Şuşadan ötrü canını verən oğul                                     

                44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Babayev Kamal Eynulla oğlunun  cənnətdəki ilk ad günü qeyd olunub.

Şəhidin doğum günü uyuduğu kənd qəbiristanlığında məzarı yanında anılıb. Mərasim mövcud pandemiya qaydalarına uyğun keçirilib.

Anım mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin rəisi, şəhidin yaxınları, kənd sakinləri iştirak ediblər. Yaşasaydı, Kamalın 30 yaşı olacaqdı.

Çıxış edənlər K.Babayevin keçdiyi qısa və şərəfli ömür yolundan danışıb. Qeyd olunub ki, o, 27 may 1991-ci ildə İsmayıllı rayonunun Xanagah kəndində anadan olub. 1997-ci ildə İsmayıllı rayon Xanagah kənd ümumi orta məktəbinin 1-ci sinfinə gedib, orta təhsilini İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində davam etdirib. 2008-ci ildə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis etdiyi təhsil müəssisəsində sürücü ixtisasına yiyələnib.

Kamal Babayev 2009-cu ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb,“N” saylı hərbi hissədə sürücü kimi xidmət göstərib. 2011-ci ilin yanvar ayında hərbi xidmətini başa vurub.

Kamal Babayev 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Qubadlı, Cəbrayıl rayonlarının və Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə şücaət, cəsarət göstərib, qəhrəmanlıqla döyüşüb. Noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub, 16 noyabr tarixində anadan olduğu Xanagah kəndinin qəbiristanlığında dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Kamal Babayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qəhrəman şəhidin məzarı başındakı çıxışlarda Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə Qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışılıb, Kamalın və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı söylənilib.

Ziyarətçilər şəhidin ailə üzvlərinə başsağlığı verib, məzarı üstünə tər gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Şəhidin atası övladı ilə fəxr etdiyini söyləyib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq edib.

Şərh Yaz