“İsmayıllı xəbərləri” dünənin, bugünün canlı tarixi, sabahın işıqlı yoludur             

Hər dəfə İsmayıllıya gələndə ilk üz tutduğum ünvan “İsmayıllı xəbərləri” qəzetinin redaksiyası olur. Ömrünün böyük parçasını mətbuata bağlamış insan üçün bu təbii haldır. Buradakı həmsöhbətim, qəzetin təsisçisi və baş redaktoru Şahməmməd Soltanovdur.  Bu yaxınlarda söhbət əsnasında qəzetin 500-cü nömrəsinin çıxacağını bildirdi…

Uğurlu yaradıcılığının, yorulmayan jurnalistik fəaliyyətinin və bir də çoxsaylı həvəskar yazarların məhsulu olan “İsmayıllı xəbərləri”ndə biri-birindən maraqlı materialla hər bir oxucunun diqqətini cəlb edir. Onun hər nömrəsi onsuz da çox sevilən, tarixi əhəmiyyətinə, əsrarəngiz təbiəti ilə tanınan, hamının hörmətlisinə çevrilən ziyalıları, alimləri ilə sayılıb-seçilən İsmayıllıya olan məhəbbətini daha da artırır.

Qəzetin çoxsəhifəli hər nömrəsini nəzərdən keçirəndə burada gərgin və mənalı jurnalist yaradıcılığının bəhrəsini tapırsan. Mövzu rəngarəngliyi, tərtibat müxtəlifliyi və ən başlıcası da doğma oxucularıyla sıx ünsiyyəti var.

“İsmayıllı xəbərləri”nin səhifələrində Cavanşir yurdunun qədim tarixinə də, gəzməli, görməli, mənalı istirahət keçirməli yerlərinə, bir sözlə, İsmayıllı rayonunun sosial-iqtisadi, mənəvi və mədəni dünyasına da qiyabi səyahətə çıxmaq olur. Turizmin, aqrar sahənin, təhsilin, səhiyyənin, tikinti-quruculuğun, abadlığın inkişafına rayonda xüsusi diqqət və qayğı göstərilməsi “İsmayıllı xəbərləri”nin hər nömrəsinin baş mövzularıdır. Həvəskar yazarların – şeir, hekayə yaradıcılarının da sevimli ocağıdır  “İsmayıllı xəbərləri”.

Bir vaxtlar “Zəhmətkeş” qəzetinin nəzdində yaradılmış “Dağ çiçəkləri” ədəbi məclisi, eləcə də “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyi üzvlərinin bəyənilən yaradıcılıq nümunələri indi “İsmayıllı xəbərləri”ndə işıq üzü görür. Qəzet rayonun ədəbi mühitində xüsusi rol oynayır. Rayondakı hüquqşünasların, işgüzar səhiyyə, təhsil işçilərinin də çıxışlarına qəzetin səhifələrində tez-tez rast gəlinir. Sahibkarlıq fəaliyyətinə qayğı  ayrı-ayrı sahibkarların fəaliyyəti də qəzetin diqqətindən yayınmır.

İsmayıllıda həmişə yerli qəzet fəaliyyət göstərib. “Yeni İsmayıllı”, “Zəhmətkeş”, “Cavanşir yurdu”, “Girdiman” adları ilə müxtəlif illərdə çıxan rayon qəzetlərinin yolunu bu gün “İsmayıllı xəbərləri”  uğurla davam etdirir. Başlanğıcda 8 səhifə ilə çıxan qəzet indi 24 səhifə ilə oxucularının görüşünə gəlir. Qəzet fəaliyyətinin birinci ilindən Respublika Mətbuat Şurasının üzvüdür.

“İsmayıllı xəbərləri” yalnız İsmayıllıda yox, respublikanın digər ünvanlarında da oxunur. Hətta Özbəkistandan da “İsmayıllı xəbərləri”nin sorağı gəlir. Qəzetin redaktoru Şahməmməd Soltanov – şair Şahməmməd Dağlaroğlu Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür. Rus, tatar, xüsusilə özbək dilindən tərcümələr edir. Tərcümələrdən ibarət bir neçə kitabı Daşkənd şəhərində çapdan çıxıb. 2020-ci ildə Özbəkistanda keçirilən “Dəyərin yüksək olsun, ana dilim” adlı beynəlxalq müsabiqədə dünyanın 60-dan çox ölkə iştirakçısı arasında “Özbək dilinin xaricdə təbliği” naminasiyası üzrə birinciliyi Azərbaycana qazandırmışdır.

“İsmayıllı xəbərləri” hamımızın sevimli qəzetidir. Çünki onun səhifələrində Vətənə məhəbbət, torpağa sevgi, düşmənə hədsiz nifrət nidaları da müntəzəm yer tutur. Ötən ilin sentyabrın 27-də başlanıb qırx gündə Azərbaycan Ordusunun  rəşadəti, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti  qüdrətli siyasi iradəsi ilə bizim qələbəmizlə başa çatan Vətən müharibəsi mövzusu “İsmayıllı xəbərləri”nin fəaliyyətin ana xətti olub. İsmayıllı oğullarının müharibədəki igidlikləri, şəhidlik zirvəsinə ucalanlar, qazilərin döyüş yolu qəzetin baş mövzusuna çevrilib.

Fəaliyyətindən, 500-cü nömrəyə necə gəlib çıxmasından çox yazmaq olar bu qəzetin. Qısa zamanda böyük yaradıcılıq yolu keçən “İsmayıllı xəbərləri”nə bundan sonrakı fəaliyyətində də yüksək uğurlar diləyirik. Sonda isə jurnalist həmkarımız, şair dostumuz, istedadlı qələm sahibi Şahməmməd Soltanova – Dağlaroğluna bundan sonrakı istək və arzularına qovuşmaqda həmişə yaşıl işıqlı yol arzulayırıq.

Rasim Amanov,

“Respublika” qəzeti

Şərh Yaz