Bacarıqlı, işgüzar fermer                                 

Suma ana faciəli surətdə həyatını itirən əri Xasayın dəfn-kəfənindən sonra otaqlardan birinə girib qapını arxasınca bağladı. O biri otaqda şirin-şirin yatan azyaşlı uşaqlarını yuxudan oyatmasın deyə, el-camaat arasında qınaqdan çəkinib ağlamadığından, için-için, göynərti ilə o ki, var ağladı. Həyatının keçmiş anları canlandı gözləri önündə. 1941-1945-ci illər müharibəsində bibisi Sürəyya ilə eyni ailə sayılan bir həyətdən atası Məhəmməd və bibisinin 16 yaşı yenicə tamam olmuş oğlu Əlislam müharibəyə aparıldı. Bundan 4 il əvvəl isə 1937-ci ildə bibisi əri Nəsib “kulak” hesab edilərək gedər-gəlməz sayılan Sibirə sürgün edilmişdi. Başsız qalan ailənin 10 nəfərlik üzvünün bütün ağırlıqları düşmüşdü bibisi Sürəyyanın, anası Hənifənin, azyaşlı bibisi oğlu Sabirin və özünün üzərinə. Ellə gələn bu qada-bəladan ölümsüz-itimsiz necə qurtulmaları da canlandı gözləri önündə, üstəlik Tircanda, Kəlfərəcdə, Tağlabiyanda neçə-neçə ailəyə əl uzatmişdilar. Müharibə bitdi. Atası Məhəmməd ailəsinin üstünə sağ-salamat qayıtdı. Əlislam itkisindən beli əyilən bibisinə ürək-dirək verdi. Bulanmış sular durulanda Şəbyandan Tağlabiyana gəlin köçdü, ailə qurdu, övladları dünyaya gəldi. Yenicə xoş günlər  görürdü ki, bu faciə baş verdi. Bu fikirlərdə ikən Suma ana birdən səksəndi, qapıldığı aləmdən ayıldı. Özünü ələ aldı. Özü-özünü qınağa çəkdi. Dul qalmış, ərləri müharibədən dönməyən neçə-neçə uşaqlı, uşaqsız gəlin ismətli qadınlar düşdü yadına. Göz yaşlarını silib toxdadı. Qapını açıb çölə çıxdı. Qapı ağzında durub onu gözləyən qızı  Əslini və oğlu Məzahiri gördü. Heçnə olmayıbmış kimi onları qucaqlayıb bağrına basdı. O gündən ömrü gödək sevdalı günlərini unutdu. Üzünə qəmdən duvaq salıb övladlarının qayğısına qalmağa başladı. Dəryazla ot biçdi, əlinə oraq alıb taxıla getdi, dərz bağladı, vəl sürdü. Kişi hünərli bibisi Sürəyya kimi kişilərə qoşulub ən ağır işlərə qatıldı. İnək saxladı. Qoyun-quzu, toyuq-cücə bəslədi, bir gündə neçə dəfə təndirə girib çörək yapdı. Gözlərilə su içdi, kirpiklərilə od götürdü. Qara, şəvə saçlarını süpürgə etdi, uşaqlarını ərsəyə gətirdi. O, bu yolda daha hansı əziyyətlərə dözmədi, daha hansı acılı-şirinli sözləri eşitmədi…

“Cücə səbət altda qalmaz” – demişlər müdriklərimiz, Suma ananın da əməyi hədər getmədi. Öz nümunəsində övladlar böyütdü. Oxudular, iş-güc sahibi  oldular, ailə qurdular, nəvə-nəticə nənəsi oldu Suma ana. Fərəhləndikdə bədənini sarmış ağrı-aclar da arxada qalırdı.

Bu gün İsmayıllıda adı hörmətlə səslənən, bacarıqlı, işgüzar fermer kimi tanınan Məzahir Xasay oğlu Salmanov, bax bu cür halal zəhməti ilə tanınan belə bir ailədə böyüyüb ərsəyə gəlmişdi.  O, təbiətin oyanmasının bir çağında – 31 mart 1957-ci ildə əsli-nəcabətli Xasay kişinin ailəsində, Tağlabiyan kəndində dünyaya göz açmışdı. İbtidai təhsilini doğma kəndlərində başa vurduqdan sonra orta təhsilini Basqalda almışdır. Altı il Tağlabiyan-Basqal arasındakı sərt yoxuşlu, yolları düşüb-qalxan Məzahir, həmyaşıdlarından öz çevikliyi ilə fərqlənirdi. Yorğunluğuna baxmayaraq dərs çantasını yerə atan kimi qoyun-quzu ardınca qaçardı. Meşədən odun, şax gətirərdi, uzaq məsafədə olan bulaqdan su daşıyardı, anasının, bacısının qulluğunda durardı. Bu zəhmətkeşlik onu əvvəlcə Xanlar rayonundakı Şərabçılıq texnikumuna, daha sonra isə Gəncə Kənd Təsərrüfatı İnistitutuna aparıb çıxartdı, ali təhsilli mütəxəssis oldu. Gənc mütəxəssis kimi işə “Bakı fəhləsi” adında Tircan Şərabçılıq sovxozundan başladı.

