NİZAMİ YARADICILIĞINDA ŞƏXS ADLARININ ÜSLUBİ-LİNQVİSTİK XÜSUSIYYƏLƏRİ

Üçüncü yazı:

Ümumi adı ilə farscadan (“Pənc gənc”) “5 daş-qaş” kimi tərcümə olunan Xəmsə və ya Beşlik  Azərbaycanın klassiki Nizami Gəncəvinin 5 əsas əsəridir.

Nizami Gəncəvi öz ölməz beş poeması (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Nizaminin beş poeması sonralar “Xəmsə” “Beşlik” adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi “Xəmsə” yaratmaq arzusunda olmuş, ancaq bu arzuya az şair çatmışdır. Elə sənətkarlar var ki, onların dəyərli irsi sərhəd və zaman tanımır, bəşəriyyətə gözəl töhfədir. Nizami irsi bir hikmət dünyası, hər beyti nəsihət dolu, bitkin və kamildir. Müdrik kəlamları Nizami qələminin qüdrəti ilə elə yaradılıb ki, hər biri öz dəyərini zərrəcə itirməyib, əksinə, zaman keçdikcə məna yükü qazanıb.

O şey ki, bizlərə lap aşikardır.

Orda da bir gizli xəzinə vardır. – deyən müdrik şairin hər misrası, hər beyti hələ tam kəşf olunmamış bir xəzinədir. Bu kəlamları oxuyan insan humanizm, vətənpərvərlik, dostluq, zəhmətsevərlik kimi fəzilətlərdən bəhrələnir.

Nizami poemalarında hər xırda məsələyə böyük diqqətlə yanaşmış, bütün bəşəriyyətə örnək sənət nümunələri yaratmışdır. Fəlsəfi baxışları, söz oyunları, əxlaqi-tərbiyəvi fikirləri ilə yanaşı Nizami yaradıcılığında maraqlı üslubi çalarlara da rast gəlmək olur. Diqqət çəkən məqamlardan biri də adların üslubi-linqvistik xüsusiyyətlərindən böyük sənətkarlıqla yararlanması olmuşdur.

Ədəbi dilin bədii üslubunun yaranmasında şəxs adlarının özünəməxsus yeri vardır. Şəxs adları fərqləndirməyə, fərdiləşdirməyə xidmət edir, bədii əsərlərdə isə emosionallıq və ekspressivlik yaratma keyfiyyətinə də malikdir.

Obrazın adlandırılmasında müəyyən tələblər olsa da, surətlərin dilində işlənən antroponimlər həm əsərin ideyası, süjet xətti ilə, həm də obrazların mənəvi və zahiri xüsusiyyətləri ilə əlaqədardır. Bu baxımdan bədii əsərlərdə mövcud olan antroponimləri vəzifəsinə görə iki qrupa bölmək məqsədəuyğundur: 1) bədii əsərlərdə iştirak  edən obrazlara verilmiş şəxs adları, ləqəblər, titullar, ata adları, soyadlar aktiv antroponimlər; 2) ideyanın, süjet xəttinin inkişafı ilə əlaqədar olaraq bədii əsərlərdə bir obraz kimi iştirak etməyən, yalnız personajların dilində yada salınan, хatırlanan şəxs adları, ata adları, ləqəblər, təxəllüslər, soyadlar isə passiv antroponimlərdir. Passiv fonda daxil olmuş adlara “poеtik onomastika” nöqteyi-nəzərindən yanaşdıqda hər birinin əsərin onomastik sistemində öz yeri, vəzifəsi və funksiyası olduğunu görmək olar. Nizami poemalarında şəxs adlarının maraqlı üslubi xüsusiyyətləri vardır. Bunları belə qruplaşdırmaq olar:

 

  1. Personajların adının lüğəvi mənası surəti səciyyələndirir, onun əməli ilə eyni olur, şəxs adı ilə obrazın xarakteri arasında əlaqə yaranı

