Uşaqların zehni inkişafında yuxunun rolu                                       

Tez yuxuya getmə, lazımi qədər yuxulama və yuxusunu alaraq, sakit bir şəkildə oyanmağa yuxu gigiyenası deyilir. Böyüklərdə olduğu kimi uşaqlarda, körpələrdə də yuxu gigiyenası sağlamlığın əsas şərtlərindən biridir. Uşaqların normal inkişafı üçün başlıca amillərdən biri də yuxunun qaydasında olmasıdır. 0-3 yaş aralığındakı uşaqlarda qaydasında olan yuxu uşaq inkişafının ən önəmli amillərindəndir. Uşaqların fiziki inkişafını təmin edən böyümə hormonu daha çox yuxu prosesi zamanı ifraz olur. Gecələr yata bilməyən uşaqlarda böyümə hormonu əksik ifraz olunduğu üçün həmin uşaqlarda sümük, sinir sistemi və fiziki orqanların inkişafında ləngimələr yaranır. Həm də Rapid Eye Movemant (REM) yuxusu adlandırdığımız yuxu periodunda uşaqların gün ərzində öyrəndikləri bilik və bacarıqları mənimsəməsinə köməkçi olan beyin bağları aktivləşir. Bu səbəbdən rejimlə olan yuxu uşağın zehni və fiziki inkişafı üçün əhəmiyyətlidir.

Sağlam yuxu REM yuxusu və qeyri-REM yuxusu kimi iki fərqli dövrdən ibarətdir. REM sürətli göz hərəkəti deməkdir. Adından da göründüyü kimi, göz bəbəyi REM yuxusu zamanı çox sürətlə hərəkət edir və bu dövrdə görülən yuxular daha çox xatırlanır. REM yuxusunda insanın bədəni hərəkətsizdir və nəfəs alma və ürək döyüntüsü olduqca sürətlidir. REM yuxu zamanı 4-6 dəfə baş verir və yuxunun sonuna doğru onun müddəti və tezliyi artır. Qeyri-REM yuxusu dərin qeyri-REM yuxu və dayaz qeyri-REM yuxuya bölünür. Dərin qeyri-REM yuxu yuxunun ən dərin mərhələsidir. Bu mərhələdə tənəffüs və ürək döyüntüsü yavaş və nizamlıdır, göz hərəkəti demək olar ki, yoxdur. Bu mərhələdə yuxudan oyanmaq çox çətindir. Səthi qeyri-REM yuxudan oyanmaq asandır, yuxunun başlanğıcında, bu müddətdən sonra dərin yuxuya girilir. Gecə qorxuları dərin qeyri-REM yuxu zamanı baş verir. Yuxulardan fərqli olaraq, gecə qorxuları bir dövrdən digərinə keçid zamanı qəfil qorxu və ya yuxudan oyanma ilə baş verir.

Yuxu və ağıl arasında mütənasiblik haqqında “Huffington Post” qəzetində yer alan xəbərə görə, Amerikada gənclər arasında aparılan araşdırmalar ağıllı insanların orta və zəif zəkaya sahib insanlara nəzərən daha gec yuxuya getdiklərini göstərir. London Ekonomik və Politik Universitetində psixoloq olan Soloshi Kanazawa da yuxu və zəka əlaqələrinin doğruluğunu təsdiq edir. Zəkalı insanlar zəif İQ sahibi insanlarla müqayisədə gecə daha aktiv olurlar. Ancaq gecə yatmayan hər uşağın və hər böyüyün zəkalı olduğunu demək də tam doğru deyil. Bu hal hər hansı bir sağlamlıq problemindən də qaynaqlanmış ola bilər, xarakterdən də asılı ola bilər. Uşaq yuxuyagetmə problemi yaşadığından da az yata bilər. Az yatan uşaqlarda duyğu pozğunluqları yarandığı üçün onlarda diqqət dağınıqlığı və narahatlıq halı sıx rast gəlinir. Əgər uşağın yuxu pozğunluğu və sağlamlığında heç bir problemi olmadığı halda yuxusuzluq sıxıntısı yaşayırsa bu uşağın körpəlik əlamətlərini təqib edərək üstün zəkalı olması ehtimalını göz önünə ala bilərsiniz. Uzman psixoloqlar da üstün İQ-yə sahib uşaqların körpəlik dövründə daha az yuxuya ehtiyac duyduqlarını deyir. Norma qədərində (kifayət qədər) olmayan yuxu uşaqların zehni və fiziki inkişafında bir çox problemlərə yol açır. Böyümə hormonundan əlavə normal bədən fəaliyyəti üçün lazım olan digər hormonlarda da problemlər yaranır. Aclıq və iştah bildirən hormonlarda meydana gələn problemlər səbəbilə uşaqlar normadan artıq yemək yeyə bilər və yüksək kalorili faydasız qidalara maraq göstərə bilərlər. Daha az yatan uşaqlarda narahatlıq, emosional pozğunluqlar, diqqət və konsentrasiya pozğunluqlarına da rast gəlinir. Bu da öz növbəsində uşaqlarda davranış problemlərinin və öyrənmə geriliyinin yaranmasına səbəb olur.

Ruslan Kamilov,

İsmayıllı şəhər Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbinin psixoloqu

Şərh Yaz