Azərbaycan  coğrafiyasının estetik gözəllik təcəssümü – İsmayıllı   

Milli və mənəvi dəyərlər içərisində vətənə bağlılıq mühüm yerlərdən birincisini tutur.

Əslən Tunisli olan Misir alimi İbn Xaldun özünün “Coğrafiya taledir“ kitabında belə bir nüansa toxunmuşdur: “Hər bir xalqın həyatında onun doğulduğu coğrafiya taleyi ilə birbaşa bağlılıq təşkil edir. Lakin insan öz taleyinin müəyyən mənada  ixtiyar sahibi olduğunu nəzərə alaraq, coğrafiyasını da dəyişə və ya inkişaf etdirə bilər“.

Coğrafi taleyi İsmayıllı ilə yoğrulan xalqımın vətəndaşları bu coğrafiyada estetik gözəlliyin təcəssümünü kəşf edə bilərlər. Bunun üçün, vətəndaş olaraq öz coğrafiyasını dərindən bilməsi özlüyündə mühüm aktuallıq əks etdirir. Əgər doğulduğumuz coğrafiyanın təbiət olan hissəsi bizim taleyimizin bir hissəsidirsə, iqtisadi və sosial coğrafiya hissəsini isə biz yaradaraq öz coğrafi taleyimizə müsbət mənada təsir edə bilərik. İsmayıllı rayonunun coğrafiyasında estetik gözəlliyin təcəssümünü kəşf eləmək üçün iki istiqamətdə tədqiqat aparmaq lazımdır. Birinci istiqamət bizim taleyimizi əks etdirən – fiziki coğrafiyası, ikinci istiqamət isə taleyimizin gələcəyini əks etdirən – iqtisadi və sosial coğrafiya. Unutmamalı olacağımız mühüm məqam isə ondan ibarətdir ki, bu iki coğrafiyanın qolu əl-ələ verərək Azərbaycanımızın estetik gözəllik təcəssümünü formalaşdırır.

Coğrafi taleyin ünsürləri – relyef, iqlim, daxili sular və landşaftdır.

Rayonumuzun relyefi onun coğrafi mövqeyini əks etdirir. Əsasən Baş Qafqaz silsiləsinin cənub yamacında, yüksək və orta dağlıq qurşaqda, Acınohur alçaq dağlığında və Qanıx-Əyriçay vadisində, qismən Şirvan düzünün şimal hissəsində yerləşir. Rayon ərazisində ən yüksək zirvə Baş Suayrıcı silsilədə yerləşən Babadağ zirvəsidir. Ərazidə Baş Qafqaz silsiləsinə paralel olan Qovdağ və Niyaldağ silsiləsini uzanır. Orta dağlıqda Lahıc və Müdri çökəklikləri yerləşir. Relyef Girdimançay dərəsindən şərqə alçalaraq Şamaxı-Qobustan yaylasına keçir.

Niyal silsiləsindən cənubda mütləq hündürlüyü 200–500 m olan Qanıx–Əyriçay vadisi uzanır. Vadinin səthi əsasən çayların cavan gətirmə konusları və sel çöküntülərindən təşkil olunmuşdur. Burada cavan çökmə qatın qalınlığı bir çox ərazilərdə 1000 m-dən artıqdır. Qanıx-Əyriçay vadisinə paralel cənubda Girdimançayın dərəsinə qədər Acınohur ön dağlığının şərq ətəkləri yerləşir. Daşüz-Əmirvan tirəsinin (829 m.) şərq batımının bir qismi rayon ərazisinə daxil olur. Göyçay-Dəvəbatan çayları arasında Uştal və İvanovka yaylası (500–800 m), şərqdə Quşencə yaylası (600-1000  m.) yerləşir. Dəvəbatan və Girdiman çayları arasında isə zona daralıb alçalaraq demək olar ki, tamamilə itir. Ondan cənubda isə paralel olaraq Qaraməryəm tirəsi (437 m) uzanır. Tirə Dəvəbatan və Girdimançay dərələri ilə bir neçə hissəyə bölünür. Mollaisaqlı, Külüllü dərələri və Girdimançayın məşhur gətirmə konusları burada geniş ərazi tutur. Qaraməryəm tirəsinin cənub- şərqə davamı olan Ləngəbiz silsiləsinin (929 m.) şimal-şərq ətəkləri rayonun sərhədləri hüdudları daxilindədir. Rayonun cənub hissəsi Şirvan düzünə  qədər uzanır.

Rayonumuzun iqlimi isə onun vətəndaşlarının sağlamlıq taleyində mühüm izlər qoyur. Azərbaycanın 2 iqlim qurşağı daxilində 9 iqlim tipinin olması fonunda, İsmayıllı rayonunun fiziki-coğrafi payında 4 iqlim tipinin düşməsi estettik gözəlliyin kəşfində 2-ci dərəcəli bələdçi rolunu oynayır. Rayonun ərazisinin düzən hissələri mülayim-isti və qismən yarımsəhra – quru çöl, dağlıq hissələr isə soyuq və dağ tundra iqlim tipləri yayılmışdır.