 

Əsərin maraqlı oxunmasını təmin edən bədii üsullardan biri də obrazın adının onun əsas ruhu ilə bağlı olmasıdır, yəni pеrsonajın adı bədii dildə üslubi kеyfiyyətə malik olur. Məsələn, Nizaminin “İsgəndərnamə” poemasında Nüşabə obrazının adı birbaşa xarakterini təmsil edir. Nüşabə – farsca ağıllı və gözəl qadın mənasını ifadə edir. Nizami mərd, iradəli, ağıllı və bacarıqlı Bərdə hökmdarı Nüşabə obrazını yaratmaqla yeni tipli dövlət başçısından, ədalətli quruluşdan söhbət açmışdır. Nizaminin Nüşabəsi təkcə gözəlliyi ilə deyil, həm də ağlı ilə böyük sərkərdəni öz qarşısında heyran edir. Artıq adını oxuduqda oxucunun gözündə  bu qadının əzəməti canlanır.

Eyni bu üsluba Nizaminin “Xosrov və Şirin” poemasında  da rast gəlirik. Şirin farsca sevimli, cana yaxın mənasında işlədilir. Nizami Gəncəvi Şirin obrazını  bu poemasında əsas obyekt kimi mərkəzdə saxlayır (günəş kimi) və bütün hadisələr onun ətrafında cərəyan edir. Şirin yalnız xarakter nümayiş etdirməklə, hadisələrə adekvat cavab verməklə nümunəyə çevrilir. Nizami Gəncəvinin cızdığı hadisə trayektoriyaları daha çox Şirinin əhvalını, düşüncəsini, xasiyyətini bəlli etmək üçün sanki qurulub. Və istənilən situasiyada biz dəfələrlə qarşımızda mükəmməl Şirin obrazını görürük. Daha düzgün ifadə etsək, mükəmməl qadın strukturunu, sütununu görürük:

Dodağı şirindi, adı da Şirin,

Nə Şirindən şirin insan mən gördüm

Şirin də o şirin ləblər içində

Aya bənzəyirdi Ülkər içində.

Məhinbanu – farsca böyük xanım mənasındadır. Əsərdə Məhinbanu öz məsləhətləri ilə həqiqətən də adının mənasının haqqını vermiş olur. Şirini qadın qürurunu hər şeydən üstün tutmağa səsləyən Məhinbanu ona yol göstərir.

Şəmira adlanır o göyçək qadın,

Böyükdür mənası bu gözəl adın.

Cürətdə kişidən heç geri durmur,

Böyük olduğundan Məhin Banudur.

Rövşənək- (“İsgəndərnamə” poemasında, Daranın qızı) farsca aydın, işıqlı mənasını verən rövşən sözündəndir. Şair özü də bu adın mənasına işarə edərək yazmışdır:

Könlünü çevirmə Rövşənəyimdən,

Təbii işıqla Günəş olur şən.

“Leyli və Məcnun” poemasındakı Nofəl adı da maraqlı üslubi çalara malikdir. Bu ad çox güman ki, farsca yeni mənasında olan nov və uğur, səadət, müvəffəqiyyə mənasında olan fəlah sözlərinin birləşməsindən əmələ gəlmişdir. Və Şair Nofəli təqdim edərkən bütün bu xüsusiyyətləri sadalayır:

O yerdə mehriban, olduqca qoçaq

Dəmir kimi möhkəm, mum kimi yumşaq,
Nof
əl adlanılan bir igid vardı,

Ərəblər önündə boyun burardı

 

  1. Tarixi şəxsiyyətlərin adları işlənmişdir:

 

Nizaminin poemalarında olduqca çoxlu tarixi adlara rast gəlirik. Bura həm dini adlar, həm də sərkərdə şah adları daxildir. Mədhlərində Məhəmməd Peyğəmbərin adını çəkən Nizami Adəmlə Həvvanın  adlarına da toxunur:

Yoxluğa bəxtiyarlıq işığı saçdı Adəm,

Varlığın qapısını üzünə açdı Adəm.

