Bir şəhidin arzusu        (Şəhid Cəmil Məmmədlinin əziz xatirəsinə)

Bir ana ağlayırdı… Saçları qardan ağ. Bir ana ağlayırdı dodağında illərin donub qalan gülüşü. Bir ana aglayırdı qızını tək qoyub gedən gül üzlü balasını. Gözlərində yaş sel idi o ananın. Bir ana ağlayırdı kasıb daxmasında əl-ələ verib min bir əziyyətlə böyütdüyü gül üzlü, nur üzlü balasını. O ana ki, o qədər arzularla, ümüdlərlə böyütmüşdü bal balasını. Yeməyib, yedirtmiş, geyməyib geyindirmiş, borcla, xərclə birindən yuxarı, beşindən aşağı, min bir arzuyla, xəyallarla, başını oxşaya-oxşaya, boynunu qucaqlaya-qucaqlaya böyütmüşdü Cəmilini. Təhsil vermişdi gül üzlü cənnət mələyinə. Bir Cəmil böyümüşdü o, evdə şir ürəkli bir oğul. Anasının, atasının, bacısının dayağıydı o oğul… Ən əsası Vətənin oğluydu o oğul. Müharibə bizdən neçə-neçə Cəmillər aldı… Neçə-neçə ananın, atanı, bacını, qardaşı ağlar qoydu… Vətən üçün doğulub, Vətən üçün ölən oğullar. Kim bilir, Cəmilin neçə-neçə nakam arzusu qaldı… Cəmilin arzusu anası Aygün ananı ağlar qoymaq idimi, gündə min kərə öldürüb-diriltmək idimi? Bacısını qardaşsız qoyub sonsuzluğa getmək idimi? Atasını beli bükük qoyub, içində için-için ağlatmaq idimi? Məzarına insanları yığıb ağlatmaq idimi? Sən getdin gül üzlü bala, arzularını məzarında dəfn edib, şəhid adına layiq olub, ən uca məqamlara getdin… O zirvə ki var, əlimiz çatmaz, ünümüz yetməz –  Şəhidlik zirvəsi. Sən o zirvəni fəth etdin, şəhid bala. Şəhidlər ölməz, şəhid bala! Sən də ölmədin, şəhid bala, neçə-neçə qəlblərdə Cəmillər doğuldu, şəhid bala, neçə-neçə ürəklərdə Cəmillər yaşayır, şəhid bala… Gedişinlə yeri də, göyü də ağlatdın, şəhid bala. Göy üzünə nur verdin, şəhid bala. Sən cənnətin oğlusan, şəhid bala…

Yerin rahat olsun, Cəmil bala! Sizlər yaşatdınız bu Vətəni, gözəl bala!

Torpaq – uğurunda ölən varsa, Vətəndir!!!

Leyla Yaşar

 

Şərh Yaz