İqlimdən iqtisadi və sosial coğrafiyaya uzanan yol –  Bol günəş enerjisi alan İsmayıllı rayonu ərazisində meyvəçilik və bostan-tərəvəzçilik geniş yayılmışdır. İqlim ehtiyatlarından kurort və istirahət məqsədləri üçün də istifadə edilir. Meşəli dağ yamacları, mülayim iqlim şəraiti sərin mineral bulaqlar şəbəkəsi, olduqca yaylaqlar ilə fərqlənən rayon ərazisinin kurort-istirahət bölgəsi kimi istifadə edilməsinin böyük prespektivləri var.

Düzənliklərdə yağıntının miqdarı 400–600 mm-dir. Bunun da nəticəsində dağətəyi və yüksək dağlıq ərazilərdə dəmyə əkinçilik üçün geniş şərait yaranır. Ucqar cənubunda isə 400 mm-dən də az yağıntı müşahidə edilir ki, bu da əkinçilikdə suvarmanı qaçılmaz edir. Ərazidən keçən Yuxarı Şirvan kanalının   suyundan geniş istifadə olunmaqla məhsul əldə olunur. Həmin ərazilərin bir hissəsi heyvandarlıq üçün qış otlaqlarıdır.

Rayonumuz daxili sular baxımından yanaşdıqda çaylar, göllər, yeraltı sular, su anbarları və kanallar ayrılır. Çayları əsasən 4 əsas çay olan – Göyçay, Girdimançay, Ağsuçay və Pirsaatçaydır. Çayların qollarına nəzər saldıqda isə  Axox, Əyriçay, Lahıcçay, Müdürsəçay, Müdrüçay, Sulutçayı qeyd etmək olar. Rayonun coğrafiyasında ən böyük göl mərkəzdən 8 km. şimal-şərqdə, Talıstan və Diyallı kəndlərinin yuxarı hissəsində, dəniz səviyyəsindən 1520 m. hündürlükdə olan Qaranohur gölüdür. Su anbarları baxımdan Aşıqbayramlı və Yekəxana fərqlənir. Suvarma kanalı isə rayonun cənub hissəsindən keçən Yuxarı Şirvan kanalıdır.

Daxili sulardan iqtisadi və sosial coğrafiyaya gedən yol  Girdiman, Ağsu və Göyçayın yuxarı axınlarında bərk suxurlardan keçməsinin nəticəsi olaraq çayların yataqlarında çoxsaylı astanalara rast gəlinir ki, bu da şəlalələrin əmələ gəlməsinə səbəb olur. Belə şəlalələrin ətrafında hal-hazırda böyük turizm obyektləri fəaliyyət göstərir. Çayların orta axınlarında çoxlu qol qəbul etmələri dərələrinin genişləndirərək vadilərə çevirmişdir. Bu vadilərdə insanlar tarixən sıx məskunlaşmış, əkinçilik və heyvandarlıqla məşğul olmuşlar.

Qaranohur gölünün rayonun coğrafi taleyinin yeni istiqamətlərində təzahürü: Gölün yerləşdiyi ərazi başdan-başa dağ-meşə landşaftları ilə əhatə olunmuşdur. Bu baxımdan Qaranohur gölünün çox böyük turizm potensialı vardır. Nəzərə alsaq ki, ərazinin orta illik temperaturu 9°-11° C təşkil edir və marşrut xəttinin ekzotik ərazilərdən keçməsi bu Göl-Şəlalə kompleksinin çox böyük perspektivlərə malik olmasını sübut edən şərtlərdəndir. Bu kompleks Azərbaycanın ən böyük milli parkı olan Şahdağ milli parkının ərazisində yerləşir. Aşıqbayramlı su anbarı həcminə və sahəsinə görə respublikada ən ilk tikilən böyük su obyektlərdən biridir. Ərazidə mülayim-isti və yarımsəhra – quruçöl iqlimi şəraitində yetişdirilən istisevər və gəlir gətirən texniki bitkilərin suvarılmasında bu su anbarlarının əhəmiyyəti vardır. Bununla yanaşı həmin su obyektlərində balıqçılıq təsərrüfatı inkişaf etdirilir.

