Kəskin reseptor virus infeksiyası – Qrip                     

 

Kəskin respirator virus infeksiyaları (KRVİ) çox  sürətlə və geniş yayılmasına, müxtəlif növ   mikroorqanizmlər tərəfindən törədilməsinə, kliniki əlamətlərin aşkarlığına, spesifik diaqnoz və müalicə vasitələrinin məhdudluğuna görə fərqlənirlər. Bu xəstəliyə bütün il boyu rast gəlinsə də əsasən mövsümü  dəyişikliklər dövrü, yəni payız-qış ayları və yazın əvvəlində xeyli çoxalır. Kütləvi xəstələnmə əmək  qabiliyyətli əhalini və məktəblilərin sağlamlığını müvəqqəti də olsa geniş şəkildə pozaraq istehsalat və  təhsil proseslərinə ciddi təsir göstərir.

Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “2021-2022-ci ilin payız-qış  mövsümündə Respublikada qrip xəstəliyi əleyhinə Vaksinasiya Kampaniyasının keçirilməsi barədə” 2  dekabr 2021-cu il tarixli 102 saylı əmr imzalamışdır.

Əmrə əsasən tibb işçiləri və digər risk qrupları arasında 2021-ci ilin 06 dekabr tarixindən etibarən 2 ay müddətinə tədbirlər həyata keçirləcəkdir.

Qrip – müxtəlif tip viruslar tərəfindən törədilən ümumi intoksikasiya əlamətləri, qısa qızdırma dövrü və  yuxarı tənəffüs yollarının kəskin  iltihabı ilə  gedən xəstəlikdir.

Qripin kliniki mənzərəsini 1403-cü ildə ilk dəfə Fransız alimi Eten Paskey təsvir etmiş, xəstəliyin ilk  törədicisini isə 1933-cü  ildə U.Smith kəşf etmiş, bunu A virusu adlandırmışdır. Sonradan 1940-cı ildə  B, 1947-ci ildə C virusu tapılmışdır. Başqa viruslardan fərqli olaraq qripin törədiciləri öz antigen və bioloji xüsusiyyətlərini tez-tez dəyişir.

Qrip virusları yüksək temperaturun, günəş şüasınınm və dezinfeksiyaedici maddələrin təsirinə  davamsızdır. Əksinə olaraq mənfi temperatur nə qədər aşağı olarsa onlar daha çox inkişaf edirlər.  Orqanizmdə virusların  inkişafına 2 faktor mənfi təsir göstərir: – yüksək qızdırma və interferon.

Qrip tipik antroponoz xəstəlikdir. İnsanlar qripə hava-damcı yolu ilə yoluxur. Yuxarı tənəffüs  yollarının seliyində olan çoxlu miqdarda virus asqırma, öskürmə və danışıq zamanı 1,5-2 metr məsafəyə  yayılır. Bütün yaşlarda orqanizm qripə yüksək dərəcədə həssas olur. Qripin yolxuculuq dövrü 3-5  gündən çox çəkmir. İmmunitet güclü olsa da az davam edir.

Qrip virusları yuxarı tənəffüs yollarının selikli qişasının səthi epitel hüseyrələrində çoxalır. Nəticədə  selikli qişanın səthi epiteli dağılır, selikli qat mühafizəsiz qalır. Tənəffüs yollarında toplanmış virus, toksin, başqa zəhərli maddələr, bakteriyalar asanlıqla qana keçir. Qripə məxsus əsas patoloji anatomok   dəyişiklik ancaq burunun, udlağın, traxeya və bronxların selikli qişalarında tapılır.

Hazırda qripin tipik və atipik gedişli formalarına rast gəlinir. Tipik forma intoksikasiya sindromu ilə  başlayır və 1-2 gün ərzində  kataral sindrom da qoşulur. Atipik qripdə isə sindromlardan biri olmur, ya da zəif əlamətlərlə özünü göstərir.

Xəstəlikdə gizli dövr bir neçə saatdan 1-2 günə qədər çəkir. Əlamətlər qəfldən başlayır, ilk saat ərzində   kəskin intoksikasiya, baş  ağrısı, yüksək qızdırma, damaqda və boğazda  quruluq və qaşınma hissi,  quru öskürək əmələ gəlir. Burun tənəffüsü xeyli çətinləşir. Əsasən başın alın, qaşüstü və gicgah   nahiyələrində göz almalarında, gözün dibində, beldə şiddətli ağrılar olur. Xəstəliyin 2-3 günlərində qrip  üçün xarakterik olan asqırma, öskürmə, damaqda quruluq, göynəmə hissi başlayır. Öskürək əvvəlcə  quru, sonra selikli, faringit, laringit, traxeit, bronxit və pnevmaniya ağırlaşmalarında irinli, bəlğəmli  olur, gözdə yaş, burunda selik ifrazı güclənir. Bəzən burun və dodaqlar uçuqlayır. Bir sıra hallarda  qızdırma 40-410 S-yə çatır, daimi xarakter daşıyır və sonra qəflətən normaya düşür, güclü tərləmə olur. Qripdən sonra uzun müddət yorğunluq, tərləmə, yuxu pozğunluğu və iştahasızlıq qalır.

Uşaqlar və yaşlılar əsasən qripin ağır və ildırımvari formalarına tutulurlar. Ən çox bir yaşa qədər  uşaqlarda qripin ağırlaşmalarından – pnevmaniya xüsusilə təhlükəlidir. Tənəffüs yollarının irinli iltihabı qrip üçün daha xarakterikdir. Qripli uşaqlarda plevritə, ağ ciyər absesinə, otitə, pielonefritə və sistitə   tez-tez rast gəlinir. Qriplə yoluxmuş şəxslər xəstəliyin kəskin dövründə mütləq yataq rejimində olmalıdırlar. Yataq rejimi ən azı 5 gün olmalıdır. Bu bir tərəfdən xəstəliyin yayılmasının qarşısını alır, digər tərəfdən isə xəstənin tez sağalmasına səbəb olur. Otaq isti olmalı, havası tez-tez dəyişdirilməlidir. Xəstə isti vannadan, keyfiyyətli vitaminlərlə zəngin qidalardan intoksikasiyanı azaltmaq üçün isə   tərqovucu zoğal, moruq qarışdırılmış isti çay və mayelərdən istifadə etməlidir.

Xəstəliyin profilaktikasında orqanizmin müqavimətinin artırılması əsas şərtlərdən biridir. Bunun üçün   səhərlər idman etmək, tez-tez təmiz havada olmaq, bədəni yaş dəsmallasilmək lazımdır. Eyni zamanda   profilaktika məqsədilə fitonsidlərlə zəngin olan soğan və sarımsaqdan istifadə edilməlidir.

Bir daha əhalinin nəzərinə çatdırırıq ki, qrip xəstəliyinin ilk əlamətlərini hiss edən kimi mütləq həkimə  müraciət edin. Bütün vaksinlər arasında 1 ay fasilə olmalıdır.

X.Qəmbərov,      

İsmayıllı  rayon GEM-nin  direktoru                           

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz