İsmayıllı Azərbaycanın mirvarisidir        

Doğma, əziz Vətənimin şəfalı guşələrindən biri olan,zəhmətkeş insanları,bilikli bacarıqlı oğulları, qəhrəman övladları ilə sayılan-seçılən İsmayıllı rayonumuzun 90 yaşı tamam olur. Azərbaycanın şimal-mərkəzi hissəsində, başı daim qarlı Babadağın, güllü-çiçəkli yaylaqlarının, suları ilə dağa-daşa səs salan Girdiman və Göyçay çaylarının ərazisində yerləşən rayonumuz, 1931-ci il 24 noyabrda yaradılmış və rayon statusu almışdır. Bu vaxta qədər onun əraziləri Şamaxı, Göyçay qismən də Şəki qəzalarının tərkibində olmuşdur. Yeni yaradılmış rayonun inzibati mərkəzi əvvəlcə Basqal, 1935- ci ildən isə İsmayıllı kəndi olmuşdur. 1959 -ci ilə qədər İsmayıllı şəhəri kənd, 1967 ci ilə qədər şəhər tipli qəsəbə, sonra isə şəhər statusunu almışdır.

İsmayıllı rayonu qədim tarixə malik olan, e.ə. 4 cü əsrdə yaranan qədim Albaniya dövlətinin ərazisində yerləşir. Bunu ərazimizdə aparılan arxeoloji qazıntılar və tapılan maddi-mədəniyyət nümunələri də təsdiq edir. Albaniyanın qədim paytaxtı Qəbələ (Kabalaka) şəhəri ilə yaxınlıq, buradan keçən karvan yollarının üzərində yerləşmiş mudafiə qalaları Xanagahda Qız qalası, Talıstan kəndində Cavanşir qalası, Lahıcda Girdiman, Niyal və Fit qalaları da bunu sübut edir. Hal-hazırda rayonumuzda iki tarix- mədəniyyət qoruğu (Lahic və Basqal) vardır.

İsmayıllı ərazisi tarixi arxeoloji baxımından da çox zəngindir.Burada arxeoloqlar Fazil Osmanov, Qafar Cəbiyev və Qiyasi tərəfindən aparılan arxeoloji qazıntılar nəticəsində antik, erkən orta əsrlərə aid Lahıcda, Qalagah kəndində, Kürdüvan ərazisində, Cavanşir, Niyal və Fit qalalarında küp qəbirlər, hasar qalıqları, tikinti yerləri,bürc qalıqları, məişət və bəzək əşyaları, saxsı məmulatları tapılmışdır. Bu qazıntılar qalaların 7-10-cu əsrlərə aid olduğunu,yaşayış yerlərinin isə antik və orta əsrlərə aid olduğunu elmi cəhətdən sübut edir.

VII əsrdə Mehranilər sülaləsinin nümayəndəsi, Albaniyanın Girdiman vilayətinin knyazı, sonra isə bütün Albaniyanın hökmdarı olmuş Cavanşir bu torpağın oğludur. Vilayətin adı Girdiman çayının adında, hökmdarın adı isə, Talıstan kəndindən 4 kilometr şimalda Ağçayın sahilində yerləşən Cavanşir qalasının adında əbədiləşib. Ona görədə rayonumuz “Cavanşir Yurdu” adlanır. Arxeoloq tarixçi Qafar Cəbiyev sübut etmişdir ki, Girdiman vilayəti elə İsmayıllı rayonu ərazisində mövcud olmuşdur.

Rayonumuz ərazisinin böyüklüyünə  görə respublikada 4-cü yerdədir. Əhalisi isə 87 mindən çoxdur. Əhalinin etnik tərkibi də rəngarəngdir. Burada yerli azərbaycanlılarla yanaşı tatlar, ləzgilər, ruslar, kürdlər, yəhudilər də yaşayır. Əhalinin etnik tərkibi bir gül çələngini xatırladır. Mehriban dostluq şəraitində yaşayan rayonumuzun sakinləri, dövlətimizin möhkəmlənməsi, iqtisadi, siyasi rifahımızın yaxşılaşması, torpaqlarımızın düşməndən azad edilməsində də birlikdə çalışırlar. Bu 90 il müddətində rayonumuz böyümüş, əhalinin sayı artmış, iqtisadiyyat, təhsil, mədəniyyət sürətlə yüksəlmişdir.

Tarixin çətin sınaqlarından üzü ağ çıxan yurdum, həm də öz qəhrəman oğulları, hərbçiləri, şəhidləri ilə tanınır. İkinci dünya müharibəsi dövründə (1941-1945) alman faşistlərinə qarsı mübarizə aparan eloğullarımız Bəhyəddin Mirzəyev, Vahab Osmanov, Kamal Qasımov, Qasım Əsədov məhz bu yurdun övladlarıdır. Respublikamızın ilk qadın gəmi kapitanı Şövkət Səlimova qədim Lahıcın yetirməsidir. Əkrəm Cəfər, Manaf Süleymanov, Əbülhəsən Ələkbərzadə, Musa Yaqub, Baba Vəziroğlu, Aydın Səlimzadə, Maarif Soltan, Oqtay İsmayıllı, Şahməmməd Dağlaroğlu, Aşıq Şamil, Aşiq Yanvar, Sahibə Abdullayeva (Dünyasını dəyişənlərə Allah rəhmət eləsin), kimi söz-sənət adamları bu yurdun övladlarıdır.