Rayonumuza landşaft baxımından yanaşarkən yuxarıda qeyd etdiyimiz relyef, iqlim və daxili suları sintez eləmək zərurəti formalaşır. Bu ondan irəli gəlir ki, bu fiziki-coğrafi ünsürlər cəm olduqda estetik zövq verən ladşaft formalaşır. Bu baxımdan rayonumuz landşaft nöqteyi nəzərdən aşağıdakı hissələrə ayrılır:

  1. Şirvan düzünün şimal hissəsi – rayonun ucqar cənub – düzən hissəsində iqlimə uyğun olaraq yağıntısı 200–300 mm. olan yarımsəhra landşaftları, bir qədər hündür düzənliklərdə yağıntıların 300–400 mm. arasında dəyişdiyi ərazilərdə quruçöl landşaftları üstünlük təşkil edir.
  2. Dağ çölləri landşaftları dağətəyi zonalarda, əsasən, məskunlaşma mərhələlərində meşələrin qırılması nəticəsində yaranmışdıÇöllər çox yerdə antropogen landşaftlarla – dəmyə əkin sahələri və bağlarla əvəz olunmuşdur .
  3. Dağ-meşə landşaftları ortadağlığın enliyarpaqlı meşə və meşədən sonrakı çəmən-kol, alçaqdağlığın və dağ ətəklərinin enliyarpaqlı meşələrini əhatə Bu qurşağın təqribən 1200 metrədək olan hissələri mülayim-isti, daha yüksək qurşaq isə soyuq iqlim şəraitində formalaşmışdır. Bu səbəbdən meşələrin yuxarı hissəsinin tərkibinin əsasını fıstıq və vələs, aşağı hissəsini isə quraqlığa davamlı palıd və digər ağaclar təşkil edir. Yuxarı meşə qurşağı altında qonur, dağətəyi və alçaqdağlığın palıd meşələri altında isə qəhvəyi torpaqlar inkişaf etmişdir.
  4. Qismən ortadağlıq və əsasəsn yüksək dağlığa uyğun gələn dağçəmən landşaftı. Alp çəmənlikləri dağ tundra iqlim tipi daxilində formalaşdığından burada çimli, torflu və ibtidai torpaqlar zəif inkişaf edir. Bu çəmənliklər qiymətli yay otlaqlarıdı

Landşaftın estetik istiqaməti – İsmayıllı dövlət yasaqlığı – İsmayıllı dövlət yasaqlığı 34,4 min hektar sahədə yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşların qorunması və sayının artırılmasından ibarətdir. Ərazinin bitki örtüyü alp, subalp dağ-çəmən və meşə bitkilərindən ibarətdir. Meşə ilə örtülü sahə, əsasən vələs, fıstıq və palıd ağaclarından ibarətdir.

Rayonumuzun fiziki-coğrafiyası fonunda sosial-iqtisadi coğrafiya formalaşmışdır. Əlbəttə, sosial-iqtisadi coğrafiya fiziki coğrafiyada estetik gözəllik təcəssümünü kəşf etməkdir. Bunu kəşf eləməyi bacarmaq isə öz coğrafi taleyini inkişaf etdirmək mənasını ifadə edir. Rayonumuzun coğrafiyasının  estetik zövqü kənd təsərrüfatı, sənaye, turizm və xidmət sferasının müxtəlif sahələrinin kompleks inkişafında özünü təcəssüm etdirir. Bir nüansı da yaddan çıxartmaq olmaz ki, estetik zövq coğrafi taleyin dəyişməsidir.

Rayonun fiziki və sosial-iqtisadi coğrafiyasında Lahıc qəsəbəsənin bu estetik zövqdə öz əvəzolunmaz ahəngini də görməmək və hiss etməmək mümkün deyildir. Qəsəbə Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 metr hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində yerləşməklə Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur və ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaratmışdır. Lahıc qəsəbəsinin İsmayıllı coğrafiyasında yerini araşdırarkən həm coğrafiyanın taleyi olan fiziki və eyni zamanda iqtisadi coğrafiyasın da axtarmalıyıq.  Əgər relyefə nəzər salsaq, Lahıc çökəkliyini, daxili sularında Girdiman çayı və Lahıcçay qolunu, landşaftının rayonlaşmasıda isə Zaqatala–Lahıc fiziki-coğrafi rayonuna düşməsini görə bilərik. Lahıc qəsəbəsi Azərbaycanın unikal qəsəbələrindəndir ki, landşaftında yerli xalqı turizmlə sənətkarlığın sintezini yaratmışdır. Turizm təbiətdə formalaşan coğrafi taledirsə, sənətkarlıq bu taleyin daha da müsbət istiqamətdə inkişafıdır. Qeyd etmək istərdim ki, Azərbayacan coğrafiyasnın estetik gözəllik təcəssümü İsmayıllı rayonudursa, bu gözəlliyin içindəki gözəllik isə Lahıcdır. Burda İbn Xaldunun fikri öz təsdiqini tapır. İnsanlar öz coğrafi taleyini dəyişmək iqtidarındadırlar.

Orxan Kamallı,

Lahıc qəsəbə tam orta məktəbinin coğrafiya müəllimi

 

Şərh Yaz