“DAĞ ÇİÇƏKLƏRİ”                                      

Tapmışam

  

“Nizami ili”nə 11-ci şeir

 

Röyadə mən cənnət şamın can içrə rəxşan tapmışam,

Ol şamə yüz pərvanəni bir anda qurban tapmışam.  

Nizami Gəncəvi

 

Hər vədə mən həsrət şamın gözümdə giryan tapmışam,

O şama bu divanəni içimdə büryan tapmışam.

 

Almayıb səsin- sorağın, çəkmişəm yarın fərağın,

Hüsnündə şamın, çırağın özgəyə yanan tapmışam.

 

Ürəyimi yeyə-yeyə, əl açmışam yerə-göyə,

Sonunda nakam sevgiyə özümü nalan tapmışam.

 

Heyif, eşitdim, o sənəm əhdi-vəfanı atmış həm,

Üzün görmədim bircə dəm, bildim ki, hicran tapmışam.

 

…Nakam adam çətin gülər, haqqı-saya çatmaq dilər,

Qədərini Haqdan bilər, mən bunu pünhan tapmışam.

 

Söylədilər: ”O gülşəkər olmuş daha gül kimi tər”,

Eşidəndən belə xəbər dərdi anbaan tapmışam.

 

…Çıxmasa qəmindən kənar, Nazirin qəlbi qan olar,

Nə yaxşı ki, söz- sənət var, mən onu dərman tapmışam!

                                                                  10.11.2021

Nazir Ziya Talıstanlı

 

Gülsənə

 

Məhəbbətsiz bu dünyanın yox dadı,

Duymayanlar ağlasa nə, gülsə nə?!

Yaranmışam, sənsiz həyat yoxdadı,

Mən vermişəm ürək adlı gül sənə.

 

Tanrı bilir nurlu edər gözü nə,

Sevgi umdun, mən göründüm gözünə.

Dodaq verdin buz bulağın gözünə,

Kaş biləsən, necə baxdı gül sənə!

 

Dağlaroğlu, qəm yükünü çatmısan,

Sən ürəkdə yaramısan, çatmısan?

Səbəb nədir, qaşlarını çatmısan?

Ay gül üzlüm, sevinsənə, gülsənə!

Şahməmməd Dağlaroğlu

 

Payızdır, üstümə xəzan tökülür

 

Ömrün payızıdır, yollar yarımcan,

Vaxt keçib ötüşdü nə zaman, haçan?

Mənim ürəyimdə qövr edir zaman,

Qəlbim nalə çəkir, ürək döyünür,

Payızdır, üstümə xəzan tökülür.

 

O daşı atmağa tələsmə hələ,

Dizim, taqətdə ol, əl əsmə hələ,

Sözüm, sapqın olma, dil, susma hələ,

Gözlərim yol çəkir, izə dikilir,

Payızdır, üstümə xəzan tökülür.

 

Yağış da yağacaq, gün də doğacaq,

Sevinci bir sarı kədər boğacaq.

Hələ tüstüləyir talada ocaq,

Nəğmə dilə gəlir, misra hönkürür,

Payızdır, üstümə xəzan tökülür.

 

Vəsfini qəlbimə yazdı bu payız,

Ümidim tənhadır, arzuca yalqız.

Yollarım bağlayıb, eh, daha qar, buz,

Göylər gəl-gəl deyir, səmalar gülür,

Payızdır, üstümə xəzan tökülür.

Murad Məhərrəmov          

 

Sən də get…

 

Hardan bilsin gedənlər,

Qalanlar “qalıq” olur.

Sevilənlər qağayı,

Sevənlər balıq olur.

 

Sən də get, səndən artıq

Qalan əskiyin olum.

Havalan qanadların,

Havalan göyün olum.

 

İçimin yanğısına

Dimdiyində su səpən,

Ruhumun zindanını

Dırnaqlarıyla sökən.

 

Nə vardı görən axı

Səndə hamıdan ötə?!

Hamı səndə tapıla,

Hamı da səndə itə…

 

Get, istəsəydim səni

Havalardan salardım.

Sən göy üzüm olsaydın,

Dənizsiz də qalardım.

Turac Hilal

 

İtirmişəm

 

Həsrətindən saralmış,

Tağımı itirmişəm.

Xəzan vurmuş bağçamı,

Bağımı itirmişəm.

 

Yarama duz olmuşam,

Sobama buz olmuşam,

Əriyib azalmışam,

Çoxumu itirmişəm.

 

Nədir ömür? – bircə an,

Ötdü zaman, düşdü can,

Məhəbbətdən odlanan,

Çağımı itirmişəm.

 

Söylə, ömrünün ardın,

Sən necə başa vurdun?

Solumu sən apardın,

Sağımı itirmişəm!

Cəbrayıl Hüseyn

 

İsmayıllı

 

Hansı rəssam yaradıb verdi sənə can, İsmayıllı,

Cənnətin guşəsisən-dağ,dərə,orman, İsmayıllı.

 

Gəz-dolan dünyanı,gör harda belə möcüzələr var,

Gözəllik aləminin təxtinə sultan, İsmayıllı.

