Xeyriyyəçi olmağa ürək lazımdır         

Ulu Yaradan insanların hamısını eyni gücdə, bacarıq və imkanda yaratmayıbdır. Bəşər övladı xəlq olunandan güclülər və zəiflər, varlılar və yoxsullar olmuşdur. Odur ki, Yaradan yaratdıqları imkanlıların üzərinə ətrafdakı gücsüzlərə, imkansızlara kömək, yardım etmək kimi yüksək insani məsuliyyət qoyub. Təəssüflər olsun ki,  hamı bu məsuliyyəti layiqincə daşımır. Yoxsulun tikəsinə göz dikənlər, son tikəsini ehtiyacı olanlarla bölənlər də vardır.

Mürsəliyev İlham Şamil oğlu İsmayıllı şəhər sakinidir. Halallıqla tərbiyə olunub. Zəhmətkeşliklə böyüyüb. Özü də həmişə zəhməti sayəsində rahat yaşamağa can atıb. Səndən hərəkət, məndən bərəkət, – deyimi onu erkən yaşlarından həyata səsləyib.

Özünün dediyi kimi, özünə görə rahatlıq, lazımi şərait qurub. Nəsildə, özündən böyüklərdə gördüyü xeyirxahlıq ona da sirayət edib. Xeyirxahlıq etdikdə, kiminsə harayına çatdıqda özünü daha rahat, daha xoşbəxt hiss edir.

Son bir ildə ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunduğundan bəzi aztəminatlı ailələr çətinliklərlə üzləşdilər. Dövlətlə yanaşı bir çox xeyirxah adamlar da ehtiyacı olanlara əl tutmaq, yardım etmək missiyasını öz üzərilərinə götürdülər. Əlbəttə, bu alqışlanası haldır. Bu qəbildən olan insanların ürəkləri bayramlar ərəfəsində sanki bir qədər də genişlənir.

İ.Mürsəliyev koronavirus pandemiyası dövründə doğulub boya-başa çatdığı İsmayıllı rayonunun Mican məhəlləsində yaşayan xeyli sayda aztəminatlı ailəyə un və digər gündəlik tələbat malları paylayıb. 44 günlük Vətən müharibəsi günlərində, cəsur əsgərlərimizi də unutmayıb.

Ətrafımızda  imkanlı adamlar yetərincədir. Amma nədənsə, xeyirxahlıq etmək hamının bacardığı iş olmur. Elə İlhamın dediyi kimi söyləsək, xeyriyyəçi olmaq üçün imkanla bərabər ürək də lazımdır.

Onu da qeyd edim ki, İlham ətrafındakı ehtiyaclılara əl tutmaqla bərabər, həm də yaşadığı məhəllədə sözü eşidilən  şəhər sakinidir. Bələdiyyə işinə ürəkdən dəstək verən, vergilərin ödənilməsi, şəhərin təmiz saxlanması kimi məsələlərdə təəssübkeşlik nümayiş etdirməyi ilə fərqlənir. O, 2020-ci ilin yekununda  İsmayıllı bələdiyyəsinin “Bələdiyyə təəssübkeşi” diplomuna layiq görülüb. Nümunəvi həyat yolun davamlı olsun, xeyirxah insan!

Ş.Soltanov

Şərh Yaz