Mənə yazma yox, yaz  deyən müdrik                        

Neçə ildir ki, hər dəfə əlimə bel, külüng alıb bostan işi ilə məşğul olanda, kirayədə, kiminsə qapısında deyil, Tanrıya şükür ki, öz evimdə yaşayıram deyəndə, yaşayış yerimin olmasına səbəbkar olan İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı, mərhum Mirdaməd Sadıqov yadıma düşür, elə indi də əlimdə bel, külüng torpaqda işləyərkən: – Allah sizə min yol rəhmət eləsin, Mirdaməd müəllim, diqqətinizdən məni də kənarda qoymayıb mənə də fərdi ev tikmək üçün torpaq sahəsi ayırdınız, – dedim. Özü də göz yaşları içində, bəli, qəhər məni boğa-boğa. Təəssüf ki, hələ də özümə ev adlı bir tikili qura bilməmişəm.

Adamlı ikən adamsız, məşəqqətlər odunda çırpınıb haysız-haraysız, sözün əsil mənasında çörək üzünə həsrət qalıb, ac-susuz yaşamağa məhkum, zülmə, işgəncəyə məruz qalıb, sirrimi kimsə bilməsin deyə ağzıma su alıb susmağa, dinməməyə vadar olmuşdum. Sağlamlığıma qənim kəsilən acıdan-acı yaşam məni usanmağa, həyatdan biryolluq küsməyə, əlimi işdən-gücdən soyutmağa gətirib çıxartmışdı. Körpə uşaqla vahiməli, qorxusaçan yerlərdə yaşayırdım…

Ruhuna bu gün sonsuz rəhmət dilədiyim Mirdaməd Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinə başçı təyin  olunandan az sonra, 2014-cü ildə ilk dəfə qəbulunda olub dərdi-sərimi onunla bölüşdüm. Az müddət ərzində problemlərim müsbət həllini tapdı. Yeddi ildir içində yaşadığım həyət İsmayıllı rayon rəhbərliyinin sayəsində normal vəziyyət alıb.

Yuxarıda dediyim kimi, 1993-1998-ci illərdə səfalətin, rəzalətin sərt üzünü görüb: Dərdimə inanmazlar-  deyib sirr büruzə vermirdim. Ac yaşamağa öyrəşib insanlar arasında toxdan-tox görünürdüm. Nimdaş, köhnə paltarlarda olub kimsələrəsə: Mənim də təzədən-təzələrim var, – deyirdim. Dözümümə, səbrimə cavab olaraq, yenidən Mirdaməd müəllimin maddi və mənəvi dəstəyi ilə İsmayıllı şəhər bazarında ticarətə, xırda sahibkarlıq fəaliyyətinə yönəldildim. Bazarın hazırkı müdiri Mirdaməd Cəfərov mənə sərfəli şərtlərlə bazarda yer göstərərək ticarətlə məşğulluğuma şərait yaratdı. Təkrarçılıq olmasın, mən kasıblıqdan betər kasıblıq, səfalət yaşamışdım deyə,  pis günlərimi bir an belə yaddan çıxartmayıb, aldığım malın üzərinə qazanc məqsədilə azca da olsa pul əlavə edib sata bilmirdim. Fikirləşirdim ki, bəlkə o adamın da imkanı, evdə balasının çörəyi yoxdur (Özüm bu taleni yaşadığımdan belə düşünürdüm).  O adamla nəqd yolla yox, nisyə “alver” edirdim. Yəni demək istəyirəm ki, ticarət işini bacarmamağım başqasının deyil, öz günahım, öz qəbahətimdir. Əgər buna günah, qəbahət demək olarsa.

Bu gün gürbəcür geyim, hər cürə dadlı, ləziz təamlarım olsa belə, aramsız can ağrılarımdan, göz toxluğundan nə yeməyə, nə də geyinməyə həvəsim qalmayıb.

Üçüncü il idi ki,  can sağlığı baxımından yenidən dara çəkilib evdən çölə çıxmamağa üstünlük vermişdim.

2020-ci ilin mart ayında Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə İsmayıllı rayonuna başçı təyin olunan cənab Nahid Bağırov və hörmətli millət vəkilimiz Novruzəli Aslanovun yaşadığım ünvana üz tutmaları, mənə maddi və mənəvi dəstək göstərmələri, məni sayıb axtarmaları sadə bir qələm adamı, rayon sakini kimi yenidən ruhlanmağıma səbəb oldu. Şad oldum, sevindim ki, hər kəs kimi mən də dövlət və hökumətimiz tərəfindən diqqətdəyəm.

Kasıbam. Yazdıqlarıma  görə qınayarlar deyib onları gizlətməyib yenə üzə çıxartdım. Necə ki, mərhum M.Sadıqovun dövründə gizlədəsi olmurdum. Onun sözə, şeirə olan hörmətini, verdiyi dəyəri bilərkdən yazırdım.

25 dekabr 2019-cu il tarixdə Mirdaməd müəllimin son dəfə qəbulunda oldum (son olduğunu sonra bildim). O, məsləhət bildi ki, Yazıçılar Birliyinə üzv olum. Baxmayaraq ki, mən onun tərəfindən dəfələrlə fərqli, qiymətli hədiyyələrə də layiq görülmüşdüm ictimaiyyət qarşısında. Mən bu gün o yerə, yüksək mərtəbəyə rəsmi olaraq üzv olmasam da, o Birlikdə özümü hiss edirəm. Çünki o yeri mənə Mirdaməd müəllim məsləhət bilmişdi.

Hal-hazırda bostançılıqla məşğulam. Yazın, yayın gəlişini görüb zəhmətə qatılmışam. Bazara qayıdıb ticarət sahəsindəki işimi də bərpa etmişəm (bu işi bacarmasam da).

İsmayıllı rayonunun hazırkı rəhbərliyinə, mənə köməyi dəyən hər kəsə, şəhər bazarının müdiriyyəti M.Cəfərov başda olmaqla oradakı kollektivə mənə yardımçı olduqlarına görə sonsuz minnətdaram.

Cəfayla, zəhmətləyəm. Qələmə də vaxt tapıram. Tamamlamaq niyyəti ilə yarıda saxladığım yazılar da olur. Təvazökarlıqdan uzaq olsa da, Siz mənim yaradıcılığımla tanışlıqdan sonra: “Yaz!” – demişdiniz, Mirdaməd müəllim. Ömür möhlət verənə qədər yazacağam. “Yazma!” – yox, mənə  “Yaz!” – deyən müdrik!

Ruhunuz şad olsun. Allah Sizə rəhmət eləsin. Amin.

Tamam Nur Tağlabiyanlı

 

 

 

Şərh Yaz