Kürdmaşının igid oğlu ziyarət olunub                                

İsmayıllı rayon Mərkəzləşmiş Kitabxana Sisteminin Kürdmaşı kənd kitabxana filialının əməkdaşları Esmira Əlişova və Aygün Həsənova Vətən müharibəsi şəhidi Fərid Əliyevin ailəsini ziyarət edib, məzarı üstünə gül dəstələri düzüb, ruhuna dualar ediblər.

F.Əliyev 22 mart 2001-ci ildə Kürdmaşı kəndində anadan olub. C.Həsənov adına Kürdmaşı kənd tam orta məktəbini 2018-ci ildə bitirib. Həmin ildə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinə turizm və onun təşkili ixtisası üzrə qəbul olunub. 2019-cu ildə təhsilinə fasilə verərək hərbi xidmətə gedib.

Azərbaycan Ordusunun əsgəri olan F.Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb. O, sentyabr ayının 28-də anadan olduğu Kürdmaşı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Fərid Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Fərid Əliyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Səhifəni hazırladı:

E.Mikayılova,

MKS-nin əməkdaşı

 

Şərh Yaz