“Süleyman və qoca  əkinçi” hekayəsində Süleyman peyğəmbərdən,”İsanın hekayəti”ndə İsa peyğəmbərdən bəhs edir.

Eyni zamanda “Sirlər xəzinəsi”ndə Nuşirəvan, Sultan Səncər, Cəmşid obrazları tarixən var olmuş şəxsiyyətlər olmuşlar.

Ənuşirəvan (ölməz ruhlu deməkdir) 531–579-cu illərdə İranda hökmranlıq etmiş böyük Sasani padşahı, Sultan Səncər (əzab verən deməkdir) 1118-1157-ci illər arasında Böyük Səlcuq sultanı, Harun ər-Rəşid  isə Abbasilər sülaləsinin xəlifəsi idi.

Nizami bu adlara yeni nəfəs vermiş, bu obrazları şah, hökmdar-xalq, ədalətli idarəetmə məsələlərində ön plana çəkmişdir.

Dara obrazı – “İsgəndərnamə” poemasında Dara sahib olan, malik olan mənasında işlənir ki, bu da  obrazın xarakterinə tam uyğun gəlir. Poemada Dara öz sərkərdələrinin xəyanəti nəticəsində ölərkən İsgəndərə vəsiyyət edir qızı Rövşənəyi də “süfrə yoldaşı” etməyi ona tapşırır.

 

  1. Simvollaşmış adlardan istifadə edir:

 

“Leyli və Məcnun” poemasında Leylinin, Məcnunun adları,”Xosrov və Şirin”də Fərhadın adı bədii ədəbiyyatımızda simvollaşmışdır.

Xosrov adı hakim, hökmdar; xeyirxah, xeyir verən anlamında, Fərhad-anlayan, başa düşən anlamında işlənir. Amma Nizamiyə qədər bir çox sənətkarlar “Xosrov və Şirin” mövzusuna və bu adlara müraciət emişlər. Simvolik olaraq Xosrov və Şirinə ilk dəfə müraciət edən Firdovsi olmuşdur. Lakin Nizami Firdovsininnin “Şahnamə”də bu mövzunu yarada bilmədiyini vurğulayır. Bildirir ki, Firdovsi qoca idi deyə bu dastanı lazımınca əks etdirə bilməyib:

Altmışda sevginin, eşqin həyəcanı

Titrədə bilməzdi yorğun qocanı.

Bu baxımdan deyə bilərik ki, Nizaminin Xosrovu, Fərhadı  ona qədərki ədəbiyyatda və Nizamidən sonrakı ədəbiyyatda simvollaşmışdır. Xosrov gücü,var-dövləti, Fəhad isə ağlı, saf sevgini simvolizə edir.

Nizami bu əsərdə göstərir ki, ağıl (Fərhad) heç də gücdən və var-dövlətdən (Xosrov) geri qalmır. Nəzərə alsaq ki, “Xosrov və Şirin” şah sifarişi ilə yazılıb, onda bu cəsarətli ideya sayıla bilər. Ancaq Nizami ardıcılları (Nəvai, Arif Ərdəbili və s.) bu ideyadan uzaqlaşdılar, Fərhadı da şahzadə kimi təqdim etdilər.

 

  1. Real həyatdan götürülmüş insanların prototipini yaradaraq obraz yaradır:

 

“İsgəndərnamə” poemasındakı İsgəndər obrazı tarixi şəxsiyyətin  prototipidir. Nizami bu obrazdan isifadə edərək təxəyyülündə olan şah obrazını yaratmışdır. İsgəndər adının mənası böyük ölçüdə “qalib”, “müdafiəçi” mənasını verən qədim yunan Alexandros ləqəbinin mənası ilə üst-üstə düşür.  

Məclisdə Feyləqus oğlu İsgəndər,

O pəri qızlara salmadı nəzər…

Beşiyi öpərək oldular dilşad,

Uşağa qoydular İsgəndərus ad.

“Xosrov və Şirin” poeamasındakı Şirin obrazını da Nizaminin həyat yoldaşı Afaqın prototipi kimi başa düşmək olar. Şübhəsiz, Afaq tam mənada Şirinin prototipi deyil, amma bu da həqiqətdir ki, Nizami bu obrazı yaradarkən, çox sevdiyi Afaqdan təsirlənib, onun müəyyən keyfiyyətlərini Şirinin simasında canlandırıb. Necə ki, Şirinin ölümünü təsvir edərkən özü də deyir:

 Oxu bu dastanı qəlbində kədər,

O gözəl Şirinçün ağla bir qədər.

Çünki tez tərk etdi o bu aləmi,

Cavanlıqda soldu qızılgül kimi.

Qıpçaq bütüm təki ox kimi süzdü,

Afaq sevgilimin sanki özüydü.

 

  1. Obraz adlarını xalq əfsanələrindən götürür:

 

“Xəmsə”də əfsanələrdən götürülərək obraz adı kimi istifadə olunan adlar əsasən Azərbaycan və fars əfsanələrindən alınmışdır.

“Sirlər xəzinəsi”ndə “Cəmşidlə cavan Yavərin hekayəti”ndə Cəmşidin adını İran miflərindən götürmüşdür. Eyni zamanda,”Firidunla ceyranın hekayəti”ndə də Firidun Firdovsinin “Şahnamə” eposunun qəhrəmanlarından biridir və qədim İran əsatirində əfsanəvi bir şahdır.

 

  1. Adları folklordan, xalq ədəbiyyatından götürür:

 

Məlumdur ki, Nizami Gəncəvi “Leyli və Məcnun” poemasının mövzusunu rəvayətlərdən, əfsanələrdən götürmüşdür. Amma şair mövzuya öz dəst-xətti ilə yanaşmış, əsərdəki obrazların adını xüsusi üslubla işləmiş, hər bir adı mənalandırmışdır. Adların obrazların xarakterinə uyğun səviyyədə çatdırılmasına xüsusi fikir vermişdir. Şair Leyli obrazı haqqında yazır:

Bir ona düşmüşdü hamının meyli,

Zülfü də leyl idi, adı da Leyli.

“Leyl“ ərəbcə gecə, qaranlıq mənasını verir. Leyli adının qara ilə eyniliyi sanki onun faciələrindən, başına gələcəklərdən xəbər verir.

Əsərin ikinci qəhrəmanı Qeys də öz adı ilə yox, xalq tərəfindən verilən Məcnun ləqəbi ilə daha çox tanınır. Qeys ərəbcə ölçü, miqdar, Məcnun isə dəli, divanə anlamında işlənir.

Biçarə Qeys də əlacsız qaldı,

Bu Məcnun sözünü üstünə aldı.

Nəticə olaraq qeyd edim ki, Nizaminin “Xəmsə”si bir dəryadır. Adlar bununla kifayətlənmir. Burada araşdırılacaq olduqca maraqlı mifonimlər, zoonimlər, agionimlər (müqəddəs adlar) kosmonimlər, toponimlər, antroponimlər, eyni zamanda maraqlı üslubi-linqvistik çalarları olan epizodik şəxs adları vardır. Nizami bu adları incə-incə işləmiş, mənalandırmışdır. Düşünürəm ki, Nizaminin “Xəmsə”sində işlətdiyi bütün adların tədqiq edilməsi həm Nizami Gəncəvinin sənətkarlıq xüsusiyyətlərinin öyrənilməsinə, həm də dilçiliyimizə çox böyük faydalar verər.

Əsmər Cəfərli,

İsmayıllı rayon Keyvəndi kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi,

Bakı Dövlət Universitetinin bakalavrı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistri

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz