Zəfərə həsr olunmuş festival                                

Ağdaş, İsmayıllı, Şəmkir, Sabirabad Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qələbənin əldə edilməsi, regionlar üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətləri və xanəndəliyin təbliği, istedadlı uşaqların aşkara çıxarılması və dəstəklənməsi məqsədi ilə 11-22 oktyabr 2021-ci il tarixlərində xalq çalğı alətləri ifaçıları və xanəndəlik ixtisası üzrə “Zəfər” adlı musiqi festivalı keçirilib.

Festivalın növbəti seçim turu 13-14 oktyabr 2021-ci il tarixlərində İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon F.Əzimov adına Uşaq-İncəsənət məktəbi, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi, Ağsu rayon Uşaq-Musiqi Məktəbi, Qəbələ şəhər Uşaq-İncəsənət Məktəbi və Qobustan şəhər R.Behbudov adına Uşaq-İncəsənət Məktəbinin şagirdlərinin iştirakı ilə İsmayıllı rayon MKS-nin Uşaq kitabxanasında baş tutub.

İsmayıllı rayonunda keçirilən seçim turunda İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Arif Əsədullayev, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Azərbaycan Respublikasının Xalq artisti Zabit Nəbizadə, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin xalq çalğı alətləri şöbəsinin müdiri, qabaqcıl təhsil işçisi Cəfər Qafarlı, Azərbaycan Milli Konservatoriyasının müəllimi Anar Niftullayev, Zərdab şəhər Uşaq-İncəsənət məktəbinin direktoru Nicat Əlifli və digər qonaqlar iştirak ediblər.

İlk öncə Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov çıxış edərək bildirib ki, bu festival Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə həsr olunub. Həmçinin, E.Nəcəfov bu festivalın yeni istedadların üzə çıxarılmasında, şagirdlərin vətənpərvər ruhda böyüməsində, xalq çalğı alətləri və xanəndəliyin təbliğində böyük əhəmiyyəti olduğunu vurğulayıb.

Nurtən Əkbərova

Şərh Yaz