Qısa müddətdə böyük işlər gördük

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) İsmayıllı rayon nümayəndəliyi Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli 1454 saylı sərəncamına uyğun olaraq 3 sentyabr 2019-cu  ildən fəaliyyətə başlamışdır.

Fəaliyyətə başladığımız ilk günlərdən Gənclərin İnkişaf və Karyera Mərkəzi, İsmayıllı gənclərinin sosial həyatında xüsusi yer tutmuşdur. Biz, bizə verilən etimadı doğruldaraq rayon gənclərinə intellektual inkişaf, Ulu öndər irsinin təbliği, vətənpərvərlik, xeyirxahlıq, ətraf mühitin qorunması və könüllülük istiqamətlərində töhfə vermişik.

Həyata keçirdiyimiz tədbir və layihələr, eləcə də sosial aksiyalar nəticəsində 500-dən çox rayon gəncini əhatə etməyi bacarmışıq. Çalışmışıq ki, fəaliyyətlərimizə təkcə rayonun mərkəzində yaşayanları deyil, eləcə də ucqar kəndlərdəki gənclərimizi də cəlb edə bilək.

Keçən bir il ərzində 40 dəfə “Könüllü qonşu”, 13 dəfə “Kitab klubu”, 3 dəfə “Könüllü qonaq”, 4 dəfə “Trashtag”, 3 dəfə “İntellektual yarış”, 4 dəfə “Rəngarəng gəncliyimiz”, 4 dəfə “ZirvədəSən”, 8 dəfə “İdman klubu” və digər fəaliyyətlər icra etmişik.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyi koronavirusla bağlı tədbirlərin icrasında da yaxından iştirak etmişdir. Pandemiya dövründə AKTİ, İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə 70-dən çox tədbirin təşkilində və icrasında üzərinə düşən vəzifənin öhdəsindən uğurla gəlmişdir.

İsmayıllı gəncləri olaraq vətənpərvərlik mövzusu fəaliyyətimizin əsas istiqamətlərindən biri olmuşdur. Mütəmadi olaraq mərkəzin könüllüləri ilə birgə müxtəlif fəaliyyətlər keçirmişik eyni zamanda şəhidlərimizin qəbirlərini ziyarət edərək lazımı təmizlik işləri aparmışıq.

Növbəti il üçün də GİKM-in İsmayıllı nümayəndəliyi rayon gənclərinin inkişafına, karyera qurmağına xidmət edəcək layihələr həyata keçirməyi qarşımıza məqsəd qoymuşuq.

Səadət Rəhimova,

GİKM-in İsmayıllı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi

Şərh Yaz