O, təcrübə topladıqca vəzifələrdə yüksələrək sex, növbə rəisi və zavod direktoru olur. Adamsız, arxasız Məzahirin bu uğurlarına qibtə edənlər də oldu. Hətta azğınlaşmışın birisi ona fiziki təsir göstərmək istəyir. Anası Sumanın tövsiyyəsi ilə məsul vəzifədə çalışan atasının dostuna müraciət etməli olur. Dostluğa sədaqətli olan o, şəxs yolunu azmışa elə barmaq silkələyir ki, bir daha Məzahirə “gözün üstə qaşın var” deyən olmur. 70 il hökm edən sovet rejimi dağılandan sonra respublikamız ikinci dəfə öz müstəqilliyinə qovuşanda Məzahir kimi bacarıqlı, işgüzar təsərrüfatçı adamlara yaşıl işıq yandırıldı, onlara geniş imkanlar, səlahiyyətlər verildi. Artıq uzun illərdir ki, Məzahir yaratdığı fermer təsərrüfatına başçılıq edir. Halal əməyi ilə əkir, becərir, heyvandarlıqla məşğul olur. Neçə-neçə ailəni işlə təmin edib. Məzahir həyatda nəyə  nail olubsa öz alın təri ilə, anası Sumanın xeyir-duası ilə, bir də ömür-gün yoldaşından çox ona  dəstək olan Nazilə xanımın hünəri ilə nail olubdur.

Məzahir çox böyük ürək sahbidir. O, qazandığını ovuc içərisində yeyənlərdən deyil. Millətimizin böyük bayramlarından olan Ramazan, Qurban bayramları ərəfəsində bütün  qohumlara baş çəkir, qonşuda qohumda olan kimsəsizlərə, imkansızlara xəbələri olmadan yardım göstərir.

Məzahir rəhimli, xeyirxah insandır. O, neçə-neçə varisi olmayan qohumlarına ətək atıb onlara evində sığınacaq verib, qulluğunda durub, müalicələrini elətdirib, sanatoriyalara göndərib. Dünyalarını dəyişərkən yerdən götürüb, ehsan verib, qəbirüstü abidə qoydurub.

Yadımdadır, Məzahirin uzaq qohumlarından birisi, uzun illərin həbsindən sonra azadlığa buraxılmışdı. Xəbər Məzahirgilin ailəsinə çatanda, anası Suma da Məzahirə qoşulub onlara gəlmişdi. Onlar qohumlar arasında ilk insanlar idi ki, son on bir ilin ərzində məhbusun ailəsini yad edirdilər. Etdikləri bazarlıqdan əlavə, gələrkən sanballı maliyyə yardımı və özünün idarə etdiyi “05” markalı “Jiquli” avtomobilini və açarlarını qoyub getmişdi. Başqa bir dəfə isə inşası yarımçıq qalmış evinə inşaat materialları almışdı. Birinci Qarabağ vuruşunda şəhid olmuş kürəkəninin ailəsinə köməklik göstərmişdir.

Məzahir millətini, torpağını sevən vətənpərvər insandır. 1990-cı illərdə Qarabağın başı üstünü qara buludlar alanda, cəbhəyə yardım edənlərdən ilki olmuşdu. Elə son Vətən müharibəsində də Məzahir kimsədən geri qalmamışdı.

Məzahir ata-anasının da uyuduqları Tağlabiyan kənd qəbiristanlığını abadlaşdırıb, oradakı qəbir əhlinə ehtiram əlaməti olaraq “Qurani Kərim”dən yazılmış bir lövhə də asıb.

Məzahir anasına xeyirli övlad, ömür-gün yoldaşına sədaqətli kişi, bacısına əsl arxa-dirək, övladlarına sonsuz məhəbbət bəsləyən əvəzsiz ata, nəvələri ilə dağa dönən, onlarla nəfəs alan babadır.

Suma ana 93 il ömür sürdü bu dünyada. Onun son on bir ilini yataqa keçirdi. Oğlu Məzahir, gəlini Nazilə müti qul oldular, onun qulluğunda. Bir dəfə də olsun “uf” deyib turş sifət göstərmədilər. İlk gündən necə səmimi münasibət bəsləmişlərsə, sona kimi eləcə də qaldılar.

Yuxarıda qeyd etdiyim kimi Məzahir qayğıkeş atadır. O, övladlarına qarşı bütün atalıq borcunu ödəyib. Hamısını yerbəyer edibdir. Qızlarından Vüsalə xanım gözəl bir ailənin gəlinidir, atasının-anasının başını uca edən nəcib evdar qadındır. Sevil ali təhsilli müəllimədir. Nərmin Tibb Universitetini qırmızı diplomla bitirən bacarıqlı həkimdir. Oğlu Xəyal ali təhsilli iqtisadçıdır, dövlət qulluğunda çalışır. Evin son beşiyi Nemət rayonda tanınan diş həkimidir.

Təvazökar, bacarıqlı, işgüzar iş adamı olan Məzahir, sanki bu iş üçün doğulubdur. Onun müəyyən iş vaxtı, iş saatı, istirahət günü yoxdur. Adlı-sanlı fermerin iş günü dan yerinin qızartısından tutmuş gecədən xeyli keçmişə qədərdir. Mən, ömrünün 65-ci ilini yaşayan bu dinamik insana uzun ömür, ailə səadəti arzulayır, təsərrüfatına isə “Allah bərəkət versin!” – deyirəm.

 

  1. S. Kənd təsərrüfatı sahədə səmərəli fəaliyyətinəgörə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Məzahir Salmanovun “3-cü dərəcəli Əmək ordeni” ilə təltif olunması da qələmə ala bildiklərimi xeyli dəyərli etdi.

Şərh Yaz