Qürur verən məzunumuz                        

 

Qüvvət elmdədir, başqa cür heç kəs

Heç kəsə üstünlük eyləyə bilməz.

Nizami Gəncəvi

 

Tağıyev Ayxan Oqtay oğlu – qürurverici şagirdimiz, qürurverici məzunumuz, gənc tələbə.

A.Tağıyev 14 aprel 2004-cü il tarixdə hərbiçi müəllim ailəsində dünyaya göz açıb. Atası Əliyev Oqtay İlyas oğlu bütün varlığı ilə Vətəni canından artıq sevən, gecə-gündüz Vətən keşiyində duran, öhdəsinə düşən vəzifəni qürurla yerinə yetirən hərbiçi olub və övladlarının da bir vətəndaş kimi intellektli, savadlı, vətənpərvər yetişməsində böyük səy göstərib.

Anası Tağıyeva Şəfəq Akif qızı isə riyaziyyat müəllimidir. Onun da bir ana, bir müəllim kimi övladlarının təlim-tərbiyəsində, onların elmin sirlərinə yiyələnmələrində əməyi çox olub.

Axı istər Oqtay müəllim, istərsə də Şəfəq müəllim özləri ziyalı nəslin davamçılarıdırlar. Rayonumuzun tanınmış ziyalılarından olan babaları Tağı müəllim və nənələri Şəkər müəllimdən onlara yüksək əxlaqi keyfiyyətlərlə yanaşı, elm, təhsil, düzlük, halallıq miras qalmışdır.

Bəli, hazırda bu ailə nəslin adət-ənənələrini ləyaqətlə davam etdirir.

Ayxan məktəbimizdə oxuduğu illərdə ədəb-ərkanı, təlim-tərbiyəsi ilə yetərincə seçilirdi. Əla oxumaqla bərabər, məktəbin ictimai işlərində fəallıq göstərirdi. Dəfələrlə məktəbdə, rayonda, məktəblərarası yarışlarda, yarışların zona mərhələlərində iştirakı ilə məktəbin “Təfəkkür” komandasının tərkibində  intellektual səviyyəsinin yüksəkliyi sayəsində öz komandasına qələbələr qazandırıb.

Sevindiricidir ki, Ayxan bu gün də bilik və bacarığını, elmi potensialını ali təhsil aldığı Bakı Mühəndislik Universitetində də nümayiş etdirə bilir. O, informasiya texnologiyaları fakültəsində təhsil almaqla yanaşı, ikili Diplom proqramı üzrə Koreya Respublikasının İNHA universitetində də təhsil almaq hüququ qazanıb. Alman, ingilis, fransız dillərini mükəmməl bilən Ayxan artıq koreya dilini də öyrənməkdədir.

Son günlərin sevindirici bir xəbəri bizi bir qədər də qürurlandırdı. Təhsil aldığı universitetdə yüksək bal toplamış tələbələr haqqında hazırlanmış videoçarxda Ayxanın adı bigər adlardan öndə, birinci çəkilib. Universitetin “Şərəf lövhəsi”ndə də şəkli birincidir. Birinci smestri uğurla başa vuran Ayxan əla qiymətlərlə ikinci smestrə başlayıb.

Bu uğurlar bizi – A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktbinin kollektivini çox sevindirir. Müəllim bir bağbandır. O bəslədiyi ağacların barını görəndə necə sevinməsin?  Ayxanın hər uğuru bizi hədsiz sevindirir, onu alqışlayırıq.

Ayxan sağ olsun ki,  ailəsinin, təhsil aldığı məktəbin, doğma İsmayıllımızın adına daim ucalıq gətirir.

Ümudvarıq ki, RFO-nun bürünc medalçısı, qardaşın Ağaxan, dərs əlaçısı bacın Mələk də sənin uğur yolunun davamçıları olacaqlar.

Bu şərəfli yolda sizlərə uğur diləyirik.

Təranə Məmmədova,

A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini

Şərh Yaz