DƏDƏ DƏ KÖÇDÜ…                                                      

84 yaşa 3 günlüklə çatan BÖYÜK USTADA                 

 

Gəlib Neft Daşlarına bir qaratoyuq,

Qonub pəncərəmə bu gecə yarı.

Deyəsən küsgündü, baxışı soyuq,

Elə bil pozmuşam əhdi, ilqarı…

…Bu gün bir başa cür əsdi küləklər,

Nanə yarpağının tabı qalmadı.

Sağında, solunda duran mələklər,

Sufahi daşına nəyi yazmadı?

Bildilər bir içim bulaq suyunu

Üfürüb içmisən insanlıq üçün?

Dünyanın bu boyda oyun-moyunu,

Mizan-tərəzində halaldı ölçün?

…İsgəndər quşları bu gün hay saldı,

Bir parça daş qopdu qızıl qayadan.

Vələs ağacları kimsəsiz qaldı,

Salxım söyüdləri yoxdu oyadan.

Şah dağı qocaldı bu gün elə bil,

Sənəm yaylağına vaxtsız qar düşdü.

Çiçəyi üstündə qurudu əzgil,

Alça ağacında soldu bürüşdü.

Dəyirman arxının suyu qurudu,

Dəni donnuğunda susdu çax-çuxu.

Dedilər Göy çayın suyu durudu,

Yəqin bulaqların ağladı çoxu…

…Ey ulu Xəqani, ey şair babam.

Saldığın körpüdən biri də keçdi.

Kədərə bürünüb doğma el-obam,

Əlində heçnəsi Dədə də köçdü…

Boş qalmaz Hadinin şeir bazarı,

Sabaha sözüylə Musa da getdi.

Kəndinin payına düşdü məzarı,

Oranı müqəddəs xiyaban etdi.

 Bəhruz Məmmədov

 

 

 

Şərh Yaz