VƏTƏNİN TORPAĞI ARTDI BİR OVUC                      

Xalq şairi Musa Yaqubun ölümünə

 

Sən dünya içində bir dünya idin,

Getdin, bu dünyanın özəyi getdi.

Gözəl nə var idi qoşuldu sənə,

Dağımın, düzümün bəzəyi getdi.

 

Üzü qara olsun qara xəbərin,

Ölümün dərd oldu qara daşa da.

Biz də yer üzünün qonaqlarıyıq,

Tanrının işidir sözü yaşada.

 

Dəfninə gəlmişdi söz adamları,

Baxışlar, duruşlar lal sual oldu.

Qəbrinin torpağı gözəl Buynuzun

Güllü yanağında qara xal oldu.

 

Vətənin torpağı artdı bir ovuc,

Məzarın əbədi bir ziyarətgah.

“Dünyanın ən xoşbəxt adamısan ki”,

Yaxın həmsöhbətin olacaq Allah.

                                     8 may 2021-ci il

 Şahməmməd Dağlaroğlu

 

Şərh Yaz