Nə gözəl gələcəyimiz var?!   

        3 iyun 2021-ci il tarixdə İsmayıllı rayon 1 saylı körpələr evi-uşaq bağçasında günün yaddaqalan, unudulmaz tədbiri keçirildi.

Tədbirin çoxluq təşkil edən iştirakçıları azyaşlılar olsa da, onların dəvətini qəbul edib görüşə gələn qonaqlar da uşaqların özü qədər şən və qayğısız görünürdülər.

Bağça rəhbərliyi uşaqların vətənpərvərlik ruhunda tərbiyəsinə əyani şəkildə düzgün istiqamət vermək üçün Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun tarixi Qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsinin qazilərindən bir neçəsinin balacalarla görüşünü keçirməyi ləngimədən, sevinərəkdən gündəmə gətiriblər.

Keçirilən tədbirin mahiyyətini dəyərləndirən rayon təşkilatlarından da bağçaya təşrif gətirənlər vardı.

Dəvətlilərin sırasında İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun da olması arzu olunan və gözlənilən idi. Çünki Nahid müəllim İsmayıllıda böyükdən kiçiyə hər kəslə görüşməyin, əhalinin problemlərinin öyrənilməsinin, insanlara qayğı və diqqət göstərməyin önəmli olduğunu həmişə şəxsən qeyd edir. İdarə və təşkilatlarda keçirilən müxtəlif məzmunlu tədbirlərdə iştirak etməklə hamının yanında olmağa, əhalinin istək və arzularını, qayğılarını yerində öyrənməyə can atır. Belədə yerlərdə insanların necə yaşadıqlarını görür, istəklərini duyur. Bu da ona məsuliyyətli işində mövcud problemlərin həlli məsələsində vacib amillərdən birinə çevrilir.

Hazırkı dövrdə yetişən nəsilə vətənpərvərlik ruhunun aşılanmasının dadını bildiyimizdən indi ailələrdə, məktəbəqədər müəssisələrdə, eləcə də məktəblərdə bu sahə ön plana keçib. Şəhərin 1 saylı körpələr-evi və uşaq bağçasında keçirilən tədbirdə də başlıca məqsəd azyaşlılara vətənpərvərliyin aşılanmasının vacibliyinə diqqət yetirmək olub.

Tədbirin Azərbaycan Respublikasının Dövlət himni ilə başlaması iştirakçılara qürurlu dəqiqələr yaşatdı. Balacalarının ifasında səslənən Himnimiz özəl bir şirinlik tapdı.

Fidanlarımızın bacarıq və istedadını nümayiş etdirən əzbərlədikləri  şeirlər, oxuduqları mahnılar,  oynaq rəqslər biri-birini əvəz etdikcə, yaşlıların, izləyici valideynlərin çöhrəsini bürüyən fərəh hissi kənardan rahatca duyulurdu. Onların üzündən oxunan xoş ifadə isə məncə bu idi: Nə gözəl gələcəyimiz var?!

Uşaqların çıxışları davam etdikcə, hər kəs bu qənaətdə idi ki, bu kimi tədbirlərin hazırlanması heç də asan başa gəlmir. Bu yerdə tədbirli, təmkinli, savadlı, təcrübəli müəllim və tərbiyəçilərin zəhmətinin bəhrə verdiyi görünürdü.

Çıxışlarda Ulu öndərə sevgi, sevimli Prezidentə inam, Vətənə, xalqa  məhəbbət, doğma yurda bağlılıq anlamları dinləyənlərə qürur, zövq bəxş edirdi.

Balaca ifaçıların səsləndirdiyi şeir və mahnılarda, ana Vətənimiz, Qarabağ, şanlı  ordumuzun cəsur, döyüşkən heyəti yetərincə tərənnüm olundu, hər bir çıxış alqışlarla qarşılandı. Alqışları təşəkkür, verilən qiymət kimi qəbul edən uşaqlar həmin gün bağçanın tarixinə unudulmayacaq, kifayət qədər mənalı və məzmunlu bir səhifə əlavə etdilər.

Sürəkli alqışlarla yekunlaşan çıxışlardan sonra balacalar dəvətli qonaqları ilə  xatirə şəkli çəkdirdilər.

Qazilərdən Kənan Kərimli bu bağçanın və şəhər 6 nömrəli tam orta məktəbinin məzunu olduğunu xüsusilə vurğuladı. Digər qazilər – Murad Əzizli, Vüsal Əzimov,  Nurlan Aydınov və Vüsal İsmayılov balacaların çıxışlarından xüsusi bir rahatlıq duyduqlarını bildirdilər.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov tədbirin təkşili və keçirilməsinə görə kollektivə təşəkkürünü bildirdi. Uşaqlara gələcəyin sağlam və xoşbəxt vətəndaşları olmağı arzuladı. Rayonun ictimai həyatında fəallığı nəzərə alınmaqla kollektivi RİH adından Fəxri fərmanla təltif etdi. RİH başçısının İctimai-siyasi, humanitar məsələlər üzrə müavini Sevil Əhmədova da öz növbəsində balacalara xoş arzularını çatdırdı.

Tədbirdə iştirak edən İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Respublikanın Əməkdar müəllimi Rövşən Əliyev İsmayıllı təhsilinin uğurlarında təkcə məktəblərin deyil, uşaq bağçalarının da böyük zəhmət payı olduğunu söylədi. İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin davamlı müvəffəqiyyətlərinin bünövrəsində bu bağçanın təhsil və tərbiyə sahəsindəki çalışmaları danılmazdır. Bu işgüzarlığına görə bağçanın işçi heyəti Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov tərəfindən Fəxri fərman və hədiyyə ilə mükafatlandırıldı.

RİH başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi, birinci Qarabağ müharibəsinin qazisi, ehtiyatda olan polkovnik-leytenant Əlişir Süleymanov bir hərbiçi kimi, Milli Ordumuzun 44 günlük Vətən müharibəsindəki  mübarizliyindən danışdı. Şanlı Qələbəmizin dövlət-xalq birliyindən güc aldığını, gənclərimizin döyüş ruhunun da bu mənbədən qidalandığını açıqladı. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, cəsur döyüşçülərimizə firəvan həyat arzuladı.

Bağçanın müdiri Tükəzban Məmmədova ölkədəki quruculuq işlərinə, insanların bugününə və sabahına, Azərbaycanın gələcəyinə göstərilən diqqətə, bu sahədə yorulmadan çalışmalarına görə Prezident cənab İlham Əliyevə və həmçinin ölkədə təhsilə, mədəniyyətə, incəsənətə, eləcə də gələcək nəslin hərtərəfli inkişafına göstərdiyi gündəlik diqqətə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, kiçik bir kollektivə göstərilən böyük diqqətə görə rayon rəhbərliyinə minnətdarlığını ifadə etdi.

Sonda uşaqların bayram şənliyi şərəfinə hazırlanmış tortu kəsmək qazilərdən xahiş olundu. Şirin-şirin davam edən xoş bir tədbir çay süfrəsi kənarında gedən şirin söhbətlə yekunlaşdı.

Şahməmməd Dağlaroğlu

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz