Çin olan arzular

Qənbərli Taleh Abil oğlu1994-cü ilin oktyabr ayının 17-də Quşencə kəndində anadan olub. Kənd orta məktəbinə 2001-ci ildə ayaq açan balaca qəhrəmanımız 2011-ci ildə sayılıb-seçilən gənclərdən biri kimi orta təhsilini başa vurub. 2013-2014-cü illərdə Milli Ordumuzun sıralarında xidmət edib…

Taleh hərbi xidmətini mətin əsgər kimi başa çatdırdıqdan sonra doğma kəndə qayıdır. Ev-eşik, təsərrüfat işlərində valideynlərinin yardımçısı olur.

Torpağımızın erməni tapdağında qalmasını canına dolan ağrı hesab edən gənc hər gün xəyallarında bu ağrıdan qurtarmağın, torpaqlarımızın azadlığı barəsində planlar qurur, bunun silaha sarılmadan mümkünsüzlüyünə qərar verirdi. Arzusuna isə müharibə olmadan çata bilməyəcəyini düşünürdü.

Ailə qurmamışdı, hələ subay idi…

27 sentyabrda başlanan Vətən müharibəsinə qatılmaq üçün gecə ikən Bakı şəhərindən İsmayıllıya qayıdır.  Səhər tezdən, 28 sentyabrda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinə gəlir, ilk könüllülər sırasında cəbhəyə göndərilir…

Kifayət qədər hərbi təcrübəsi olan Taleh Cəbrayıl rayonu uğrunda gedən ölüm-dirim savaşına qatılır.

Cəbrayıl rayonunun daşı-daş üstündə qalmayan kəndlərini işğaldan azad edildiyindən sonra Füzulinin erməni faşistlərindən geri alınması üçün gedən döyüşlərdə mərdlik, şücaət nümayiş etdirməklə vuruşur.

Telehin ən böyük arzularından biri Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın yağılardan təmizlənməsi idi. Bu ali məqsəd, böyük arzunun çin olması üçün Şuşa uğrunda gedən döyüşlərdən birində, noyabr ayının 5-də aldığı ağır qəlpə yarasından həlak oldu, şəhidlik zirvəsinə yüksəldi

Vətən torpaqlarının azadlığı arzusu ilə yaşayan T.Qənbərov qəhrəmanlıqla vuruşaraq Azərbaycan xalqına Qələbə sevinci yaşadan ölməzlərin sırasında durdu. Onun müqəddəs arzusunu döyüş yoldaşları həyat həqiqətinə, tarixi Qələbəyə çevirdi…

Taleh Quşencə kəndində kiçik bir evdə dünyaya göz açmışdı, qəhrəmancasına şəhidliyi ilə Azərbaycan xalqının unudulmaz övladına çevrildi. Məktəbimizin sevimli məzunu olan bu qəhrəmanla indi hamı qürur duyur, onunla fəxr edir. Dünyasını dəyişənlər zaman-zaman unudulurlar, şəhidlər isə nəsillər dəyişdikcə xatırlanır və ehtiramla yad olunurlar.

Allah şəhidlərimizə rəhmət eləsin.

Ağagül Səfərov,

Quşencə kənd tam orta məktəbinin direktor əvəzi

Şərh Yaz