Nizami də, kitab da xəzinədir                                  

İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında imzaladığı sərəncamına əsasən “Poeziya dünyasının dahisi” adlı tədbir təşkil ediblər.

Tədbirin aparıcısı Pəri Səmədova tədbir iştirakçılarını salamlayıb, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin dünya poeziyasına bəxş etdiyi bir-birindən dəyərli söz sənəti inciləri barədə məlumat verib.

İsmayıllı rayon MKS-nin Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin əməkdaşı Nailə Həmzəyeva Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verərək bildirib ki,  Nizami Gəncəvi  1141-ci ildə  Gəncə şəhərində anadan olub, təhsilini Gəncə mədrəsəsində alıb, daha sonra şəxsi mütaliə yolu ilə o, dövrün elmlərini mükəmməl öyrənib, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olub, türk dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şair, həmçinin qədim yunan tarixini  və  fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsəyib. Gəncədə yaşayıb, saray şairi olmaqdan qətiyyətlə imtina edib, halal zəhməti ilə dolanıb. 1209-cu il mart ayının 12-də dünyasını dəyişib.

Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət  “Xəmsə” müəllifi kimi daxil olmuşdur. Şairin əsərləri dünyanın bir çox xalqlarının dillərinə tərcümə olunmuş, məşhur kitabxana, muzey və əlyazmalar fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.

Metodika və biblioqrafiya şöbəsinin əməkdaşı Ruhiyyə Lətifova  Nizami Gəncəvinin kitab, kitabxana və mütaliə işinə münasibətləri haqqında çıxışında bildirib ki, N.Gəncəvi özü qiymətli kitablardan, zəngin kitabxanalardan istifadə etməklə dahi şəxsiyyət kimi formalaşmış, eyni zamanda ölməz əsərlərində kitab, kitabxana və mütaliə haqqında çox dəyərli fikirlər söyləmişdir. Dahi sənətkarın özü də elmi bilikləri toplayıb nəsillərdən-nəsillərə çatdıran kitaba və bu kitabları qoruyan, oxucuların istifadəsinə verən kitabxanaya hörmət və ehtiramını dəfələrlə bildirmişdir.

Dünyada nə qədər kitab var belə,

Çalışıb, əlləşib gətirdim ələ,

Oxudum, oxudum sonra da vardım,

Hər gizli xəzinədən bir dürr çıxardım.

2 saylı şəhər kitabxana filialının fəal oxucaları Şəfəq Kərimli “Ey dost”, Rövşanə Abdullayeva “Az danışmağın gözəlliyi” şeirlərini, Nurcana Zöhrablı “Leyli və Məcnun“ poemasından kiçik bir parçanı səsləndirib.

İsmayıllı rayon MKS-nin əməkdaşı Tural Xalıqovun  hazırladığı “Nizami Gəncəvi – 880” adlı videoçarx nümayiş etdirilib.

2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Xəmsə“ adlı onlayn şeir müsabiqəsi elan edib.

Müsabiqənin  qalibləri: Məmmədova Xədicə Ceyhun qızı  I yerə, Mustafayeva Ayan Ayaz qızı  II yerə, Səfərli Səidə Səfər qızı III yerə layiq görülüb.

Qaliblər Fəxri fərmanla təltif edilib və mükafatlandırılıb.

İsmayıllı rayon MKS-nin direktoru Konül Baxışova qalibləri təbrik edib, onlara daha da  böyük nailiyətlər əldə etməyi arzulayıb.

Sonda kollektivlə xatirə şəkili çəkilib.

Esmira Mikayılova,

MKS-nin əməkdaşı

Şərh Yaz