MƏKTƏB PSİXOLOQUNUN VƏZİFƏLƏRİ 

Məktəb psixoloqu uşaqlar, valideynlər və müəllimlərlə işləyən pəşə sahibidir. Bu səbəbdən məktəb psixoloqu tədris prosesi ilə ayrılmaz şəkildə bağlıdır. Məktəb psixoloqunun vəzifələrinə tərbiyələndirici və diaqnostik işlər, daim tədris prosesinə, təlim-tərbiyə işinə nəzarət, məsləhət fəaliyyəti daxildir. Psixoloq, müxtəlif problemləri həll etmək üçün müəllimlər və uşaqlar arasında vacib bir əlaqə rolunu oynayır. Pedaqoji vəzifələrin həyata keçirilməsi  üçün şəraitin yaradılması psixoloqun yaxşı işindən asılıdır.

– Məktəb psixoloqunun funksional vəzifələri hansılardır? 

– Psixoloq uşağın məktəbə qədəm qoyduğu ilk gündən onun təlim-tərbiyəsini diqqət mərkəzində saxlayan məsul bir şəxs, həmçinin, peşəkar mütəxəssisdir. O, uşaqların məktəbin birinci siniflərinə qəbulunda onların psixi və fiziki hazırlığını aşkarlamaq üçün iştirak edir. Orta məktəbdə oxuduğu bütün müddət ərzində uşaqlara fərdi yanaşma təmin etmək məqsədi ilə uşaqların psixoloji və pedaqoji öyrənməsini həyata keçirir.

Psixoloqun əsas məqsədi uşaqların həyati sistemləri üçün şəraitin yaradılması və bu sistemlərin seçilməsi hesab olunur. Uşaq, psixoloq və müəllim heyəti birlikdə işləyəndə inamlı bir şəxsi mövqe yaratmaq üçün şərait də yaranır. Psixoloq, şagirdlərin tam hüquqlu fərdi və intellektual inkişafına töhfə verir, şagirdlərdə aqressivliyin səbəblərini, onların dərslərə pis davamiyyətini, dərslərini zəif öyrənməsini, onların həmyaşıdları arasında münasibətlərdəki pozuntuların səbəblərini müəyyən edir, şagirdlərin intellektual, şəxsi, şəxsiyyətlərarası, emosional xüsusiyyətlərini, maraqlarını, meyllərini öyrənir, uşaqların təhsilinə nəzarətin tam həyata keçirilməsi üçün fərdi iş proqramı hazırlayır, psixoloji bilik və təcrübələrdən istifadəyə əsaslanaraq psixoloji yardım və dəstək verir. Şagirdin məktəb psixoloqundan fərqli bir mütəxəssisin köməyinə ehtiyacı varsa, o zaman psixoloq yönləndirməyə kömək edəcək, tövsiyələr verəcəkdir. 

Məktəb psixoloqu şagirdlərin fərdi və yaradıcı qabiliyyətlərinin inkişafını, zehni iş mədəniyyətini, şagirdlərin  əqli və fiziki inkişafını,  onların məktəb kollektivi, böyüklər və yaşıdları ilə münasibətlərini dəstəkləyən mövzularda fərdi və qrup məsləhətləşmələrini aparır, məktəb rəhbərliyinə, müəllimlərə, şagirdlərin valideynlərinə uşaqların təhsili və tərbiyəsi problemləri ilə bağlı tövsiyələr verir.

Bundan başqa məktəb psixoloqunun iş fəaliyyətini özündə birləşdirən çoxlu sayda vəzifələri vardır ki, bu, onun işini məktəbin təlim-tərbiyə ilə bağlı bütün fəaliyyətində vacib və əhəmiyyətli fəaliyyət növünə  çevirir.

 – Məktəb psixoloqu dedikdə, adətən, yalnız şagirdlərlə aparılan bu mühüm işlər göz önünə gəlir. Bu, belədirmi? Yoxsa, məktəbdə digər sahələrlə bağlı işlər də mövcuddur?

– Əvvəllər də qeyd etdiyim kimi,  məktəb psixoloqunun işi çoxşaxəlidir. Onun işi tək uşaqlarla bağlı deyil. Hərçənd, uşaqların təlim-tərbiyəsilə bağlı bütün məsələlər onun birbaşa iştirakı ilə həyata keçirilməkdədir.  Bu işlərə uşaqların psixi durumunun öyrənilməsi və onların ailə tərbiyəsi ilə bağlı mövcud şəraitin  psixoloji müayinəsi də aiddir. Tək uşaqlarla deyil, onların təmsil etdikləri ailələr ilə iş prinsipləri mövcuddur ki, bu da daim onlarla sıx əlaqədə olmaq kimi bir sıra vəzifələrin yerinə yetirilməsini qarşıya qoyur. Şagirdlərin valideynləri ilə fərdi görüşlər, valideyn iclaslarında mütəmadi söhbətlər zamanı psixoloqu maraqlandıran əsas məsələlər gündəmə gətirilir, bu vacib məsələlərin həlli yolları axtarılır, əksər hallarda elə yerindəcə bizi maraqlandıran məsələlər öz həllini tapır, bir çox problemlərin həlli yolları müzakirə olunur. Psixoloq həm də məktəbdə və sinifdə, valideyn-müəllim iclaslarında şagirdlərin valideynləri arasında psixoloji və pedaqoji biliklərin  təbliğini aparır.

Psixoloq həm də pedaqoji şuranın, metodik dərnəklərin işində yaxından iştirak edir. Şagirdlərə fərdi yanaşmanın təmin edilməsi ilə bağlı əsas problemlərin həlli üçün pedaqoji şura və pedaqoji konsilium  üçün lazımı məlumatları hazırlayır, müəllimlər ilə seminarlar, təlimlər, metodik işlər kimi bir çox psixoloji işlər aparır. Gördüyünüz kimi, məktəb psixoloqu  daim müəllimlər  və məktəb rəhbəri ilə sıx əlaqədə işləyir.

Məktəb psixoloqu çalışdığı təhsil ocağında psixoloji xidməti elmi-metodiki mərkəzlər tərəfindən müəyyən edilmiş formalara uyğun olaraq,  ciddi şəkildə həyata keçirməlidir.

Ruslan Kamilov, İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin psixoloqu 

Şərh Yaz