Məqsəd şəhidlərin qəhrəmanlığını idmançılara aşılamaqdır                  

 

Dekabr ayının 6-da İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH), İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin (RGİİ), Rayon Təhsil Şöbəsinin (RTŞ), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) İsmayıllı rayon Şöbəsinin birgə təşkilatçılığı ilə İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin idman bazasında şəhid Nicat Həsənquliyevin doğum gününə həsr olunmuş məktəblilər arasında atletika üzrə rayon birinciliyi keçirilib.

Tədbirdə RİH-nin əməkdaşı Əfqan Səlimov, RGİİ-nin rəisi Taleh Salehov, SHXÇDX-nin İsmayıllı Rayon şöbəsinin əməkdaşı Tural Qəhrəmanov, Rayon Təhsil Şöbəsinin metodisti Rəşid Məmmədov, İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov, şəhid Nicat Həsənquliyevin, Həsən Abdullayevin, Aqil Mirzəliyevin, Vüsal Dəmirovun, Novruz Həmzəyevin və Famil Əhmədzadənin valideyinləri, həmçinin ailə üzvləri, gənc idmançılar iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd Vətən müharibəsi şəhidlərinin qəhrəmanlığını idmançılar arasında təbliğ etmək, yeniyetmə və gənc idmançıların vətənpərvərlik ruhunun yüksəldilməsi və atletika idman növünə marağın artırılması olub.

Tədbir öncəsi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.

Çıxış edən RGİİ-nin rəisi T.Salehov yarış iştirakçılarına ölkədə və xüsusi ilə İsmayıllı rayonunda aparılan Dövlət-İdman siyasətinin uğurlarından danışıb. Müstəqillik dövründə aparılmış uğurlu işlərin nəticəsi olaraq, artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınmasını qeyd edib. O bildirib ki, şəhid Nicat Həsənquliyev və digər qəhrəman şəhidlərimizin hər biri Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən ərazilərdə qaldırıb, ərazi bütövlüyümüz uğrunda canlarını fəda ediblər.

Tədbirdə qeyd edilib ki, Azərbaycan Ordusunun kiçik çavuşu Nicat Həsənquliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

N.Həsənquliyev oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə və “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Yarışın yekun nəticələrinə əsasən, oğlanlar arasında İsmət Nəmətov birinci, Fəqan Babayev ikinci, Araz Hüseynli isə üçüncü olub. Qızlar arasında isə Səbinə Niftaliyeva birinci, Cəmilə Qədirli ikinci, Jalə Mirzəliyeva üçüncü yeri tutub.

Qaliblərə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunub.

Elmi Məmmədli

Şərh Yaz