“Naxışlar dünyasına səyahət – Qarabağ xalçaçılıq məktəbi”               

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsində İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbi həm fərdi, həm də ümumi təhsil kateqoriyasında qalib olmuşdur. Ümumi təhsil kateqoriyasında qalib layihəmiz “Naxışlar dünyasına səyahət – Qarabağ xalçaçılıq məktəbi” adlanır. Layihə rəhbəri kimi istərdim, layihənin məqsədi və tutduğu yol haqqında ictimaiyyəti məlumatlandıram:

Xalçaçılıq qədim sənət sahələrindən biridir ki, özlüyündə tarixi, adət-ənənələri, texnoloji imkanları, təsviri incəsənət sahəsini, ədəbiyyatın bədiliyini qoruyub saxlayır. Adıçəkilən məsələlər isə Azərbaycan təhsilində aktual və prioritet istiqamətləri təşkil edir. Təhsil qanununda deyildiyi kimi: “4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq” təhsilin başlıca məqsədlərindən biridir.

Xalçaçılıq qədim sənət sahəsi kimi Azərbaycan xalqının etnik kimliyində mühüm yerə sahibdir. Bu incə sənət yalnız məişətdə istifadə olunmaq üçün məmulat hazırlamaqdan daha çox, mənəvi mahiyyətə malikdir. Əyani göstərilən, həmçinin şəxsin özü tərəfindən yerinə yetirilən bir şey daha yaxşı mənimsənilir. O səbəbdən də mənəvi dəyərlərimiz barədə ədəbiyyat, Azərbaycan dili, tarix, həyat bilgisi fənlərində nəzəri məlumatlar verilməklə yanaşı, bu kimi praktiki işlərə də böyük ehtiyac vardır. Digər tərəfdən artıq sübut olunmuş həqiqətdir ki, insan uşaq yaşlarında hansı bacarıqlara yiyələnirsə, yetkin fərd olduğu zaman həmin işlərdə daha çox müvəffəqiyyət əldə edir. Şagirdlərin estetik və mənəvi tərbiyəsində bu sənət sahəsi ilə bağlı bacarıqların formalaşması yüksək dəyərə malikdir.

Məktəblərdə xalçaçılıqla bağlı geniş biçimdə dərnəklərin olması qədim sənətimiz gələcək nəsillərə praktiki işlər fonunda ötürülməsidir. Onu da qeyd etmək istərdik ki, qadın hüquqları uğrunda mübarizə aparmış Cəlil Məmmədquluzadə XIX əsrin sonlarında bu cür işlə məşğul olmuş, Naxçıvan və İrəvanın kəndlərində müəllim kimi çalışarkən qızları ipəkçilik dərnəklərinə cəlb etmişdir. Mirzə Cəlilin simasında tarixi təcrübə də bu qəbildən işlərin əhəmiyyətini təsdiqləyir. Respublikada ümumi orta məktəblərin, bəlkə də, çox hissəsi yüksək dağ kəndlərində yerləşir. Xalçaçılığın da məhz bu ərazilərdə təşəkkül tapıb yayıldığını nəzərə aldıqda xalçaçılıqla emalatxana şəraitində məşğul olmağın əhəmiyyəti bir daha öz təsdiqini tapır.

Ən vacib nüanslardan biri də Vətən müharibəsində qalib gələrək doğma Qarabağ torpaqlarımıza qovuşmağımızdır. Qarabağ xalçaçılıq məktəbi dünyanın mədəni irs xəzinəsinə daxildir. Rəssamlarımızın məharətini, xalçaların, naxışların daşıdığı mənalar həm də milli baxımdan çox əhəmiyyətlidir. Xalqımızın istedadı dünyada nümayiş etdirilir. İş yerləri, yerli istehsal, xammalın təşkili və ölkəmizin təbliği baxımından xalçaçılığın çox böyük əhəmiyyəti vardır. Düşünürük ki, bu sənət sahəsi ilə bağlı məktəb şəraitində, kiçik emalatxana formatında şagirdlərlə işin qurulması onların mədəni və vətənpərvərlik tərbiyəsi baxımından son dərəcə əhəmiyyətli olacaqdır.

Xuraman Qurbanova,

İsmayıllı rayonu Gəndov kənd ümumi orta məktəbinin direktoru, layihə rəhbəri

Şərh Yaz