Xeyirxah, yorulmaz, yurdsevən insanların qəzeti                        

Ağlım kəsəndən qəzetlə ünsiyyətdəyəm. Ona təkcə oxucu kimi sevgi bəxş etməmişəm. Onun yaranması və təbliğinə ömrümün mənalı, unudulmaz illərini bəxş etmişəm. Ötən əsrin 70-ci illərindən bu yana illər boyu ölkədə, xüsusilə İsmayıllı rayonunda gedən inkişafdan, yeniliklərdən, insanların sosial həyatından, zəhmət adamlarının taleyindən, yerimizin, yurdumuzun gözəlliklərindən bəhs edən saysız-hesabsız, irili-xırdalı yazılarla mətbuata bağlılıq nümayiş etdirmişəm.  Təbiətən yaxşıları və yaxşılıqları sevdiyimdən əliəyriləri, gözü el malında olanları, haramxorları, ağa qara deyənləri qamçılamağı da unutmamışam.

Bəlli məsələdir ki, jurnalist mövzunu həyatdan götürür. Yazı heç də özü-özünə yaranmır, qəzet o qədər də asan ərsəyə gəlmir. Bu yolun öz dağ-dərəsi, çətinlikləri var. Çətin yollarla mənzilə yetişmək isə bacarıq, güc və dözüm tələb edir.

Bir neçə gün əvvəl “İsmayıllı xəbərləri” qəzetinin 500-cü sayının çapdan çıxacağını eşidəndə, bir daha  vaxtın necə sürətlə getdiyini təkrarlamaq qərarına gəldim.

Bəli, “İsmayıllı xəbərləri” təsis olunduğu gündən, sözün həqiqi mənasında, İsmayıllını sevənlərin, onun tərəqqisi üçün əmək sərf edən xeyirxah, yorulmaz, yurdsevən insanların qəzetidir. Qəzet el içində  deməyə sözü olanlar üçün bir tribunadır. Bu tribunadan çıxışları alqışlarla qarşılanan peşəkar qələm sahiblərindən Məmmədmirzə Rzayevə, Lətifə Əliyevaya, İldırım Dəmirliyə, Daşdəmir Tağıyevə, Heydər Xəlilova, Xalıq Xalıqova, Rəna Mirzəliyevaya, Vaqif Məmmədova və başqalarına oxucuların sevgi və sayğılarını çatdırırıq.

Qəzetin səhifələri təhsil, mədəniyyət, səhiyyə işçilərinin, istək və arzularını, müxtəlif səpkili yazılarını oxuculara təqdim etmək istəyənlərin üzünə həmişə açıq olub.  Müxtəlif ünvan və müəlliflərdən redaksiyaya daxil olan yazılar – rəy və təkliflər aktuallığı, obyektivliyi nəzərə alınmaqla uyğun rubrikalar altında dərc edilir, oxucu nüfuzu qazanır.

Əvvəldə qeyd etdiyim kimi,  50 ildən artıqdır ki, müxtəlif qəzetlərlə əməkdaşlıq edib, onların tribunasından istifadə etmişəm. Redaksiyalar və orada çalışanlarla səmimi dost olmuşam.  Bu gün əlimizin daha rahat çatdığı qəzet “İsmayıllı xəbərləri”dir. Onun səhifələrində, şeirlərim, pedaqoji, publisistik məqalələrim çap olunub. Qələm dostlarım haqqımda da bu qəzet xeyli yazı veriblər. Açığını deyim ki, bu qəzetlə nəfəs alır, ondan faydalanır, hər sayını izləyir, uğurlarına sevinirəm.

“İsmayıllı xəbərləri” zamanla bərabər irəli gedir. Onun 500-cü addımını alqışlayıram. Bu sevinci ilk növbədə qəzetin baş redaktoru, şair Şahməmməd Dağlaroğlu (Soltanov) ilə bölüşür, qəzetin sadiq qələmtutanlarını və qədirbilən oxucularını ürəkdən təbrik edirəm. Arzum odur ki, qəzetin 1000-ci sayının sevincini də dostlarla, “İsmayıllı xəbərləri”nin xoş xəbərlərinə sevinənlərlə bərabər yaşayaq.

Hacıməmməd Məmmədov,

İsmayıllı xəbərləri” qəzetinin ictimai müxbiri

Şərh Yaz