Layiqli vətəndaş, əsl ziyalı

44 günlük vətən müharibəsi günlərində xalqımıza məxsus milli-mənəvi dəyərlərimiz bir daha sınaqdan çıxdı və öz layiqli təsdiqini tapdı. Bəli, məlum oldu ki, xalqımızın müdrik səbri var, ancaq min illərlə yaratdığı, xalqı xalq edən incilərimizə toxunanda səbrimiz daşır, özümüzə məxsus olanı canımız-qanımız bahasına qorumağa çalışır, kim olur olsun “gözünün içinə baxmaz” (R.T.Ərdoğan) insanlıq qaydalarına uyğun olaraq mədəni şəkildə hər kəsi yerində oturtmağa çalışarıq.

Necə ki, 30 ildən çox müddətdə xarabazara çevrilmiş, naləsi ərşə çatmış soydaşlarımızın fəlakətlərinə səbrlə, ancaq göz yaşımızı gilə-gilə ürəyimizə axıda –axıda dözdük. Səbr kasamız daşanda isə….  bizi saxlamaq mümkün olmadı. Xalqı xalq edən dəyərlərimizi qorumaq üçün elliklə ayağa qalxdıq və bu da dünyanı inandırdı ki,əsrlərlə insanlıq, vətənpərvərlik, qəhrəmanlıq dəyərlərini formalaşdıran xalqı heç kim, heç nə məhv edə bilməz. Çünki insan adını, insani dəyərləri yox etmək bəşəriyyətə qarşı bağışlanmaz cinayətdir. Heç kəsin haqqına girmərik, öz haqqımızı da ürəyimizlə müdafiə edə bilirik.

Nə qədər çətin olsa da, həmişə olduğu kimi 30 ildə də bu həqiqəti qorumaq, böyüyən nəsli yolundan çapdırmamaq üçün cəmiyyətin dözümü, səbri sınağa çəkildi. Bu mənada addım-addım əsl həqiqətlərə inandırmaq düşmənə qalib gəlmək elmini öyrətmək, vətənpərvərlik hisslərinə rəvac vermək üçün bütün varlığı ilə çalışan ziyalılarımızın əziyyətlərini də bir an da olsa, yaddan çıxarmaq olmaz.

Fəxrlə deyə bilərik ki, arxa cəbhənin bu gözəgörünməz qəhrəmanlarının sırasında İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin çağırışaqədərki hazırlıq müəllimi Əsgər Manafovun da adı fəxrlə çəkilir. O, təhsilimizə dəyərli töhfə verən pedaqoqlarımızdandır.

Ə.Manafov 1988-ci ildən İsmayıllı rayon 138 nömrəli texniki-peşə məktəbində pedaqoji fəaliyyətə başlayıb.

1992-1998-ci illərdə şəhər 3 və 4 nömrəli tam orta məktəblərində Gənclərin çağırışaqədərki hazırlıq fənn müəllimi işləyib.

1998-ci ildən hal-hazıradək Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində çağırışaqədərki hazırlıq fənn müəllimi kimi öz fəaliyyətini davam etdirir.

1998-ci ildə qabaqcıl iş təcrübəsinin öyrənilib yayılması RTŞ-da rəsmiləşdirilmişdir. Ali kateqoriyalı müəllimdir.

Ə.Manafov 2004-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilmiş “İlin ən yaxşı müəllimi” müsabiqəsində III dərəcəli diploma layiq görülmüş, müxtəlif illərdə bir çox Fəxri fərmanlar, diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Onun hazırladığı “Cəsurlar” komandasının üzvü 2008-ci ildə fərqləndiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir.

Əsgər müəllimin “Vətənin müdafiəsinə hazıram”  komandası Respublika çempionatının yekun mərhələsində 2008-ci ildə birinci, 2009-cu ildə ikinci yeri tutmuşdur.

2009-cu ildə “Şahin” hərbi-idman komandası final yarışında qalib gələrək  ölkə çempionu olmuşdur.

2011-ci ildə güllə atıcılığı üzrə “Qarabağ uğrunda qələbəyə doğru” devizi altında keçirilən yarışlarda komandası final yarışında birinci yer tutmuşdur.

İllər ötdükcə, yarışların sayı çoxaldıqca Əsgər müəllimin nailiyyətləri daha da çoxalırdı.

2012-ci ildə yaz çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram”  şüarı altında keçirilən yarışda komandası Respublika çempionatında  birinci yeri tutmuşdur.

Əsgər müəllimin “Gənc xilasedici və yanğınsöndürən” komandasının nailiyyətləri də sevindirici olmuşdur. Belə ki, komanda 2012-ci ildə Respublika final yarışında III yer, 2013 və 2014-cü illərdə II yer, 2015 və 2016-cı illərdə III yer, 2017-ci ildə isə IV yer tutmuşdur.

Eyni zamanda 2015-ci ildə “Şahin” hərbi-idman yarışının Respublika final mərhələsində komandası III yerə, kənd rayonları arasında I yerə layiq görülmüşdür.

Ə.Manafovun dərs dediyi şagirdlərdən 82 nəfəri Ali hərbi və güc strukturları məktəblərini bitirərək zabit kimi Vətənə xidmət edirlər. Bu yaxınlarda Vətən müharibəsində şəhid və ya qazi olan bir neçə qəhrəman məhz onun yarışlarında püxtələşərək vətənin müdafiəsinə yollanmışdılar.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Regionlarda yeniyetmə və gənclərin milli-mənəvi və vətənpərvərlik ruhunda maarifləndirilmsi, sağlam həyat tərzinin təbliği və nəticələrin ictimai müzakirəsinin təşəbbüsü” , “Regionlarda gənclərin (İsmayıllı və Şamaxı rayonları) hərbi vətənpərvərlik tərbiyyəsinin artırılmasına və ictimai müzakirəsinə dəstək” layihələrinin, Azərbaycan Respublikası yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmiş “İsmayıllıda gənclərin ekoloji maarifləndirilməsi üçün potensialın güncləndirilməsi “,  “Region gənclərinin hərbi-vətənpərvərlik  tərbiyəsinin artırılmasına dəstək “ layihələrinin təlimçisi olmuşdur, fəal iştirakına görə “sertifikat”larla təltif olunub.

Ə.Manafov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin  “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsində fəal iştirakına görə Qızıl Aypara Cəmiyyətinin Prezidenti tərəfindən “Təşəkkürnamə” almışdır.

Əsgər müəllim Fövqəladə Hallar Nazirliyinin yaranmasinin 10-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallarda qorunması və fövqəladə halların nəticələrinin ardan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirakına görə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin  10 illiyi” yubiley medalı ilə təltif olunub.

O, 2017-2018-ci tədris ilində Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron təhsil”  müsabiqəsində  “Təhsildə ən yaxşı internet resursları” nominasiyasında fərqləndiyinə görə “Diplom”la təltif olunub.

Əsgər müəllimə “öyrədən” statusu verilmişdir.

O, “Gənc döyüşçülərin məharətləndirmə hazırlığı”, “Öyrəndik ki, öyrədək”, “Vətən çağırır”, “İqtisadi biliklər zamanın tələbidir”  adlı 4 kitabın müəllifidir.

Manafov Əsgər Əmirxan oğluna Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 04.07.2016-cı il tarixli 450 №li  əmrlə “Gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə test nümunələri” adlı metodik vəsaitə müəlliflik hüququ verilmişdir.

O, dəfələrlə Respublika müəllimlər qurultayının nümayəndəsi olmuşdur.

Çağırışaqədərki hazırlıq fənni üzrə dayaq məntəqəsinin rəhbəri olan Əsgər müəllim Azərbaycan Respublikası silahlı qüvvələrinin ehtiyatda olan zabitlərinin Şirvan regionu üzrə sədr müavinidir.

Dövlət zəhmətkeş pedaqoqun işini layiqincə qiymətləndirmişdir.

“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş, 2013-cü ildə isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.  2012-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” adına layiq görülmüşdür.

Əsgər müəllim bu gün də böyük vətənpərvərlik hissi ilə çalışır. Onun Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant Müsabiqəsində qalib gəlmiş, “Məktəbdə teatr yolu ilə vətənpərvərliyin təbliği: səhnə qəhrəmanlarındır” layihəsi müasir dövrümüz üçün çox aktual olan gənclərimizin milli-mənəvi dəyərlərimizə hörmət və məhəbbət ruhunda tərbiyələndirmək, dramaturgiya yolu ilə onların vətənpərvərlik hissinin artırılması üçün dəyərli töhfədir.

