Təbrik edirik!                      500-cü nömrə!                          

500! Gözəl rəqəmdi və bu  gözəl rəqəm yadıma başqa bir gözəl  rəqəmi – beşyüzün  “kiçik qardaşı”nı salır! Və illər öncəsini! O illəri ki, onda “İsmayıllı xəbərləri” yox idi – “Yeni İsmayıllı”nın bünövrəsi üzərində qələm çalan zəhmətkeş “Zəhmətkeş” var idi. “Yeni İsmayıllı” yeni yaradılmış İsmayıllı rayonu ilə birlikdə yola çıxmışdı və sonralar adını dəyişib “Zəhmətkeş”  olmuşdu.

1984-cü ildə İsmayıllı rayon qəzetinin ilk nömrəsinin çapdan çıxmasının 50 illiyi qeyd olunurdu – 500 deyəndə bax, o 50  yadıma düşmüşdü. Həmin o  50 münasibətilə xüsusi nömrə hazırlayırdıq. Redaktorumuz  xalq şairi, mərhum Musa Yaqub yaradıcı işçiləri öz otağına topladı, üzü heç zaman olmadığı qədər ciddi idi, bircə cümlə dedi: bu nömrə tarixi nömrə olmalıdır!

Məsələ aydın idi – bütün yazılar oxunaqlı olmalı, diqqət çəkməli idi! Ani olaraq düşündüm: İsmayıllının 50 ili sətirlərdə! Mövzu gözəl idi və bu gözəlliyi bir daha görmək, bir daha qəlbən duymaq üçün Güllütəpəyə getdim! Güllütəpə bilirsiz haradı?! Bilmədiz?! Deyim eşidin: İsmayıllının cənub tərəfdən girişindəki hündür təpədi Güllütəpə! Oradan İsmayıllı ovuc içi kimi görünür!

Bax, həmin o Güllütəpədən İsmayıllını doyunca seyr edib ürəklə bir yazı yazmışdım 50 illik nömrəsinə! Elə ürəklə yazdığım kimi ürəklə də oxunmuş, çoox bəyənilmişdi! O yazıda 1981-ci il zəlzələsindən sonra yenidən tikilib, yenidən qurulmuş, 3 ilin içində başdan-başa dəyişib gözəlləşmiş İsmayıllını elə ürəklə vəsf etmişdim ki…

Bu gün o Güllütəpədən ilk öncə  Şəhidlər xiyabanı görünür: bizlər üçün İsmayıllıdan başlayan və böyük Azərbaycana gedən Vətənin varlığı üçün şirin canından keçən igidlərin əbədi məskəni olan Şəhidlər xiyabanı!  Və bu oğulların sayəsində artıq Güllütəpədən təkcə İsmayıllı görünmür – qanla, canla alınan, bötövləşən, tamlaşan Böyük Azərbaycan görünür! Mədəniyyət beşiyi Şuşa görünür, igidlər oylağı Laçın, Kəlbəcər gözəlliyi ilə göz oxşayır! Görməyə göz, danışmağa dil, yazmağa ürək yetməz bu gözəllikləri! 44 ildə 400 ilin dastanını yazan oğullardan dastan de, nəğmə söylə bitməz! Şəhidlərin uca dərgahına sözdən nərdivan qur – qura bildikcən – zirvəyə yetməz!

500-cü nömrən mübarək olsun, “İsmayıllı xəbərləri!”  Bu gün deməyə o qədər söz var ki… Qalib Azərbaycan! Çiçəklənən Azərbaycan! “Dəmir yumruq”la 30 ildir onu eşitməyən, görməyən, duymayan dünyanı onu eşitməyə, görməyə, duymağa məcbur edən  dəmir yumruq sahiblərindən yaz! Bizi BİZ edən, millətin başını millətlər içində uca edən,  qanı ilə Azərbaycan yazan  igidlərimizdən dastan qoş!

Yaz, “İsmayıllı xəbərləri” ! Qaliblərin sözü bitməz! Qələmin əbədi yazar olsun!

Lətifə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz