Şəhid məzun ziyarət olunub                  

 

30 noyabr 2021-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin turizm fənni fakültəsinin bir qrup tələbəsi və fənn birləşmələri komissiyasına daxil olan müəllimlərlə birgə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan kollec məzunu, Göyçay rayonunun Mırtı kəndindən olan şəhid Həmidov Rəhim Ehtiram oğlunun anım mərasimində iştirak ediblər.

Kollecin müəllim və tələbə heyyəti Mırtı kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edərək, məzar üzərinə əklil və tər güllər qoymaqla onun əziz xatirəsini ehtiramla yad ediblər.

Şəhidə dərs demiş müəllimlər tədbir iştirakçılarına bildiriblər ki, R.Həmidov kollecdə təhsil aldığı dövrdə özünü vətənpərvərliyi, müsbət əxlaqı, möhkəm əqidə sahibi olması ilə bütün kollektivə tanıdıb.

Həmidov Rəhim Ehtiram oğlu 12 fevral 1996-ci il Göyçay rayonu Mırtı kəndində doğulub. Vətən müharibəsinə 29 sentyabr 2020-ci il tarixində qatılaraq, Füzuli şəhərinin və bir neçə kəndinin işğaldan azad olunmasında iştirak edib. Son dəfə Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib və Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub.

Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Ramid Qasımov

Şərh Yaz