Layihəni dəyərləndirən xüsusiyyətlər çoxdur. Burada çox düzgün qeyd edilən vacib məsələlərdən biri qlobal dünyada vətəndaşlığın, dünya vətəndaşlığı kimi başa düşülməsidir. Və vətənpərvərlik hissi beynəlxalqlaşan dünyanın əsas götürmədiyi bir anlayışdır. Ancaq bizim üçün bu belə deyil. Azərbaycan xalqı dünyaya öz dəyərli milli maraqları ilə baxır. Bu da onun dünya ölkələri  “mozaikasi”nda parlaq naxışını qoruyaraq yaşamaq, yaxşı mənada fərqlənmək, bəşəriyyətə özünəməxsus töhfəsini vermək deməkdir. Layihənin qarşısında duran əsas məqsəd də bu işə bacardıqca kömək etmək, bəzən məktəblərdə vətənpərvərlik hissinin yetərincə olmaması, bu mənada yetişən nəslin lazımı diqqət və həssaslığı göstərmədikləri yerdə onlara kömək etmək, qarşıda duran problemləri səbrlə, təmkinlə aradan qaldırmaq, bu işə daha dərindən sövq etməkdir. Bu sahədə əlavə problemlərin yaranması da istisna edilmir . Nə üçün həyəcan təbili çalınmalıdır? Şagirdlər gələcəklə bağlı oxuma, öyrənmə, kamala çatma, özlərini inkişaf etdirmə əzmkarlığı göstərmir.

-Şagird “Vətəni sevmə” anlayışının əməldə necə olduğunu başa düşmür.

-Bir qism şagird milli atributlarımızı dərindən bilmir, onların müqəddəsliyinə əhəmiyyət vermir.

-Vətən üçün şücaət göstərənləri ya tanımır, ya da onları qiymətləndirmir.

-Vətən anlayışının əsl məğzini anlamır və s.

Nəticədə çox düzgün qeyd olunan  bir fikir yaranır ki, ancaq öz mənafelərini düşünən intellektlər, bilik və bacarıqlarını vətən üçün deyil, çox məvacib verənlər ölkə mənafeyinin əleyhinə bir situasiya olurlar.

Buradan da layihənin məqsəd və vəzifələri aydınlaşır.

Qarşıda duran əsas məqsəd ümumtəhsil məktəblərində təhsil alanların vətənpərvərlik hissini gücləndirmək üçün teatrdan istifadənin təşkil edilməsi və dramaturgiya yolu ilə şagirdlərə vətənpərvərlik hissinin artırılmasıdır.

Əsas məqsədə çatmaq üçün layihənin öhdəsinə götürdüyü əsas vəzifələr müvəffəqiyyətlə yerinə yetirilmişdir.

Belə ki, layihənin icrasına 15 sentyabr 2020-ci ildə başlanmış və birinci təlimə şəhər məktəblərindən bir nəfər olmaqla 7 nəfər müəllim qatılmış, layihə komandası qurulmuş və komanda daxilində iş bölgüsü aparılmışdır. Təlimdən keçən müəllimlər isə məktəblərində maksimum 20 nəfərlik şagird komandalarından ibarət dram klubları qurublar. Hər məktəb öz klubunda vətənpərvərlik məzmunlu kiçik səhnəcik hazırlayıb. Bu da vətənpərvərliyin  və mənəvi-estetik bacarıqların inkişafına töhfə olmuşdur.

Bundan sonra mütəxəssis  (Qoşqar Məhərrəmov) şagirdlərlə işləyərək, vətənpərvərlik mövzusunda tamaşa hazırlamış, pandemiya qaydalarına uyğun məsafədən keçirilmişdir.

Tamaşanın əsas mahiyyəti vətənpərvərlik olduğuna görə onun gələcəkdə rayonun bütün məktəblərində də göstəriləcək və bu cür tamaşaların davamlı olacağı gözlənilməkdədir.

İndi də gənclik enerjisi ilə çalışan Əsgər müəllimə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması yolunda daha böyük nailiyyətlər arzulayırıq.

Rəna Mirzəliyeva,

İsmayıllı RTŞ-nın metodisti  

Şərh Yaz