan bu şəhər erməni faşistləri və onların havadarları tərəfindən bir gecənin içində yerlə-yeksan edilib. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutulub,

Xocalı azərbaycanlıların tarixən məskunlaşdığı ərazidir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır.

Xocalıda törədilən vəhşiliklər əvvəlcədən planlaşdırılmış soyqırımı siyasətinin tərkib hissəsi olub. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni faşistlər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.

Azərbaycan dövləti və hökuməti, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, diaspor qurumları Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atırlar. Bu istiqamətdə fəaliyyətin oriyentirlərini də ulu öndərimiz Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra müəyyənləşdirib.

Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsinin xalq tərəfindən hər il yad edilməsi onu göstərirdi ki, ermənilərin həyata keçirdikləri bu dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyəcək, bu cinayəti törədənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək, layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı isə yerdə qalmayacaq.

Bəli, xalqımızın vətənpərvərliyi, döyüşkən ruhu, torpağa məhəbbəti, həmçinin dövlətimizin başçısının uğurlu siyasəti və qətiyyətli ilə 27 sentyabr 2020-ci il tarixində Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə başlayan haqq savaşında şəhidlər versə də, Azərbaycan xalqı xocalıların, ümumiyyətlə torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə həlak olmuş soydaşlarımızın, igid əsgər və zabitlərimizin qisasını azğın ermənilərdən aldı.

İndi azad olunmuş torpaqlarımızda bu yurdun övladlarını sabaha səsləyən həyat qaynayır. Güclü iqtisadiyyatımız hesabına yerlə-yeksan olunmuş yaşayış məntəqələrimiz yenidən tikilir və qurulur.

Bu gün artıq Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan xocalılılar qürur hissilə, inamla yaşayır və doğma şəhərlərinə qayıdacaqları günü gözləyirlər.

Namil Cəbiyev,

İsmayıllı Rayon Qeydiyyat İdarəsinin rəisi

Şərh Yaz