Əmək cəbhələrində öz zəhmətləri ilə tanınan Sosialist Əməyi Qəhrəmanları Gülüstan Həsənova, Nikolay Nikitin, Səfərəli Məmmədov, Əlman Qasımov, Aslan Osmanov, Sarvan Salmanov da bu torpağın yetirmələridir.

Öz mənəviyatları ilə böyüyə hörmət, kiçiyə qayğı hissi ilə yaşayan əhalimiz 1988-ci ildən başlayan erməni-daşnaqları və onların güclü havadarlarının xalqımıza qarşı yürütdükləri etnik təmizləmə torpaqlarımızın işğalı siyasətinə və savaşına qarşı bir yumruq kimi birləşərək düşmənə qarşı mübarizə apardılar. Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan oğullarımızı qəhrəmanlıq göstərən igid qazilərimizi şərəflə anırıq və onları qürurla daim xatırlayırıq. Birinci Qarabağ müharibəsində şəhid olan pilot, Azərbaycanın Milli Qəhrəmanı Ərəstun Mahmudov da İsmayıllı rayonunun Pirəbilqasım kəndindəndir. Rayonumuzun qəhrəman şəhid və qaziləri içərisində bizim 6 nömrəli məktəbimizin məzunları Roman, Şahməmməd,Bəxtiyar, Ramil, Novruz, Elgün kimi şəhid igidlərimiz, Kənan, Nurəddin, Dilqəm, Qismət, Rəvan kimi qazilərimiz,  Anar Mirzəyev kimi Vətən Müharibəsi Qəhrəmanı polkovnik komandirimiz, Qarabağ ordenli zabitlərimiz də vardır. Şəhidlərimiz və onların ailələri, Vətən müharibəsi iştirakçıları rayon rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunublar. İsmayıllı rayonu həmişə respublika rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub. Ümummilli lider, ulu öndər Heydər Əliyevin 1-ci hakimiyyəti (1969-1982) dövründə rayonumuza səfərləri burada ümumrespublika toplantılarının keçirilməsi, 1981-ci il 30 noyabrda baş vermiş dağıdıcı zəlzələnin nəticələrini aradan qaldırılmasına nəzarət etmək üçün İsmayıllıya dekabrın əvvəlində növbəti səfəri və ziyan çəkmiş sakinlərlə görüşü, onlara dövlət səviyyəsində kömək və yardımların göstərilməsi buna gözəl nümunədir. Həmin dövrdə Lahıc kəndinə yol çəkilməsi, Girdiman çayı üzərində körpünün çəkilməsi, İsmayıllı-Muğanlı yolunun salınması bu gəlişin və görüşün gözəl yekunu idi. Bu yolun çəkilməsi rayonumuzun infrostrukturuna və iqtisadi inkişafına çox böyük kömək oldu. Yaşlı sakinlər indi də bu yola “Heydər yolu” deyirlər. Heydər Əliyev ikinci hakimiyyəti dövründə də (1993-2003) rayonumuzla yaxından maraqlanmış, onun inkişafı üçün önəmli sərəncamlar vermişdir.

Prezident cənab İlham Əliyev rayonumuza davamlı səfərləri zamanı yeni yolların, tikililərin açılışında iştirak etmişdir. Zəfər Günü ərəfəsində – cari ilin 1 noyabr tarixində İsmayıllı rayonuna növbəti səfəri zamanı cənab İlham Əliyev bir sıra yeni tikililərin – Basqal-Sulut avtomobil yolunun, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin, eləcə də mənim doğma məktəbim, öz nəticələri ilə nəinki rayonda, respublikada tanınan adlı-sanlı ziya ocağı olan, N.Behdiyev adına 6 nömrəli tam orta məktəbinin də açılışını etdi. Prezidentin bu məktəbin açılışını etməsi təkcə bizim kollektiv üçün deyil, bütün rayon təhsil ictimaiyyəti üçün böyük şərəf oldu.

Rayonumuzun 90 illiyinə bu bizim üçün ən böyük hədiyyə oldu. Buna görə ölkə prezidenti cənab İlham Əliyevə, məktəb binasını yenidən tikib bizi sevindirən Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezidentimiz Mehriban xanım  Əliyevaya və rayonumuzun İcra Hakimiyyəti başçısı Nahid Bağırova, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri, Əməkdar müəllim Rövşən Əliyevə bütün məktəb kollektivi adından dərin təşəkkürümüzü və hörmətimizi bildiririk. Çünki indi biz gələcəyimizi təhsilli, vətənpərvər gənclərə əmanət etməliyik.

İsmayıllı rayonu, 90 yaşın mübarək,”Cavanşir yurdu”, qədim alban-türk torpağı, qartallar oylağı, Azərbaycan mirvarisi, şeir-sənət diyarı, qəhrəmanlar məskəni – doğma İSMYILLIM sən inkişaf, tərəqqi etdikcə, yeniləşdikcə biz qürur duyuruq.

Aybəniz Əsədova,

İsmayıllı şəhər N.Behdiyev adına 6 nömrəli tam orta məktəbinin  tarix müəllimi

 

Şərh Yaz