İnsanlığı şərəfləndirən müqəddəs insan                               

…Qonaqlı-qaralı evinə getmişdim, MUSA MÜƏLLİM – xalqmıza bəxş olunan möcüzəli Tanrı payı MUSA YAQUB.

Həmişəki kimi qapıdan içəri girəndə təbiətin yaratdığı bəzərsiz gözəlliyi görüb, bilrsən, ilk əvvəl yadıma nə düşdü?

Sənin ürəklərə meydan oxuyan iki misran: (Ürəklərə meydan oxumayan misraların varmı heç?!!).

Dünyaya baxanda dünya nə gözəl,

Tikan da, gül-çiçək bitirir, ALLAH?!

Gözüm bu heyranlığa hakim kəsilən, təbiətə, insanlığa bənzərsiz “şedevrlər” həsr etdiyin məkanı – dağdağan ağacının altını, oturduğun  daş stol-stulu axtardı: GÖRÜNMÜRDÜN!!!

Vaxtilə fəxr edirdin:

Atam son sözündə demişdi mənə:

Dünyanı bu yerdən baxanda sevim.

Yer var – Himalaydan görünməz mənə,

Ən dərin dərədən görünər evim.

Vətən anlamı ilə vəsf etdiyin EVİNİ sənsiz görüb yadıma yenə səni şəhərə, gözqamaşdırıcı həyata (yəni daha yaxşı çap olunmağa) dəvət edənlərin sözlərinə “inanıb” gedəndə yazdığın misraların düşdü:

Tutdun ətəyimdən, böyürtkən kolu,

Yox qala bilmərəm: Bağışla məni.

Ancaq o anda da fikrimdən daşındım. Xəyalım uzaq zamanlara “uçdu”: Çox tezliklə dağlardan böyük “xahiş-minnət”lə doğulub-böyüdüyün dağlar qoynuna qayıdıb “doyunca” sevindiyini xatırladım:

Ey günəşi, ayı olan,

Buluda çarpayı olan,

Günəşə sərpayı olan

Dağlar, məni qəbul edin.

Bütün olanları yada saldıqdan sonra sənin burda olmamağına necə inanardım?! Və… gözüm axtarırdı.

Yenə çətin anlarda ana qoynu kimi sığındığın doğma məkanına qoşduğun ölməz misraların düşdü yadıma:

Yaxşını, yamanı araşdırmağa,

Yaxşı ki , sən varsan, ey ana kəndim.

Bəli, bir həqiqət gün kimi aydın idi: Sən burdasan və mütləq axtarmaq lazımdır.

Hamını “gözdən qoruyan” dağdağan ağacının altında da, təbiətin “ürəyinə” birbaşa yol olan dəmir körpünün üstündə də gözə dəymirdin. Bu bir təsadüf idimi, görəsən?! İnana bilmirdim ki, belə bir xoşagəlməz təsadüf olsun!!!

Ətrafa diqqətlə göz gəzdirdim. Bəli, bu gün də həmişəki kimi “qonaqlı-qaralı” idi evin, ocağın. Ancaq indi hər yer: həyət-baca, küçə, yol-riz adamla dolu idi. Böyük arzularla ŞAİRLƏRİN HÖKMDARININ adını verdiyin oğlun ŞƏHRİYAR da böyük kədərini gizlədə-gizlədə “qonaqlarını” adına, sanına layiq qarşılayırdı.

“Bu gün bütün dünyanın təvöccö nöqtəsi” (Sabir) də Buynuza idi.

Yenə evində “Poeziya məclisi” düzənlənmişdi: Sanki “BEYTÜS-SƏFA”, “MƏCLİSİ-ÜNS”, “MƏCLİSİ-FƏRAMUŞAN”, “MƏCLİSİ-XAMUŞAN” VƏ NƏLƏR…NƏLƏR “köçmüşdü” bura…

Yenə də məclisin “başında” idin. Başqa cür də ola bilməzdi! Fəqət fərqli məclis idi: Sən dinmirdin, ancaq ardı-arası kəsilmədən şeirlərin səslənirdi. Bu “dəryada” nələr, nələr varmış… Bitməz-tükənməz suyu varmış bu “DƏRYA”NIN. Bu gün bir başqa dadı, şirinliyi, ölçüyəgəlməz “MÜDRİKLİYİ” vardı sanki onun.