 

Bələdəm qüdrətinə burda anam təbiətin mən,

Qonaqları dünyadan edirsən heyran, İsmayıllı.

 

Söylədim,söyləmədim,el bilir,aləm tanıyır ki,

Musa Yaqub gətirib şeirə şərəf-şan, İsmayıllı.

 

Kamilə, Bəyimxanım, Mustafa, Aytən, İlahənin,

Səsilə muğamatım dərdlərə dərman, İsmayıllı.

 

Vətənin taleyini sən də yaşardın bir zamanlar,

Müstəqil oldu, şükür, Azərbaycan, İsmayıllı.

 

Doxsan illik yubiley şəninə söz söylədim,əlbət,

Axtaran olsa məni,Tərlanam, ünvan-İsmayıllı.

Tərlan Saleh

 

Anam

 

Allah, günü-gündən düşür taqətdən,

Gözümün ünündə qocalır anam.

Deyirəm ən uca zirvəyə çıxım,

Bütün analara yetişsin duam.

 

Günlər ötüşdükcə ömür qısalır,

Tavana dikilir gözlərim gecə.

Sanki ümidlərim sönür, azalır,

Yuxuya gedirəm bilmirəm necə.

 

Elə bil günlərin sürəti artıb,

Səhər tez açılır, tez axşam olur.

Çəkib aparan var sürətlə dartıb,

Gündüzün gözünə qocalıq dolur.

 

Sadəcə bir şey var, bilmirəm nədən,

İçimdə qorxulu bir təlaş gəzir.

İndi çox qorxuram sənsizliyimdən,

Sənsizlik indidən qəlbimi əzir.

 

Yoxsa ki, şələmi götürüm gedim,

O qorxunc xəbərdən uzaqlaşım mən.

Bəs səni tapşırım kimə, kimsəyə,

Sən yoxkən kiminlə qucaqlaşım mən?

 

Gözlərin arxamca qalar bilirəm,

Necə dayanarsan bilmirəm mənsiz?

Səni tapşırsam da uca Allaha,

Nə sən dözəmməzsən, nə də mən sənsiz!

Rüstəm Məbudoğlu

 

Doğma məkanım mənim

 

Ey müqəddəs diləyim, ey xoş məramım mənim,

Ey Tanrıtək müqəddəs  ən baş kəlamım mənim.

Ey dinim, ey imanım, şöhrətim, şanım mənim,

Azərbaycanım mənim, doğma məkanım mənim.

 

Bu dünyada ən şirin diləyim, ülfətimsən,

Ruhumun qida yeri, şirinim, şərbətimsən,

Başımın ucalığı, namusum, qeyrətimsən,

Azərbaycanım mənim, doğma məkanım mənim.

 

Məhəbbətin, mehrinlə duyğular sığallanar,

Baş qoyaram dizinə, arzular nağıllanar.

Sinəm sənin eşqinlə pətək kimi ballanar,

Azərbaycanım mənim, doğma məkanım mənim.

 

Doğma Vətən sevgindən, eşqindən doymaq olmaz,

Yadların hiyləsinə, məkrinə uymaq olmaz,

Bir qara daşını da düşməndə qoymaq olmaz,

Azərbaycanım mənim, doğma məkanım mənim.

lxar Cəbiqızı

 

Dəyər

 

Koronovirus zamanında

 

Yaman qəribsəyib bu çöl, bu çəmən,

Gözəllik seyr edən gözündən ötrü.

Yaman qəribsəyib o yol, o cığır,

İnsan addımında izindən ötrü.

Dumana bürünüb dağların başı,

Dərdli sinəsində gözünün yaşı.

Dağ da qəribsəyib, nə duyar naşı?

Könüllər oxşayan sözündən ötrü.

Köçəri quşların yuvası qərib,

Elə bil yollar da boynunu burub.

Hər addım başında bir nisgil durub,

Bülbül cəh-cəh vuran yazından ötrü.

Məhəbbət  bağının gülləri qönçə,

Ürəklər nazilib incədən incə.

Günləri sayaraq gözləyir, məncə,

Əllisi darıxıb yüzündən ötrü.

Bu da bir zamandır gördük, izlədik,

Evdə səbr eyləyib zaman gözlədik.

Dəyər dözməyinə ötən zamanda,

Gələn xoş zamanın özündən ötrü.

Mehriban İbrahimova

 

Yaxşılıq

 

Ürəyə heç zaman hökm etmək olmaz,

Qəlbə ilahidən dolar yaxşılıq.

Can yandır yolunda, çək min cür cəfa…

Vəfasız yanında solar yaxşılıq.

 

Anlayana gələr şirin bal kimi,

Sevər, məhəbbətlə əzizlər səni.

Vəfalıya etsən bir gün yaxşılıq,

Ömür varkən bilər sənin qədrini.

 

Yaxşılıq əlində qızıl zinətdir,

Qədrini bilənə edəsən onu.

Yaxşılıq həyatda şandır, şöhrətdir,

Gec-tez görünəcək  həyatda sonu.

 

Uçar nəğmə kimi, uçar quş kimi,

Nəsildən-nəsilə yetər yaxşılıq.

Gözəllik yaradar duyan qəlblərdə,

Fərəhlə ürəkdə bitər yaxşılıq.

 

O, sevinc gətirər hər bir insana…

Etdiyin yaxşılıq çıxar qarşına.

Sədası yayılar onun hər yana,

Şan-şərəf gətirər o ad-sanına.

 

Yaxşılıq eyləsən əgər əlinlə,

O gedər həyatda hər gün səninlə.

Təmiz olsa əgər fikrin, niyyətin,

Yamanlıq etməzsən heç vaxt dilinlə.

 

Artar yaxşıların ruzisi, payı,

Hər kəsin üstündə olar haqq-sayı.

Yaxşılar tanıdar adın əməllə,

Yaxşılığın olmaz həyatda tayı.

Xuraman Baxış

 

Nəfs

 

Yeyib harınlamış bir qara qarğa,

Dovşan ovlamağa saldı öz nəfsin.

Daşı dovşan bilib böyük sevinclə,

Süzərək endirdi daşa kəlləsin.

Ağlından qalmadı əsər-əlamət,

Yıxıldı torpağa, itirdi taqət.

Qaraldı dünyası onun gözünə,

Az sonra ayılıb gəldi özünə.

Gözlərin açaraq ayağa qalxdı,

Gah daşa, gah da ki, özünə baxdı.

Qarğa əməlindən peşiman qaldı,

Sonra qarıldayıb göyə ucaladı.

…Yenə təkrar bir gün torpağa endi,

Zənn etdiyi dovşan siçana döndü…

Mirəli İsmayıllı

 

Rəşidim

 

Həyat yoldaşı Rəsmiyyənin dilindən

 

Əlimlə tapşırdım qara torpağa,

Dönmüsən gözümdə yaşa, Rəşidim.

Nə ola, dönəydim məzarın üstə,

Güllərlə bəzənmiş daşa, Rəşidim.

 

Sənsiz çox ağırdır, boşdur bu həyat,

Yoxluğun buraxmır fikrimi rahat.

Gecəli-gündüzlü nur içində yat.

Fərq qoyma bahara, qışa, Rəşidim.

 

Tanrı necə qıydı cavan ömrünə?

Qiyamət deyirəm sən köçən günə.

Uçub gələ biləm qəbrin üstünə,

Dönmüşəm yaralı quşa, Rəşidim.

 

Nisgilli qoymusan dostu, yarını,

Yığıb aparmısan evin varını.

Qırdın sədaqəti, etibarını,

Nə tez çatdı yolun başa, Rəşidim.

 

Ruhuna əyandır nə günlərim var,

Şərqiyyə anatək səninçün ağlar.

Qoşa can atardıq olaq bəxtiyar,

Bəs niyə ölmədik qoşa, Rəşidim!

Şərqiyyə Balacanlı

 

Zəfər günün mübarək

 

Düşmən üzərində zəfər çalana,

Güvənilir daim, edilir də ərk.

Alıb qüdrətindən, rəşadətindən,

Səsimə səs qatım, deyim ki, bərk-bərk,

Azərbaycan, Zəfər Günün mübarək!

 

Haqqa, ədalətə tapılacaq yol,

Bilirdin möhkəmdir dörd yanın, sağ, sol.

Əl atmazdan öncə silaha min yol,

Düşmənə demişdin: – Ay düşmən, əl çək,

Azərbaycan, Zəfər Günün mübarək!

 

Dərdini deməyə yer tapdı düz, çöl,

Dünyaya car etdi sevincini el.

Güllənin səsindən sonra açdı gül,

Payız keçdi, xəzri, yel əsməyərək,

Azərbaycan, Zəfər Günün mübarək!

 

Elə elədin ki, göz qaldı yaşlı,

Düşməni, yağını etdin təlaşlı.

Gec edib, güc etdin əməlli-başlı,

Belə bir zəfərdən səndə oldu tək,

Azərbaycan, Zəfər Günün mübarək!

 

Uçan uçur, sınıqlıq yox qanadda,

Ünvana bax, gəl, gör neyləyir ad da.

Keçmişimiz Öndərlə qaldı yadda,

İlhamladır bu günümüz, gələcək,

Azərbaycan, Zəfər Günün mübarək!

 

Qaçmaz gözlərindən qurğuyla, tələ,

Həll olar yerində o an məsələ.

Polisindən yazıb, demirəm hələ,

Əsgərin, zabitin nümunə, örnək,

Azərbaycan, Zəfər Günün mübarək!

 

Anam deyib, bilirəm ki, nənəmdən,

Şirin olmur heç kim, heç nə Vətəndən.

Sənə gələn dərd-bəlanı alıb mən,

Deyirəm ki,  gözlərindən öpərək,

Azərbaycan, Zəfər Günün mübarək!

Tamam Nur Tağlabiyanlı

 

 

 

 

 

 

Şərh Yaz