İndi də bambaşqa məna kəsb edirdi bu şeirlər,  “Payız işığı”, “Payız çiçəyi” adlandırdığın qız balan Yaqut idi bu bənzərsiz “Poeziya məclisi”nin rəhbəri. Həm cismani ciyərparçan, həm də mənəvi ifadəçin idi. Mənəviyyatın, ucalığın, böyüklüyün, saflığın, sadalaya bilmədiyim nələr vardı bu ağıya “bələnmiş” şeirlərdə.

Azərbaycan poeziyasının mənəviyyat “yükü”nü çəkənlər vardı bu məclisdə.

Heyhat ! Sən ayaq üstə deyildin… Uzun illərin yorğunluğunu “alırdın” . YATMIŞDIN! Oğuzların dərin yuxusuna getmişdin. Lakin bu yuxu hər yuxuya bənzəmirdi. Bənzərsiz bir yuxu idi: əbədi yyət yuxusu idi.

“Leyləklərin çöp yuvası boş qaldığı” kimi, Musa Yaqub “ocağı” da, Azərbaycan təbiətinin “Poeziya ocağı” da SƏNSİZ qalmışdı.

Bahar olmasına baxmayaraq, sanki güllü-çiçəkli, təravətli “baharın” getmiş, mənalı ömrünün “xəzanı”, “qışı” gəlmişdi.

Lakin xoş “müjdə” vardı: “Göy çəməndə” çatdığın gur “ocağın” sönməmişdi. Necə yandırmışdın, eləcə də qalmışdı. Gələnlər bu “ocağı” körükləyir, sönməyə qoymurdular, heç vaxt da qoymayacaqlar .

Ancaq təəccüblüsü odur ki, yazdığın sözlər birinci dəfədir, “səhv çıxıb”, Yazmısan:

“Nə bu ocaq közərəsi, yanası”…

Fərqinə vardınmı, QÜDRƏTLİ ŞAİR?!

İndən belə: “Bu ocaq həmişə közərəsi, yanası”, – şəklində deyiləcək misran.

Bilirəm, etiraz eləmirsən. Çünki sənin bir qarışqanı da incidəcək ruhun yoxdur.

Fəqət …  bir yəqinin düz çıxıb: Neçə illər bundan əvvəl yazdığın, hamının dilində əzbər olan, dərin Vətən məhəbbətinin rəmzinə çevrilən aşağıdakı bir bənd “son beşiy”inə -məzarına “epitafiya” oldu:

BƏLKƏ DƏ, BORCUNDAN ÇIXMADIM, VƏTƏN,

ÖMÜR BAHAR DEYİL, BİR DƏ QAYITSIN.

ÖLƏNDƏ QOYNUNDA QOY ÖLÜM Kİ, MƏN,

ÇÜRÜYÜM, BİR OVUC TORPAĞIN ARTSIN.

Sözümüz çoxdur: Lap çox. Ancaq MUSA YAQUBU vəsf edəcək qüdrətimiz yox… Axı hamı hər sozü ilə insanı lərzəyə salan MUSA YAQUB OLA BİLMƏZ Kİ… Necə ki atalar deyib: “Hər oxuyan Molla Pənah olmaz”.

Ancaq bir çarəmiz qalıb, onu deyək ki: Ürək dolusu müqəddəsliyini vəsf etdiyin Baba dağını, Canalını, Soyuqbulağı, vüqarlı palıdı, qurumaqdan qurtulan qarağacı, tək bitən qovağı, ətəyindən tutan böyürtkən kolunu, qan-yaş tökən el-obasını Musa Yaqubsuz qoyan, Buynuz qəbiristanlığını “Şairlər qəbiristanlığı”na çevirən ŞƏHADƏTİN MÜBARƏK, BİR OVUC VƏTƏN TORPAĞINI ARTIRMAQ ARZUSU İLƏ YAŞAYAN VƏ BU MÜQƏDDƏS ARZUSUNA “ÇATAN” ŞAİR!!!

(Hər “çəməndən” bir çiçək kimi “topladığım” söz  “gülləri”ndən hazırladığım bu “çələngi” – dərya  “damcısı” olsa da, müqəddəs məzarına qoyur və deyirəm: “Mənəvi dünyamıza “xoş gəldin” insanlığı şərəfləndirən MÜQƏDDƏS İNSAN!!!”)

 Rəna Mirzəliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz